Festival  iştirakçısı: İnanıram ki, layihəmiz işğaldan azad olunmuş ərazilərimizdə tətbiq ediləcək
MÜSAHİBƏLƏR

Festival  iştirakçısı: İnanıram ki, layihəmiz işğaldan azad olunmuş ərazilərimizdə tətbiq ediləcək

Çox sevinirəm ki, "TEKNOFEST Azərbaycan" festivalı çərçivəsində təşkil olunan müsabiqələrdə iştirak edirəm. Müsabiqəyə "Ağıllı zibil qutusu" layihəsi ilə qoşulmuşuq.

Bunu "TEKNOFEST Azərbaycan" Aerokosmik və Texnologiya Festivalının iştirakçısı 20 nömrəli məktəb-liseyin şagirdi Nihad Qənbərov AZƏRTAC-a müsahibəsində deyib.

O bildirib ki, layihə "ağıllı" şəhər və kəndlərdə tətbiq oluna bilər: "Bildiyimiz kimi, işğaldan azad olunmuş şəhər və rayonlarımızda quruculuq işləri sürətlə gedir. Layihənin xüsusilə həmin ərazilərdə tətbiqi faydalı olacaq. Zibil qutuları əllə və ya ayaqla açılır. "Ağıllı zibil qutusu" isə sensorla işləyir. Zibil qutusuna toxunmadan 3 santimetrlik məsafədən açmaq mümkündür, açıldıqdan 5 saniyə sonra qutunun qapağı özü bağlanır. Bu, həm də gigiyenikdir. Bu gün festivalın birinci günü olmasına baxmayaraq xeyli ziyarətçi var. Layihə ziyarətçilərin marağına səbəb olub. İnanıram ki, müsabiqədə yaxşı nəticə göstərəcəyik".

Qeyd edək ki, Türkiyə Teknoloji Takımı Vakfı (T3 Vakfı), Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Türkiyə Respublikası Sənaye və Texnologiya Nazirliyinin birgə təşkilatçılığı ilə mayın 26-29-da Bakıda ilk dəfə olaraq "TEKNOFEST Azərbaycan" Aerokosmik və Texnologiya Festivalı keçirilir.

AZƏRTAC