FİDANLARIN BAYRAM SEVİNCİ...
Region

FİDANLARIN BAYRAM SEVİNCİ...

Azərbaycanda   uşaqlara  qayğı dövlətin həmişə diqqət mərkəzində olmuş, ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründə bu məsələ həmişə önə çəkilmiş, gənc nəslin sağlam böyüməsi, hərtərəfli inkişafı üçün hər bir şərait yaradılmışdır. Mingəçevirdə də uşaqlara diqqət və qayğı sonsuzdur.Yetərincə Uşaq Əyləncə Mərkəzləri, parklar balaca fidanların istifadəsindədir.

Mingəçevir şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Azərbaycan Bayrağı” ordenli şəhid Müşfiq Mirzəyev adına “Dostluq” parkında yaradılmış açıq səhnədə təşkil edilmiş tədbirdə Aprel, Vətən müharibəsi şəhidlərinin, əlillərinin və Uşaq Nevroloji sanatoriyanın uşaqları, məktəblilər və cəmiyyətin həssas, kövrək zümrəsi, zərif bir çiçəyi olan balaca fidanlar iştirak ediblər. Mərkəzi Aran Regional Təhsil Sektorunun Mingəçevir şəhər Uşaq Gənclər və İnkişaf Mərkəzinin vokal, dram, uşaq teatrı, milli rəqs dərnəklərinin uşaqlarının təqdim etdiyi kompozisiyalar, şeirlər, rəqslər, məzhəkəli oyunlar alqışlarla qarşılanıb.

Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov uşaqları təbrik edərək qeyd edib ki, bütün demokratik dövlətlərdə olduğu kimi, Azərbaycanda da uşaq hüquqlarının qorunmasına xüsusi önəm verilir, uşaqlara həmişə diqqət və qayğı ilə yanaşılır.

Tədbirin sonunda, Mingəçevir şəhər İcra Hakimiyyətinin xətti ilə Aprel, Vətən müharibəsi şəhidlərinin, əlillərinin övladlarına, Uşaq Nevroloji sanatoriyasında böyüyən fiziki qüsurlu uşaqlara hədiyyələr verilib.

                                Zabit XƏLİLOV,

                                “Respublika”.