FHN-in Türkiyədəki yanğın-xilasetmə qüvvələrinin rəhbəri Muğla valisi ilə görüşüb
Digər xəbərlər

FHN-in Türkiyədəki yanğın-xilasetmə qüvvələrinin rəhbəri Muğla valisi ilə görüşüb

Türkiyədə baş vermiş meşə yanğınlarının söndürülməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, qardaş ölkəyə göndərilmiş Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğın-xilasetmə qüvvələri dövlətimizin başçısının tapşırıqlarını yüksək peşəkarlıqla yerinə yetirərək üzərilərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəliblər.

AZƏRTAC-ın Türkiyəyə vilayətinə ezam olunan müxbiri xəbər verir ki, avqustun 14-də FHN-in Türkiyədəki qüvvələrinə rəhbərlik edən fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev ilə Muğla vilayətinin valisi Orxan Tavlı arasında görüş olub.

Türkiyənin daxili işlər nazirinin müavini Mehmet Ersoy, gənclər və idman nazirinin müavini İhsan Selim Baydaşın da iştirak etdikləri görüşdə Muğla valisi yanğınlarla mübarizədə göstərilən köməyə görə Prezident İlham Əliyevə təşəkkürünü bildirib, Azərbaycanın yanğın-xilasetmə qüvvələrinin Türkiyədəki fəaliyyətini yüksək qiymətləndirib.

Nazir müavini Etibar Mirzəyev Azərbaycan Prezidenti İlham Əliyevin tapşırıqlarına uyğun olaraq, FHN-in yanğın-xilasetmə qüvvələrinin Türkiyədə baş vermiş yanğınların söndürülməsində yorulmadan çalışdıqlarını qeyd edərək, bunu ölkələrimiz arasındakı qardaşlıq münasibətlərinin bariz nümunəsi adlandırıb. Görüşdə yanğın-xilasetmə qüvvələrimizin Azərbaycana qayıtması məsələləri də müzakirə olunub.

Sonra Azərbaycan heyətinin geri qayıtması münasibətilə şəxsi heyətlə birgə səhər yeməyi təşkil olunub.

Daha sonra FHN-in Türkiyədəki yanğın-xilasetmə qüvvələrinin üzvlərinə “Muğlaspor” futbol klubunun formaları hədiyyə olunub, birgə xatirə şəkli çəkdirilib.

AZƏRTAC