Digər xəbərlər

"Əziz Şuşa, sən azadsan!" inşa müsabiqəsinin qalibləri mükafatlandırılıb

Noyabrın 22-də Elm və Təhsil Nazirliyinin şagirdlər arasında təşkil etdiyi "Əziz Şuşa, sən azadsan!" inşa müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən Baş nazirin müavini Əli Əhmədov 44 günlük Vətən müharibəsində qazanılan qələbənin dövlətimizin qüdrətinin ifadəsi olduğunu vurğulayıb. Baş nazirin müavini qeyd edib ki, Prezident İlham Əliyevin "Əziz Şuşa, sən azadsan!" ifadəsi bugünkü və gələcək nəsillərə bir çağırışdır.

Müsabiqədə qalib gələn şagirdləri, onların valideyn və müəllimlərini təbrik edən Əli Əhmədov belə tədbirlərin şagirdlərin vətənpərvərlik ruhunda yetişməsində əhəmiyyətli rol oynadığını vurğulayıb.

Daha sonra çıxış edən elm və təhsil naziri Emin Əmrullayev bildirib ki, "Əziz Şuşa, sən azadsan!" inşa müsabiqəsi 44 günlük Vətən müharibəsində qazanılan zəfər barədə şagirdlərin öz düşüncələrini qələmə alması, həmçinin onların Azərbaycan dilində yazı bacarıqlarının inkişaf etdirilməsi məqsədi daşıyır.

İşğaldan azad edilmiş ərazilərdə təhsil sahəsində görülən işlərdən danışan Emin Əmrullayev hazırda burada bərpa-quruculuq işlərinin davam etdirildiyini və müasir standartlara uyğun məktəblər tikildiyini qeyd edib. Çıxışının sonunda Emin Əmrullayev müsabiqə qaliblərini təbrik edərək onlara uğurlar arzulayıb.

Tədbirdə Şuşa şəhəri 1 nömrəli tam orta məktəbin IX sinif şagirdi Röya Səfərzadə təəssüratlarını bölüşüb.

Sonda "Əziz Şuşa, sən azadsan!" inşa müsabiqəsinin qaliblərinə mükafatlar təqdim olunub.

Qeyd edək ki, müsabiqənin nəticələrinə əsasən 5 nəfər I, 10 nəfər II, 15 nəfər isə III yerə layiq görülməklə ümumilikdə 30 şagird qalib elan edilib.

AZƏRTAC