Fahrettin Altun: İkinci Qarabağ müharibəsində Azərbaycanın haqq səsini media vasitəsilə dünyaya çatdırmağa çalışdıq
MÜSAHİBƏLƏR

Fahrettin Altun: İkinci Qarabağ müharibəsində Azərbaycanın haqq səsini media vasitəsilə dünyaya çatdırmağa çalışdıq

Hazırda yaşadığımız bu dövr bir sıra amillərə görə xüsusi əhəmiyyətə malikdir. Bir il əvvəl Azərbaycan torpaqları hələ işğaldan tam azad edilməmişdi, ermənilər qadağan olunmuş silahlarla Azərbaycanın dinc əhalisini hədəfə alırdı. Tarixin bu dönüş nöqtəsində Azərbaycanın yanında olduq. Digər tərəfdən də Azərbaycanın haqlı davasını, haqq səsini media vasitəsilə dünyaya çatdırmağa çalışdıq.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fahrettin Altun Türk Şurasının mediaforumunda çıxışı zamanı ifadə edib.

İkinci Qarabağ müharibəsi zamanı sosial mediada da böyük mübarizənin aparıldığını xatırladan F.Altun deyib: "Müharibə dövrü ərzində biz də qardaşım, Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ilə informasiya cəbhəsində birgə mübarizə apardıq. Nəticədə şanlı Zəfərin əldə olunmasına töhfə vermiş olduq və şükürlər olsun ki, qalib gəldik. Allahdan şəhidlərimizə rəhmət diləyir, bir daha "Qarabağ Azərbaycandır" deyirəm".

Türk Şurasının ilk toplantısının on il əvvəl keçirildiyini qeyd edin F.Altun bildirib ki, bu gün Türkiyənin qardaşlıq bağlarının daha da gücləndirilməsi baxımından belə bir vacib tədbirə ev sahibliyi etdiyi üçün özünü xoşbəxt sayır.

AZƏRTAC