Faiq Ağayev
Sosial həyat

Faiq Ağayev

Azərbaycan xalqı təbiəti, xarakteri etibarilə həmişə mülayim və sülhsevər olmuşdur. Xalqımız yalnız öz doğma yurdunu, doğma torpağını qorumuş, lazım gələndə canını belə bu yolda qurban verməkdən çəkinməmişdir. Əsr-əsr, qərinə-qərinə igid ərənlər, kişi qeyrətli qadınlar meydana çıxmış, Azərbaycana solmaz şöhrətlər qazandırmış, onu qəhrəmanlar diyarı kimi tanıtmışdır. 44 günlük müharibə bir daha göstərdi ki, Azərbaycanda vətən hamı üçün müqəddəsdir və bu müqəddəsliyin uğrunda canından keçməyə hazır olan oğul və qızlarımız çoxdur. Birinci Qarabağ savaşı da yüzlərlə milli qəhrəman yetirmişdir ki, bunlardan biri də Faiq Ağayevdir.

Ağayev Faiq Alış oğlu 6 iyun 1969-cu ildə Ağdam rayonunun Papravənd kəndində doğulub. 1986-cı ildə Papravənd kənd orta məktəbini bitirmiş, keçmiş Sovet ordusu sıralarında xidmət yolu keçmişdir. 1989-cu ildə ordu sıralarından tərxis olunduqdan sonra, Yevlax şəhərində əmək fəaliyyətinə başlamışdır. Torpaqlarımız erməni qəsbkarları tərəfindən zəbt olunanda Faiq də minlərlə vətən oğlu kimi silaha sarılaraq, Vətənin müdafiəsinə yollanır. O, 1990-cı ilin sentyabr ayında Ağdam Rayon Polis İdarəsinin tərkibində yaranmış polis alayına yazılır. Elə həmin gündən də Faiqin şərəfli ömrünün ən narahat, ən yaddaqalan və ən təşvişli günləri başlayır. Adi günlərdə hər hansı qeyri-adi səciyyəsi ilə seçilməyən Faiq bu mübarizədə dostu da, düşməni də heyrətə salan igidlik və şücaət göstərir.

1991-ci il… Dekabr ayının 23-ü… erməni hərbi birləşmələri səhər saatlarında Xocalının Meşəli kəndinə hücum edirlər. Düşmənin zirehli texnikası, onun arxasınca piyadalar tüstüyə bürünmüş meşədən kəndin üzərinə yeriyirdi. Güllələrdən, mərmilərdən evlər alovlanır, qocalar, qadınlar, uşaqlar həlak olurdular. Od alıb alovlanan evlərdə diri-diri yananlar da az deyildi. Özünü birtəhər bayıra atıb ölümdən can qurtarmağa cəhd edənləri ermənilər xüsusi qəddarlıqla gülləbaran edirdilər. Qüvvələrin qeyri-bərabər olmasına baxmayaraq, kənd sakinləri ermənilərə inadla müqavimət göstərir. Bir neçə saat davam edən atışmadan sonra erməni quldurları kəndə girərək evlərə, tövlələrə, ot tayalarına od vurur, 8-i qadın, 3-ü uşaq olmaqla, 28 nəfəri qətlə yetirir, 14 nəfəri yaralayırlar.

Meşəli kəndi həmin gün Şuşa və Xocalıdan köməyə gələn qüvvələr tərəfindən azad edilsə də, bir ay sonra yenidən erməni hərbi birləşmələri tərəfindən işğal edilir. Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olan Xocalı soyqırımı təkcə xalqımıza yox, bütün bəşəriyyətə qarşı törədilən ən qəddar cinayətlər siyahısında yer alır. Bu faciə həm də əsrlər boyu ermənilərin xalqımıza qarşı törətdikləri soyqırımların daha bir dəhşətli təzahürüdür. Xocalı faciəsi Azərbaycan tarixində, xalqımızın yaddaşında dərin iz qoyub. 30 il ötməsinə baxmayaraq, faciənin ağrı və acısı hələ də qəlbimizdə yaşayır. Bu faciənin unudulmaması və tarixi həqiqətlərin gənc nəsillərə çatdırılması hər kəsin vətəndaşlıq borcudur və hər birimiz üzərimizə düşən bu missiyanı layiqincə yerinə yetirməliyik.

Erməni quldurları günahsız, silahsız insanlara, körpələrə, yaşlılara məhəl qoymadan onları vəhşicəsinə qətlə yetirirdilər. Azərbaycanlı hərbçilər yerli əhalini xilas etməyə çalışırdılar. Uçurulmuş evlərdən birini özünə istehkam seçən Faiq dəqiq atəşlərlə azğınlaşmış erməni quldurlarını məhv edirdi. Faiq düşmənin atəşini özünə cəlb etməklə onlarla qadını, uşağı xilas etdi. Faiq son ana qədər mövqeyini tərk etmədi və son nəfəsinə qədər vuruşdu. Vətənimizin igid oğlu başqalarının həyatını xilas edərək öz həyatını qurban verdi. Faiqin əziz xatirəsi ölümün caynağından xilas etdiyi Meşəli camaatının yaddaşında, həzin xatirələrində, xoşbəxtlik və səadətində əbədi yaşayır.

Faiq Ağdam rayonunun Papravənd kəndində dəfn edilmişdir. Respublikamızın suverenliyi və ərazi bütövlüyünün qorunmasında, dinc əhalinin təhlükəsizliyinin təmin edilməsində göstərdiyi şəxsi igidlik və şücaətə görə Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 1992-ci il tarixli fərmanı ilə Ağayev Faiq Alış oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilmişdir.

Xocalı soyqırımına məruz qalanların qisası döyüş meydanında alındı. Vətən savaşında qəhrəman oğullarımız Xocalı qatillərini, insan cəlladlarını məhv etməklə günahsız soydaşlarımızın qanını yerdə qoymadılar. Prezident İlham Əliyevin dediyi kimi: "Biz onların cavabını döyüş meydanında verdik, bütün şəhidlərimizin qisasını aldıq, onların qanları yerdə qalmadı. Xocalı soyqırımını törədən mənfur düşmən döyüş meydanında məğlub oldu, məhv oldu". Artıq Xocalı soyqırımı qurbanlarının anım günü "Azərbaycan xalqının milli birliyinin, bərabərliyinin və milli təəssübkeşliyinin simvoluna çevrilib".

Möhtəşəm Qələbəmiz xocalılıların ürəyinə saplanan tikanları çıxartdı. Bununla da həmin şəhidlərin yaxınlarının, eləcə də bütün Azərbaycan xalqının ürəyinə su çilədilər. Xocalıda, eləcə də Qarabağ uğrunda həlak olan bütün şəhidlərimizin ruhu əbədi rahatlığa qovuşdu.

M.MİRZƏ,

"Respublika".