FƏDAKARLIQ, QƏHRƏMANLIQ NÜMUNƏSİ
Region

FƏDAKARLIQ, QƏHRƏMANLIQ NÜMUNƏSİ

Vətən müharibəsi şəhidi Cəfər Cəfərlinin uyuduğu Yardımlı rayonunun Avun kəndində xatirəsi böyük ehtiramla anılıb. Anım mərasimində Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yardımlı rayon şöbəsinin rəisi və məsul əməkdaşları, şəhidin ailə üzvləri, qazilər, ictimaiyyətin nümayəndələri iştirak edirdi.

Tədbirdə Cəfər Cəfərlinin vətənpərvərliyindən, torpağa, yurda bağlılığından, 44 günlük Vətən müharibəsində döyüş yolundan, şücaətlərindən ətraflı söhbət açılıb. Qeyd olunub ki, Cəfər 1999-cu il dekabr ayının 11-də Yardımlı rayonunun Avun kəndində anadan olub. Doğma kəndində əsas məktəbi və şəhid Vüqar Bəndəliyev adına Urakəran kənd tam orta məktəbini bitirib.

2018-ci ildə həqiqi hərbi xidmətə yollanıb. Əsgərlik borcunu yerinə yetirdikdən sonra Xüsusi Təyinatlı Qüvvələrin tərkibində müddətdən artıq hərbi qulluqçu kimi şərəflə xidmət edib. 2020-ci il sentyabrın 27-də müharibə başlananda silaha sarılıb. Füzuli, Cəbrayıl, Xocavənd, Şuşa istiqamətlərində gedən döyüşlərdə igidlik, fədakarlıq göstərib. Noyabr ayının 3-də Xocavənd rayonunun ərazisində döyüş zamanı qəhrəmancasına şəhid olub. Nəşi bir müddət sonra tapılaraq ailəsinə təhvil verilib. Ad günündən 3 gün sonra dekabrın 14-də dünyaya göz açdığı kənddə torpağa tapşırılıb.

Azərbaycan Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamları ilə Cəfər Babacəfər oğlu Cəfərli ölkəmizin ərazi bütövlüyünün qorunub saxlanmasında, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarında şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə və xüsusi xidmətlərinə görə "Azərbaycan Bayrağı" ordeni, "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Kəlbəcərin azad olunmasına görə", "Şuşanın azad olunmasına görə", "Cəsur döyüşçü" və "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalları ilə təltif olunub.

Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov mərasimdə çıxış edərək Vətən müharibəsində Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun və onun sıralarında Cəfər Cəfərli kimi mərd, mübariz, qəhrəman döyüşçülərimizin fədakarlığı sayəsində ölkəmizin ərazi bütövlüyünün bərpa olunduğunu, xalqımızın 30 illik torpaq həsrətinə son qoyulduğunu bildirib. "Azərbaycan Bayrağı" ordenli şəhidin adının əbədiləşdirilməsi ilə əlaqədar lazımi işlərin görüldüyünü diqqətə çatdırıb.

Mərasimdə şəhidin məzarı üstünə gül dəstələri düzülüb, əziz xatirəsi ehtiramla yad edilib, ruhuna dualar oxunub.

Şəhidin atası Babacəfər Cəfərov ailə üzvləri adından qayğıya görə dövlətimizin başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlığını bildirib.

Əlisəfa HƏSƏNOV,

"Respublika".