Fikrət Hacıyev
Sosial həyat

Fikrət Hacıyev

İstər Birinci Qarabağ savaşı, istərsə də 44 günlük Vətən müharibəsində xalqımızın igid oğulları faşist xislətli erməni quldurlarına qarşı igidliklə vuruşaraq sinələrini düşmən gülləsinə sipər etdilər. 44 gün ərzində davam edən Vətən müharibəsi bir daha erməni terrorçularının iç üzünü açdı və düşmənin hansı xislətə, hansı düşüncəyə sahib olduğunu göstərdi. Müzəffər Azərbaycan Ordusunun 30 il ərzində düşmən tapdağı altında qalan ərazilərimizdə həyata keçirdiyi uğurlu döyüş əməliyyatları sübut etdi ki, Ermənistan faşist ideologiyasını yaşadan işğalçı dövlətdir.

1990-cı ilin əvvəllərində erməni daşnakları uydurma Dağlıq Qarabağ problemini ortaya ataraq Azərbaycanın müxtəlif ərazilərinə hücuma keçdilər, ermənipərəst Moskva isə buna göz yumdu. Daşnak quldurlar torpaqlarımıza güllə yağışı yağdıranda, günahsız, dinc əhali qətlə yetiriləndə Vətənin neçə-neçə oğulları ölüm-dirim savaşına qoşuldu. Onlardan biri də 1964-cü il mayın 19-da Goranboyun Qızılhacılı kəndində dünyaya göz açan Fikrət Əli oğlu Hacıyev idi.

Fikrət Hacıyev 1978-ci ildə doğma kəndlərində səkkizinci sinfi bitirdikdən sonra Gəncə texniki-peşə məktəbində elektrik ixtisasına yiyələnmişdir. 1982-ci ildə əsgəri xidmətə çağırılmış, hərbi xidmətini Ufa şəhərində keçirmiş, komandanlıq tərəfindən dəfələrlə mükafatlandırılmış, xidmət zamanı hərbi texnikanın sirlərinə mükəmməl yiyələnmişdir. Hərbi hissədən tərxis olunduqdan sonra Fikrət Bakı Kooperativ Texnikumuna daxil olmuş, təhsilini başa vurduqdan sonra doğma kəndlərinə qayıtmış və öz ixtisası üzrə əmək fəaliyyətinə başlamışdır.

1991-ci ildə çoxları kimi Fikrətin də xoş növrağı pozuldu. Ermənilər ərazilərimizi intensiv atəşə tutur, torpaqlarımızı işğal edirdilər. Vətənin taleyi təhlükə altında idi. Ölüm-dirim savaşında Fikrət də könüllü olaraq odlu səngərlərə atıldı.

...4 may 1992-ci il. Talış kəndində yerləşən erməni mövqelərini zərərsizləşdirmək üçün "Yaltaxıl" ərazisinə hücum planı hazırlanmışdı. Bu, erməni silahlı birləşmələri üçün gözlənilməz oldu. Erməni əsgərləri qəhrəman döyüşçülərimiz qarşısında duruş gətirə bilməyərək öz mövqelərini tərk etdi. Mayın 5-də isə qəfil hücuma keçərək ərazini güclü atəşə tutdular. Bu ağır döyüşdə Fikrət bir neçə erməni quldurunu məhv etdi. Özü isə Vətən uğrunda şəhid oldu. O, Qızılhacılı kəndindəki qəbiristanlıqda dəfn olundu.

Azərbaycan Respublikası Preziden

tinin 7 iyun 1992-ci il tarixli 833 saylı Fərmanı ilə Hacıyev Fikrət Əli oğlu ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adına layiq görülmüşdür.

Ballıqaya kənd orta məktəbi qəhrəman döyüşçünün adını daşıyır. Goranboy rayonunda büstü qoyulmuşdur.

Qədir ASLAN,

"Respublika".