FHN-in helikopterinin pilotu: Qardaş türk xalqına çətin gündə kömək etmək üçün daim hazırıq
Digər xəbərlər

FHN-in helikopterinin pilotu: Qardaş türk xalqına çətin gündə kömək etmək üçün daim hazırıq

Avqustun 2-dən Türkiyənin Muğla vilayətində yanğınların söndürülməsində iştirak edirik. Uçuşlarımız gün ərzində 8 saatdan çox çəkir. Yanğın ərazilərinə orta hesabla 28 dəfə su boşaldırıq. Alovlanan sahələrə ümumilikdə 70 tondan yuxarı su tökülür. Biz 11 gün ərzində ən çox Köyceğiz rayonunda və Seyidkəmərli kəndində çalışmışıq. Bu gün əlavə olaraq Muğlanın Kavaklıdere kəndində yanğınların soyudulması işlərini yerinə yetirmişik.

Bu sözləri Fövqəladə Hallar Nazirliyinin (FHN) Aviasiya dəstəsinin helikopterinin pilotu Elməddin Allahverdiyev AZƏRTAC-ın yanğın bölgəsinə ezam olunan müxbirinə müsahibəsində deyib.

Türkiyədə baş verən meşə yanğınlarının söndürülməsi işlərindən danışan E.Allahverdiyev bildirib: “Biz bu cür yanğınların söndürülməsi ilə bağlı mühüm təlimlərdə iştirak etmişik. Buna görə də bu sahədə kifayət qədər təcrübəmiz var. Azərbaycan-Türkiyə qardaşlığı əbədidir və sarsılmazdır. Qardaş türk xalqına çətin gündə kömək etmək üçün daim hazırıq. Fəxr edirəm ki, qardaş ölkədə xidmət edirəm”.

AZƏRTAC