FHN-in Türkiyədəki yanğın-xilasetmə qüvvələrinin bir hissəsi Vətənə qayıdıb
Digər xəbərlər

FHN-in Türkiyədəki yanğın-xilasetmə qüvvələrinin bir hissəsi Vətənə qayıdıb

Türkiyədə meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Fövqəladə Hallar Nazirliyinin (FHN) qardaş ölkədəki yanğın-xilasetmə qüvvələrinin üzvlərindən ibarət bir qrup avqustun 16-da Vətənə qayıdıb.

AZƏRTAC xəbər verir ki, 165 nəfərdən ibarət yanğın-xilasetmə qrupunun üzvlərini Heydər Əliyev Beynəlxalq Aeroportunda FHN-in nümayəndələri və KİV təmsilçiləri qarşılayıblar.

FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin bölmə rəisi polkovnik-leytenant Məhəmməd Xəlilli jurnalistlərə müsahibəsində birinci qrupun tərkibində Bakıya artıq 165 nəfərin qayıtdığını bildirib: “Biz Türkiyənin Muğla vilayətində yanğınların söndürülməsində iştirak etmişik. On gün ərzində yanğınların söndürülməsində yüksək fədakarlıq göstərərək ölkəmizi layiqincə təmsil etdik. Türkiyədə yanğınların söndürülməsinə Azərbaycandan 93 texnika, 743 şəxsi heyət cəlb olunmuşdu. Yanğınlar çətin relyefli, dağlıq və meşəlik ərazilərdə baş versə də, onun söndürülməsi tapşırığının öhdəsindən gələ bildik. Bu, bizim üçün böyük təcrübə oldu. Qardaş ölkədə yanğınları canımız bahasına da olsa söndürməli idik. Bu, Azərbaycan Prezidentinin tapşırığı idi. Yanğınsöndürmə işlərində türkiyəli mütəxəssislərlə birgə fəaliyyət göstərdik. Çox şükür ki, yanğınların söndürülməsi zamanı əməkdaşlarımızdan xəsarət alan olmadı”.

FHN-in yanğın-xilasetmə qüvvələrinin digər üzvləri də yanğınsöndürmə texnikası ilə birlikdə Azərbaycana yola salınıb.

Xatırladaq ki, qardaş ölkədə baş verən meşə yanğınlarının söndürülməsində FHN-in 743 əməkdaşı iştirak edib. Bundan başqa, 97 texnika, o cümlədən 77 yanğınsöndürmə, 6 nasos avtomobili, 1 yanacaqdoldurma çəni, 4 qərargah avtomaşını, 2 avtobus və 1 pikap, eləcə də köməkçi texniki vasitələr, “BE-200ÇS” tipli amfibiya təyyarəsi və 1 helikopter Türkiyədə meşə yanğınlarının söndürülməsinə cəlb edilmişdi. Azərbaycan yanğınsöndürənləri qardaş ölkədə yanğınların qarşısının alınmasında əsl fədakarlıq göstəriblər.

AZƏRTAC