Əziz Əliyev: I Beynəlxalq Tibbi Forum həkimlərin qarşılıqlı təcrübə mübadiləsi aparmaları üçün əlverişli şərait yaratdı
MÜSAHİBƏLƏR

Əziz Əliyev: I Beynəlxalq Tibbi Forum həkimlərin qarşılıqlı təcrübə mübadiləsi aparmaları üçün əlverişli şərait yaratdı

Milli Onkoloji Mərkəzin komandası ilə birlikdə Naxçıvana üçüncü dəfədir gəlirik. Budəfəki səfərimizin məqsədi Naxçıvan Muxtar Respublikasında ilk dəfə keçirilən I Beynəlxalq Tibbi Forumda iştirak etməkdir. Hazırda Milli Onkoloji Mərkəzin 50-yə yaxın həkim briqadası forumda iştirak etmək üçün Naxçıvandadır.

Bu sözləri AZƏRTAC-ın Naxçıvan bürosuna müsahibəsində İ.M.Seçenov adına I Moskva Dövlət Tibb Universitetinin Bakı filialının rektoru, tibb elmləri doktoru, cərrah-onkoloq, professor Əziz Əliyev deyib. Professor bildirib ki, forumun keçirilməsi çox önəmli məqsəd daşıyır. Burada həkimlərin qarşılıqlı təcrübə mübadiləsi aparmaları üçün əlverişli imkan yaradıldı. Forum protokolların müzakirəsi və ən əsası müxtəlif xəstəliklərdən əziyyət çəkən insanların müalicəsi, müayinəsi və cərrahi əməliyyatlarının aparılması üçün də şərait yaradır. Bu gün biz yerli həkimlərlə birlikdə xəstələrin baş-boyun nahiyələrində 3 uğurlu onkoloji əməliyyat apardıq. Həmçinin 10-dan çox xəstənin müayinə və müalicələrini həyata keçirdik.

Tibb elmləri doktoru deyib: "Onu da xüsusilə qeyd etmək istərdim ki, xəstəxana ən yüksək səviyyədə qurulduğu və müasir avadanlıqlarla təchiz olunduğu üçün çox rahat şəkildə əməliyyatlarımızı aparırıq. İstərdik ki, bu tədbirlər davamlı olsun, biz də Milli Onkoloji Mərkəz olaraq belə tədbirlərdə iştirak edək".

Əziz Əliyev qeyd edib ki, Milli Onkologiya Mərkəzi bu gün respublika əhalisinə göstərilən ixtisaslaşmış onkoloji yardım üzrə aparılan elmi-metodik və profilaktik işlərin koordinasiyası ilə məşğul olan əsas mərkəz funksiyasını daşıyır. Mərkəzin əməkdaşları tərəfindən hər il onkoloji xidmətin təkmilləşdirilməsinə dair səyyar sessiyalar keçirilir. Respublikanın kliniki və eksperimental onkologiya, şüa diaqnostikası və şüa terapiyası ixtisasları üzrə aparıcı mütəxəssislərinin böyük əksəriyyəti bu mərkəzdə cəmləşib.

Səhiyyə sistemində islahatların ölkəmizin stabil və sosial infrastrukturunun inkişafının qlobal strateji proqramının tərkib hissəsi olduğunu da diqqətə çatdıran rektor vurğulayıb ki, bu istiqamətdə tədbirlərin icrası ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə başlayıb, onun təşəbbüsü ilə Azərbaycanın bütün bölgələrində tibb müəssisələri, xəstəxanalar tikilib istifadəyə verilib. Ulu Öndər milli tibbi kadrların hazırlanmasına da böyük önəm verirdi. Onun təşəbbüsü ilə həkimlərin Avropada, Amerikada, Rusiyada, Türkiyədə hazırlanması üzrə dövlət proqramı işlənib hazırlanıb. Bu siyasəti Prezident İlham Əliyev də uğurla davam etdirir. Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu müasir əsaslarla təmir olunub. Milli Onkologiya Mərkəzi və Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi yenidən qurulub, yeni korpuslar tikilib və ən müasir avadanlıqlarla təchiz edilib. Azərbaycanda tibbi təhsilin təkmilləşdirilməsi üçün dünyanın nüfuzlu təhsil mərkəzləri ilə əlaqələrin genişləndirilməsi məqsədilə 2015-ci ildə Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialı yaradılıb. Universitetdə professor və müəllimlər tərəfindən tədris iki istiqamətdə - Müalicə işi ixtisası və Əczaçılıq sənayesi üzrə aparılır. Bu forum bizim həkimlərimiz üçün də mühüm rol oynayır. Onlara müasir müalicə protokolları ilə tanış olmağa və həmkarları ilə təcrübə mübadiləsi aparmağa imkan verir.

Birinci Beynəlxalq Tibbi Forum çərçivəsində Naxçıvan Dövlət Universiteti ilə İ.M.Seçenov adına I Moskva Dövlət Tibb Universitetinin Bakı filialı arasında birgə əməkdaşlığa dair protokol imzalandığını da qeyd edən rektor Əziz Əliyev bildirib ki, bu, ali təhsil müəssisələri arasında əlaqələrin inkişafına hərtərəfli şərait yaradır. Belə ki, protokolda birgə layihələrin həyata keçirilməsinə dəstək, məlumatın təqdim edilməsi və mübadiləsi, elmi-təcrübi konfransların, forumların, seminarların təşkili və birgə iştirak, ictimai təşkilatlarla və ekspert cəmiyyəti ilə qarşılıqlı əlaqə, təcrübəyə və ya təcrübəyə göndərilmə və qəbul, digər əməkdaşlıq növləri üzrə məsələlər öz əksini tapıb.

"Naxçıvanla bağlı təəssüratlarıma gəldikdə, onu deyə bilərəm ki, hər dəfə Naxçıvana gəldikdə burada böyük inkişafın şahidi olur və bu inkişafa qəlbən sevinirik. Xüsusilə tibb sahəsində gedən müsbət irəliləyişlər göz qabağındadır. Bu da onu deməyə əsas verir ki, Naxçıvanda insan amili daim ön plandadır", - deyə Əziz Əliyev bildirib.

AZƏRTAC