Filippo Qrandi: Azərbaycanın məcburi köçkünlərin azad edilmiş ərazilərə geri qaytarılması ilə bağlı tədbirləri təqdirəlayiqdir
SİYASƏT

Filippo Qrandi: Azərbaycanın məcburi köçkünlərin azad edilmiş ərazilərə geri qaytarılması ilə bağlı tədbirləri təqdirəlayiqdir

Martın 11-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Türkiyə Respublikasına işgüzar səfəri çərçivəsində BMT-nin Qaçqınlar üzrə Ali Komissarı (BMT QAK) Filippo Qrandi ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildirilib ki, görüşdə Azərbaycan ilə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı arasında əməkdaşlığın perspektivlərinə və gündəlikdə duran humanitar məsələlərə dair fikir mübadiləsi aparılıb. Həmçinin 2020-ci il 10 noyabr Bəyanatına uyğun olaraq, məcburi köçkünlərin öz evlərinə qayıdışı məsələsi də müzakirə edilib.

Görüş zamanı nazir Ceyhun Bayramov Azərbaycanın BMT QAK ilə əməkdaşlığa önəm verdiyini vurğulayaraq, azad edilmiş ərazilərdə həyata keçirilən bərpa və quruculuq işləri, həmçinin məcburi köçkünlərin bu ərazilərə geri qaytarılması tədbirləri barədə qarşı tərəfə ətraflı məlumat verib.

Filippo Qrandi ətraflı məlumata görə təşəkkürünü ifadə edib və ölkəmizin bu istiqamətdə gördüyü işlərin təqdirəlayiq olduğunu bildirib.

Tərəflər məcburi köçkünlərin öz doğma torpaqlarına təhlükəsiz qayıdışını təmin etmək üçün əməkdaşlığın davam etdirilməsinə qarşılıqlı maraq ifadə ediblər.

Görüşdə, həmçinin regional məsələlər, o cümlədən Ukraynadakı vəziyyət müzakirə olunub.

AZƏRTAC