Faydalı əməkdaşlıq platforması: Orta Dəhliz
İQTİSADİYYAT

Faydalı əməkdaşlıq platforması: Orta Dəhliz

Ölkəmiz mühüm beynəlxalq nəqliyyat qovşağı statusunu daha da möhkəmləndirir

Azərbaycan və Xəzər regionu qitənin nəqliyyat qovşağına çevrilməkdədir. Prezident İlham Əliyevin Azərbaycan və Xəzər regionu üzərindən Asiya və Avropa arasında daha yaxşı tərəfdaşlıq yaratmaq istiqamətindəki yorulmaz fəaliyyəti müsbət nəticələr vermişdir. Azərbaycanın 44 günlük Vətən müharibəsi və işğal altında olan torpaqların azad edilməsi regional nəqliyyat dəhlizləri, o cümlədən Zəngəzur dəhlizi və bununla bağlı bir sıra digər təşəbbüslər üçün yeni imkanlar yaradıb.

Artıq fəaliyyət göstərən nəqliyyat marşrutları Xəzər regionunun bütün ölkələrinin inteqrasiya olunmasına imkan verəcək: "Türk dövlətləri arasında əməkdaşlıq Orta Dəhlizin inkişafına əsas töhfələrdən biri olacaq". Bu barədə Prezident İlham Əliyev ötən il noyabrın 25-də ADA Universitetində keçirilən "Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat" mövzusunda beynəlxalq konfransda bildirib. Ölkə başçısı qeyd edib ki, əgər ölkələrin coğrafi yerləşməsini nəzərdən keçirsək, - Özbəkistan, Türkmənistan, Qazaxıstan, Qırğızıstan və Xəzərin digər sahilində Azərbaycan, Gürcüstan və Türkiyə, - bu, əlavə imkanlar yaradır. Prezident İlham Əliyev Avropa ilə Asiya arasında körpü rolu oynayan Azərbaycanın coğrafi mövqeyinin əməkdaşlığın bütün istiqamətlərdə inkişaf etdirilməsi üçün əlverişli olduğunu və hazırda Azərbaycanın şərq-qərb və şimal-cənub istiqamətlərində nəqliyyat yollarının kəsişmə nöqtəsinə çevrildiyini və eləcə də bu marşrutlar üzrə enerji resurslarının ötürülməsi üçün Orta Dəhlizin müstəsna əhəmiyyətə malik olduğunu vurğulayıb.

Ölkə Prezidenti Azərbaycanda Dəniz Ticarəti Limanının, yeni hava limanlarının tikintisi, Bakı-Tbilisi-Qars dəmir yolunun genişləndirilməsi, Cənub Qaz Dəhlizinin ötürücülük qabiliyyətinin artırılması kimi layihələrin məhz Orta Dəhlizin inkişaf etdirilməsi ilə bağlı olduğunu bildirməklə Azərbaycanın bu istiqamətdə növbəti addımlar atacağını bəyan edib. Həmçinin, Trans-Xəzər nəqliyyatının imkanlarından daha geniş istifadə etməyin mümkünlüyünü qeyd edib. Ölkəmiz Türkmənistandan daxil olan yüklərə vacib tranzit rolu oynayır. Bakı Beynəlxalq Dəniz Ticarət Limanında Türkmənistandan olan yüklər üçün xüsusi yer ayrılıb.

Rusiya-Ukrayna müharibəsi və Qərbin Moskvaya qarşı sanksiyaları Rusiyanın tranzit ölkə kimi, xüsusən də Avropa İttifaqı ilə Çin arasında quru əsaslı ticarət əlaqələrində effektivliyini məhdudlaşdırıb. Bu kontekstdə Orta Dəhliz (Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu) dəmir yolu ticarəti üçün potensial alternativ marşrut kimi Çin, Aİ və daha geniş regionda şirkətlərin və hökumətlərin maraq dairəsindədir. Rusiya ərazisindən keçən Şimal dəhlizinin nisbətən əhəmiyyətli itkilərini kompensasiya etmək üçün potensial marşrut kimi Orta Dəhlizin əhəmiyyəti artıb. Orta Dəhliz məsafə və müddət baxımından böyük alternativ sayılır: "Biz əsasən dəmir yolu infrastrukturuna investisiya yatırdıq və bunu təkcə Azərbaycanda yox, regionda da etdik. İndi isə biz bu dəmir yolunu Bakıdan qərb istiqamətində genişləndirmək üçün əlavə sərmayə yatırırıq. Biz bütün digər layihələri - avtomagistrallar, hava limanları kimi layihələri də həyata keçirmişik". Bu fikirləri Prezident İlham Əliyev Davosda Çinin CGTN telekanalına müsahibəsində bildirib. Açıq dənizə çıxışı olmayan Azərbaycanın beynəlxalq, logistik və nəqliyyat mərkəzinə çevrildiyini qeyd edən dövlət başçısı deyib ki, "Bir kəmər, bir yol" təşəbbüsü müxtəlif marşrutlar, xüsusilə Şimal-Cənub marşrutu üzrə daşımanı fəallaşdırıb. İndi isə Şimal-Qərb marşrutu haqqında danışırıq. Bu, uğurla inkişaf edən qlobal layihədir.

Azərbaycan üzərindən daşınan müxtəlif məhsulların son dövrlərdə artmasının əsas səbəbi Orta Dəhlizdə aktivliyin artması ilə bağlıdır. Xatırladaq ki, Trans-Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizi 2014-cü ilin fevral ayında Azərbaycan, Qazaxıstan və Gürcüstanın müvafiq strukturlarının iştirakı ilə yaradılıb. Sonradan layihəyə Ukrayna, Rumıniya və Polşa da qoşulub: "Etibarlı nəqliyyat marşrutu olaraq ön plana çıxan Orta Dəhliz kontekstində əməkdaşlıq ortaq mənfəətimizə xidmət edir. Dəhlizin mühüm bir hissəsini Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə tamamladıq". Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkmənbaşı şəhərində Azərbaycan və Türkmənistan prezidentləri ilə geniş tərkibdə görüşdəki çıxışında bildirib. Dövlət başçısı deyib ki, Marmarayı, Yavuz Sultan Səlim körpüsünü, İstanbul Hava Limanını, Osman Qazi və 1915 Çanaqqala körpülərini istifadəyə verərək Şərq-Qərb istiqaməti boyunca bütöv nəqliyyat marşrutunu təmin etdik. Bu marşrutu daha əlverişli vəziyyətə gətirmək üçün birlikdə çalışmalı, sərhəd-keçid və gömrük prosedurlarını sürətləndirməliyik. Hər üç ölkənin daşıyıcıları üçün quru yolu ilə keçid rüsumlarının və vizaların ləğv edilməsi, yaxud müəyyən bir səviyyədə saxlanılması, viza rüsumlarına endirimlər edərək viza müddətlərinin uzadılması ticarət dövriyyəmizi artıracaq. Nəqliyyat və gömrük sahəsində imzalanacaq sənədlər bu səylərimiz üçün əsas təşkil edəcək.

Hazırda marşrut Çin-Qazaxıstan sərhədindən başlayır, Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan ərazisindən keçərək Avropaya qədər uzanır. Bütün marşrut boyunca vahid tarif, "bir pəncərə" prinsipi tətbiq olunur. Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində Azərbaycandan keçən nəqliyyat dəhlizlərinin inkişafı ilə bağlı sualı cavablandırarkən qeyd edib ki, ölkəmizdə nəqliyyat sahəsində layihələr uzun illərdir icra olunur. Azərbaycan ərazisində həm Orta Dəhlizlə, həm də Şimal-Cənub dəhlizi ilə bağlı bütün əsas işlər yekunlaşıb. Beləliklə, təkcə Şimal-Cənub nəqliyyat dəhlizi ilə Azərbaycan ərazisindən mərhələli qaydada 15 milyon tondan 30 milyon tona qədər yük daşına bilər. Bu isə çox böyük rəqəmdir. Hazırda Azərbaycanın bütün tranzit imkanları bunun kiçik bir faizini təşkil edir. Ölkəmizin zəruri infrastrukturun təşkilində oynadığı mühüm rol digər potensial marşrut dəhlizlərinin də formalaşdırılmasına təkan verir. Asiya və Avropa arasında körpü rolunu oynayan Azərbaycan bir sıra regional nəqliyyat layihələrinin təşəbbüskarı və icraçısıdır. Ölkəmiz şərq-qərb və şimal-cənub nəqliyyat dəhlizləri layihələrinin fəal iştirakçısı olaraq hazırda digər mühüm layihələr - cənub-qərb və şimal-qərb layihələri üzərində iş aparır. Bununla da, Azərbaycan etibarlı tranzit ölkəsi kimi çoxtərəfli beynəlxalq əməkdaşlığa dəyərli töhfə verir. Azərbaycanı nəinki Cənubi Qafqaz regionunda, ümumilikdə Avratlantika geosiyasi arealında öz sözü və mövqeyi olan dövlətə çevirən İlham Əliyev qlobal layihələri ilə ölkəmizi dünyada cəlbedici investisiya məkanı kimi tanıdır.

Hazırda ölkəmiz mühüm beynəlxalq nəqliyyat qovşağı statusunu daha da möhkəmləndirməkdədir. Mövcud marşrutlarla yanaşı, Azərbaycan belə tranzit dəhlizlərinin yaradılması istiqamətində də intensiv iş aparır. Bu baxımdan, Zəngəzur dəhlizi, eləcə də Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında reallaşdırılan müxtəlif istiqamətli layihələr indi daha çox diqqət cəlb edir. Orta Dəhlizin tərkib hissəsi kimi Zəngəzur dəhlizinin əhəmiyyəti və perspektivləri böyükdür. Ötən il noyabrın 25-də Qazaxıstanın Aktau şəhərində keçirilən Azərbaycan, Qazaxıstan, Türkiyənin xarici işlər və nəqliyyat sahələri üzrə məsul nazirlərinin üçtərəfli görüşündə Orta Dəhliz Marşrutunun inkişafı və istismarına dair "2022-2027-ci illər Yol Xəritəsi" imzalanıb. Trans-Xəzər Beynəlxalq Şərq-Qərb Orta Dəhlizi çərçivəsində nəqliyyat imkanlarını daha da artırmaq potensialına malikdir. Nəqliyyat şəbəkəsinin şaxələndirilmiş zəncirinin yaradılması, logistika imkanlarının genişləndirilməsi Azərbaycana qarşıdakı dövr üçün daha böyük iqtisadi dividendlər vəd edir.

Mustafa KAMAL,

"Respublika".