Filarmoniyada təşkil olunan konsert və yarmarkadan ibarət xeyriyyə axşamı qonaqlara xoş anlar bəxş edib
Sosial həyat

Filarmoniyada təşkil olunan konsert və yarmarkadan ibarət xeyriyyə axşamı qonaqlara xoş anlar bəxş edib

Dekabrın 15-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Macarıstanın ölkəmizdəki səfirliyi, "Nargis" fondu və jurnalının birgə təşkilatçılığı ilə konsert və yarmarkadan ibarət xeyriyyə axşamı keçirilib. Artıq ənənəyə çevrilmiş xeyriyyə layihəsi iki dost ölkənin zəngin mədəniyyətini bir səhnədə birləşdirib.

AZƏRTAC xəbər verir ki, xeyriyyə konsertində Macarıstan Dövlət Xalq Ansamblı səhnəni Xalq artisti, Beynəlxalq Muğam Mərkəzinin (BMM) direktoru, pianoçu Murad Hüseynovla bölüşüb.

Macarıstanın ölkəmizdəki səfiri Viktor Sederkenyi bildirib ki, səfirlik Yeni il bayramı ərəfəsində müalicəyə ehtiyacı olan uşaqlar üçün növbəti xeyriyyə yarmarkasını təşkil edə bilib. Tədbirin Azərbaycan və Macarıstan arasında diplomatik əlaqələrin 30 illiyinə həsr olunduğunu deyən səfir bu əlaqələrin inkişaf etdirməkdən məmnunluğunu ifadə edib: "Xalqlarımızın musiqisi ortaq köklərə bağlıdır. Macarıstan Dövlət Xalq Ansamblı Macarıstan musiqisinin ən orijinal qoruyucusudur. Ümid edirəm, konsert sonuncu olmayacaq, çünki Beynəlxalq Muğam Mərkəzi ilə anlaşma memorandumu imzalanıb. İnanıram ki, musiqi xalqlarımızı daha da yaxınlaşdıracaq".

"Nargis" fondun nümayəndəsi Nərmin Məmmədova bildirib ki, hər il dekabrda təşkil olunan xeyriyyə konserti bir çox ailələrə sevinc bəxş edib. Belə ki, bilet satışından əldə olunan gəlir Elmi-Tədqiqat Pediatriya İnstitutunun Uşaq Bərpa Müalicə Mərkəzinə yönləndiriləcək. İnanıram ki, bu yolla orada serebral iflic, skolioz və digər xəstəliklərdən əziyyət çəkən uşaqlar şəfa tapacaq: "Fondun əsas məqsədi uşaqlara dəstək olmaqdır. Macarıstan səfirliyinin fondla birgə çalışması bizə stimul verir".

Tədbirdə klassik və macar xalqına məxsus folklor musiqisi, eyni zamanda, müxtəlif rəqs nömrələri təqdim olunub.

Xeyriyyə konserti çərçivəsində filarmoniyanın foyesində təşkil olunan yarmarkada qonaqlar Macarıstanın milli şirniyyatlarından dadmaq imkanı əldə ediblər. Bundan əlavə. "Nargis Art Studio" uşaq rəsm dərnəyinin üzvlərinin çəkdiyi rəsmlər nümayiş olunub.

Müxtəlif beynəlxalq mükafatlar laureatı İstvan Pal Macarıstan Dövlət Xalq Ansamblının bədii rəhbəridir. Dünyaca məşhur İstvan Pal Band Karpat bölgəsinin qədim tarixə malik mədəniyyətini orijinal folklor repertuarında yaşadır. Macarıstan Dövlət Xalq Ansamblı və Pal İstvan Band Avropanın bütün mühüm festivallarında, eyni zamanda, dünyanın müxtəlif yerlərində konsert proqramları ilə çıxış edir.

Qeyd edək ki, xeyriyyə konserti və yarmarkası "MOL Group" şirkətinin dəstəyi ilə keçirilir. "MOL Group" mərkəzi ofisi Macarıstanın paytaxtı Budapeştdə yerləşən, Mərkəzi və Şərqi Avropanın aparıcı inteqrasiya olunmuş neft və qaz korporasiyasıdır.

AZƏRTAC