Fırçasını süngü ilə əvəz edən gənc rəssam
Region

Fırçasını süngü ilə əvəz edən gənc rəssam

Rəssamlıqla uşaqlıqdan məşğul idi. Xaçmaz Şəhər Uşaq İncəsənət Məktəbini bitirmişdi. Kağız və kətan üzərində çəkdiyi rəsmlər elə ilk vaxtlardan maraqla qarşılanırdı. Respublika və rayon müsabiqələrində rəsmləri layiqli yer tutmuşdu.  Əsasən təbiət mənzərələri və portret janrında rəsmlər işləyirdi. Milli qəhrəmanlar  Polad Həşimovun və Mübariz İbrahimovun portretlərini sənətkar ustalığı ilə   yaratmışdı. Vətən müharibəsi ərəfəsində baş verən iyul hadisələri onun ürəyində vətənpərvərlik hissini daha da alovlandırmışdı. Sentyabr ayının ortalarında könüllü olaraq orduya yazıldı. Vətənin o ağır günlərində fırçasını süngü ilə əvəz etdi.  Söhbətimiz Xaçmaz rayonunun Qobuqıraq kəndində yaşayan Vətən müharibəsi veteranı – rəssam Cavidan Rəhmətov haqqındadır.

Bir müddət Qusar şəhərində yerləşən “N” saylı hərbi hissədə təlimlərdə iştirak etdi. Sentyabrın 27-də müharibə başlayan kimi torpaqlarımızın azadlığı uğrunda döyüşlərə qatıldı. Əvvəlcə Füzuli, daha sonra Cəbrayıl, Xocavənd uğrunda gedən döyüşlərdə cəsarətlə, hünərlə vuruşdu. Tank əleyhinə taqımın əsgəri kimi ağır döyüşlərdə igidlik nümunələri, şücaət göstərdi. Cavidan deyir ki, səngər yoldaşlarım, zabitlər, bir sözlə, ordunun bütün heyəti Vətən uğrunda canından keçməyə hər an hazır idi. Hamı ancaq irəli getməyə, düşməni məhv etməyə tələsirdi. Müharibə səhnələri tez-tez gözümün önündə canlanır. Dəhşətli səhnələri heç cür unuda bilmirəm. Xocavəndin Şəhər kəndi ərazisində meşəlikdə gedən ağır döyüş hələ də gözümün qabağındadır. Mənfur düşmənin atdığı mərmi komandirim polkovnik-leytenant Abakar Hacıyevin lap yaxınlığında partladı. O, baş  nahiyyəsindən və sol döşündən  ağır yaralandı. Çatıb onu qollarımın arasına aldım. Çox  təəssüf ki, həmin dəqiqələrdə o, canını tapşırdı.

Sinəsində üç medal müharibədən sağ-salamat qayıdan Cavidan yenə doğma rəssamlıq sənəti ilə məşğuldur. O, irili-xırdalı 100-ə qədər rəsm əsərinin müəllifidir. Əsərləri tez-tez müxtəlif tədbirlərdə sərgilənir. Xaçmazda şəhidlərin xatirəsinə tikilən bulaq abidə-kompleksinin divarlarında şanlı Qələbəni tərənnüm edən əsər də böyük rəğbətlə qarşılanıb. İndi vətənpərvərlik mövzusu onun yaradıcılığının ana xəttini təşkil edir. Onun müharibə səhnələrini əks etdirən rəsmləri, “Xarıbülbül atları” əsəri xüsusi diqqət çəkir. Hazırda peşəkar rəssam “Xaçmazın şəhidləri” adlı portret rəsmləri yaratmaqla məşğuldur. Veteran rəssam deyir ki, İkinci Qarabağ müharibəsində yüzlərlə xaçmazlı gənc vuruşub. Onlardan 47 nəfəri torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlib. Mən onların ruhu qarşısında baş əyir, hər birinin portretini canlandırmaqla şəhid qardaşlarıma öz dərin ehtiramımı bildirir, onların xatirəsini əbədiləşdirməyə çalışıram. Artıq 11 şəhidin portreti hazırdır. Bu portretlərin və ümumiyyətlə müharibə mövzusunda olan əsərlərimdən ibarət sərgini rayon icra  hakimiyyətinin yaxından köməyi ilə şəhərin ən görkəmli yerlərində “Zəfər”, “Şəxsiyyətlər” və “Çənlibel” parklarında, habelə Heydər Əliyev Mərkəzində nümayiş etdirməyi qərara almışam.

Altı ildən çox bir müddət ərzində bu gözəl sənətlə məşğul olan Cavidanın yaradıcılığına uşaq və yeniyetmələr böyük maraq göstərir. Onların bu marağını nəzərə alan rəssam Xaçmaz şəhərinin mərkəzində rəssamlıq kursu təşkil edib. Artıq bu kurslarda 20-dən çox həvəskar rəssam iştirak edir. Cavidan Rəhmətov onlara bu sənətin incəliklərini dərindən öyrətməyə səy göstərir. Onu da qeyd edək ki, gənc rəssamın ən böyük arzusu bu il Azərbaycan Rəssamlıq Akademiyasına daxil olmaqdır.

Ziyafəddin BAYRAMOV,

“Respublika”.