FARS-MOLLA REJİMİ CƏNUBİ AZƏRBAYCANDA REPRESSİYA SİYASƏTİ YÜRÜDÜR
SİYASƏT

FARS-MOLLA REJİMİ CƏNUBİ AZƏRBAYCANDA REPRESSİYA SİYASƏTİ YÜRÜDÜR

Dünyanın ən iyrənc toplumunu dəstəkləməklə, soydaşlarımıza zülm etməklə rəsmi Tehran həm İslam, həm də ümumbəşəri dəyərlərin düşməni kimi davranır

Bu gün Ermənistanla son dərəcə yaxın münasibətlər quran, bir çox hallarda hətta bütün dini, mənəvi və əxlaqi hüdudları aşan, özünü güclü siyasət yeridən və qüdrətli dövlət hesab edən İranın hazırkı fars rejimi aşkar şəkildə Azərbaycanı hədələməkdən çəkinmir. Əvvəllər İran tərəfindən mollalar ölkəmizə qarşı təhqirlər və təhdidlər səsləndirirdisə, indi bunu Tehran rəsmilərindən eşidirik. Əslində, bütün bunlar gözlənilən idi. Çünki ölkəmizə qarşı İran-Ermənistan münasibətlərinin indiki kimi qabarıq və iyrənc şəkil almasının bir sıra səbəbləri var.

Əvvəla, fars rejimi torpaqlarımızın 30 illik işğalı müddətində bu ərazilərdən öz merkantil maraqları, mənfəəti naminə istifadə edib. Bəzi məlumatlara əsasən, həm separatist rejimlə əl-ələ verərək İran "qəhrəmanları" burada narkotik becərib, terrorçu yetişdirib, bunun qarşılığında isə Azərbaycan xalqına qarşı soyqırımı törədən erməni terrorçularını maliyyələşdirib, silahlandırıb ki, vaxtı, zamanı yetişəndə onlar Azərbaycan Ordusuna qarşı dura bilsinlər. Ancaq bütün bunlar əbəs idi. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin siyasi iradəsi, qətiyyəti və müdrik rəhbərliyi sayəsində Azərbaycan 44 gün ərzində erməni faşizminə qalib gələrək, öz ərazi bütövlüyünü bərpa edib onların xəstə təfəkkürünün boş xəyallarını məhv etdi.

Bununla bərabər, İran Azərbaycanın 44 günlük Vətən müharibəsindəki tarixi Zəfərini həzm edə bilmir. Çünki bu Qələbəni əldə etməklə Azərbaycan dövləti regionun geosiyasi vəziyyətini dəyişdi. İranın bölgədəki kiçik də olsa nüfuzu artıq qalmadı. İndi fars rejiminin bölgədəki hadisələrə təsiri mümkünsüzdür. Rəsmi Tehran da baş verən hadisələrdən kənarda qalmamaq üçün erməni millətçilərinə, onların Ermənistan adlanan qondarma dövlətinə özünü "yaxın dost" kimi göstərir. Amma İranın başbilənləri anlamır ki, bu gün Azərbaycan-Ermənistan münasibətlərində diktə edən tərəf Azərbaycandır. Bunu Azərbaycan Prezidenti cənab İlham Əliyev öz çıxışlarında dəfələrlə vurğulayıb.

Tamamilə aydındır ki, erməni millətçiləri və şovinistləri ilə İranın yaxınlaşması fars rejiminin xeyirxahlığı, yaxud səxavətindən, hətta İranın milli maraqlarından belə irəli gəlmir. Məsələ burasındadır ki, Cənubi Qafqazda Azərbaycanın yaratdığı yeni reallıqlar fonunda İran iqtisadi zərərlə üzləşmək qorxusuna düşüb. Onsuz da iqtisadi baxımdan geri qalan dünyanın əksər ölkələri ilə, yumşaq ifadə etsək, qeyri-normal münasibətlərdə olan, habelə bu səbəbə görə kifayət qədər ağır iqtisadi sanksiyalarla üzləşən rəsmi Tehran Cənubi Qafqaz regionundan, daha dəqiq desək, işğal altındakı ərazilərdə əkib-becərdikləri narkotik tərkibli bitkilərdən əldə etdiyi gəlirdən məhrum olub. Bu isə fars mollalarının acığına gəlib. Onlar da regiondakı iqtisadi layihələrə qoşulmaq əvəzinə erməni terrorçuları ilə bədnam qardaşlıq münasibətlərini üstün tutublar. İran bununla yenidən müharibənin başlamasına və Ermənistanın qələbəsinə nail olacağına ümid bəsləyir. Nə dərəcədə anormal görünsə də, istər daxili, istərsə də xarici problemlər girdabında batan fars rejimi məhz belə düşüncə və yanaşma tərzini sərgiləyir. Ancaq reallıq fərqlidir. 44 günlük Vətən müharibəsi ərzində darmadağın olan erməni faşistlərini yenidən müharibəyə sürükləmək, bir tərəfdən, onları və elə özlərini də  intihara göndərmək, digər tərəfdən isə fars-molla rejiminin sadə, zavallı erməni xalqının əhvali-ruhiyyəsindən xəbərsiz olması deməkdir. Sadə ermənilər Azərbaycanla düşmən münasibətdə olmaq istəmir, hazırkı İran rejimi bunu bilmirsə, o zaman siyasətin özünün nə olduğundan bixəbərdir. Yox bilirsə, deməli, hazırda onların bir dərdi var - qalib, mütərəqqi və inamla inkişaf edən Azərbaycan.

Məsələyə digər tərəfdən baxaq. İran azərbaycanlıların qanını tökən ermənilərə "qardaşlıq" edir və İsraili Azərbaycana silah satmaqda günahlandırır. Başqa sözlə, İslam dini altında pərdələnən rəsmi Tehran erməni terrorçularını dəstəkləyir. Və təkcə dəstəkləmir. Bu gün Cənubi Azərbaycanda baş verən hadisələr etnik azərbaycanlılara qarşı açıq-aşkar repressiya siyasətinin aparılması deməkdir. Fars-molla rejiminin tör-töküntüləri Tehranda, Təbrizdə, Xoyda, Ərdəbildə, Şirazda, Zəncanda, Makuda və digər şəhərlərdə azərbaycanlıları həbs edir, işgəncələr verir, Azərbaycan bayrağını yandırır, ayaqlar altına atırlar. Lakin unudurlar ki, həmin müqəddəs bayraqdakı rənglərdən biri olan yaşıl rəng İslam dininin simvoludur və azərbaycanlıların İslam mədəniyyətinin daşıyıcısı olduğunu əks etdirir. Biz isə İran adlanan xalqlar həbsxanasının, zülm zindanının bayrağını yandırmadıq, ayaqlar altına atmadıq. Çünki o bayraqda Allah sözü əks olunub. Fars rejimi bilməmiş deyil ki, Azərbaycanın müqəddəs bayrağı on minlərlə şəhidin qanına boyanıb! Bu bayrağı köksünə basan yüz minlərlə igidimiz farsların qucaqlayıb öpdüyü, sözün həqiqi mənasında kafir ermənilərin düşmən süngülərinə, güllələrinə mərdliklə sinə gəriblər. Müsəlman Şərqini öz nüfuz dairələrində, əzilmiş, alçaldılmış, aşağılanmış şəkildə saxlamaq istəyən, İslam dünyasını mövhumatın, xurafatın əsarətinə salmaqla öz anormal maraqlarını təmin etməyə çalışan imperiyalara qarşı ideoloji savaş açıblar. Müsəlmanların dünyaya daha açıq gözlə - elmin, mədəniyyətin gözü ilə baxmaları üçün nəhəng və heç bir zaman iflasa uğramayacaq məktəbin əsasını qoyublar! Bu gün məhz bu bayrağı yandıran İran mollaları bunun da cavabını mütləq verməli olacaqlar!

Digər tərəfdən, heç kimə sirr deyil ki, ermənilər aldıqları dəstəyə görə fars-molla rejiminə sonsuz minnətdardırlar. Bu isə onu göstərir ki, hazırda İranda hakimiyyətdə olan rejimdə nəinki islami, heç sadə, bəsit, quldarlıq və feodal dövrünə aid edilə bilən insani duyğular, təəssübkeşlik hissi də yoxdur. Bunun ən bariz nümunəsi fars-molla rejiminin Azərbaycan torpaqlarının 20 faizini işğal altında saxlayan, müsəlman azərbaycanlılara qarşı soyqırımı törətmiş Ermənistana nümayişkaranə olan münasibətidir. İslam pərdəsi arxasında özünün şeytani simasını gizlətməyə çalışan fars-molla rejiminin əsl siması məhz ermənilərə münasibətdə özünü büruzə verir. Təsadüfi deyil ki, Ermənistanda keçirilən son prezident seçkilərində iştirak edən bütün namizədlər Azərbaycan ərazilərinin işğalı prosesində onlara dəstək verdikləri üçün fars-molla rejiminə hədsiz minnətdarlıqlarını bildirirdilər. İranla Ermənistan arasındakı sərhəd-keçid məntəqəsinin Qarabağ müharibəsi zamanı ermənilər üçün "həyat yolu" olduğunu deyirdilər. Əslində, elə bu faktın özü İran rejiminin Ermənistanla birlikdə Azərbaycan torpaqlarının işğalı prosesində iştirak etdiyini təsdiqləyir. İranın Ermənistanla bugünkü münasibətləri də sübuta yetirir ki, fars-molla rejimi Azərbaycan torpaqlarının işğalında maraqlı olub. İndi bu simasız, islamın bətnində qara yaraya çevrilən fars-molla hakimiyyətinin Azərbaycana qarşı yaxın qonşuluqdan, ortaq tarixi, mədəni və dini dəyərlərdən çıxış edərək ittihamlar səsləndirməsi sadəcə gülüş doğurur.

Beləliklə, bu gün İranın Ermənistanın yanında olmasının səbəbləri çoxdur. Hər halda, rəsmi Tehranın yersiz addımları, qarayaxmaları öz siyasətləri nəticəsində dalana dirənmiş Ermənistana çıxış yolu göstərməsi kimi görünür. Ancaq bu da bədnam qonşumuzu həmin dalandan çıxarmağa bəs etməyəcək. Çünki İrəvanın çıxış və haqq yolu Azərbaycandan asılıdır.

Emin QASIMOV,

"Respublika".