Florensiyada festivalda Şuşa və Şəki şəhərləri ilə bağlı təqdimatlar olub və fotosərgi açılıb
Mədəniyyət

Florensiyada festivalda Şuşa və Şəki şəhərləri ilə bağlı təqdimatlar olub və fotosərgi açılıb

Avropa Parlamentinin yüksək himayədarlığı, "Romualdo Del Bianco" Fondunun və "Life Beyond Tourism" Hərəkatının təşkilatçılığı ilə Florensiyada keçirilən "Dünya Mədəni özünüifadə Festivalı" çərçivəsində Şuşa və Şəki şəhərləri ilə bağlı təqdimatlar olub və fotosərgi nümayiş etdirilib.

AZƏRTAC xəbər verir ki, beş il ərzində keçirilməsi nəzərdə tutulan festivalın builki ilk tədbirində İtaliya və Azərbaycan, Kamerun, Çin, Hindistan, Gürcüstan, Yaponiya, Rusiya, Çexiya, Slovakiya, Litva, Polşa, Hindistan kimi 10-dan çox ölkədə 45-dək şəhər və məkanla bağlı təqdimatlar keçirilib və mütəxəssislər tərəfindən turizm sahəsində aktual mövzularda çıxışlar olub.

"Life Beyond Tourism - Travel to Dialogue" keçirdiyi tədbir bir sıra beynəlxalq qurumlar, iştirakçı ölkələrin təşkilat və universitetlərinin himayəsi ilə baş tutub. Tədbirdə Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) və Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) nümayəndələri fəal iştirak ediblər.

Tədbir çərçivəsində Şuşa və Şəki şəhərləri ilə bağlı təqdimatlar keçirilib. Belə ki, Azərbaycan Turizm və Menecment Universitetinin tələbələri "Şuşa - dağlardan gələn səsin harmoniyası", Azərbaycan Memarlıq və İnşaat Universitetinin tələbələri isə "Şəkinin mədəni və memarlıq irsi" mövzularında təqdimatlarla çıxış ediblər. İştirakçılara Şuşa və Şəkinin tarixi, burada mövcud olan mədəni, milli, dini irs nümunələri, yerli mətbəx, ictimai xadimlər və sair barədə məlumat verilib.

AzMİU-nun Memarlıq konstruksiyaları və abidələrin bərpası kafedrasının müdiri professor Səbinə Hacıyeva COVID-19 pandemiyasının mədəni irs obyektlərinin bərpası və fəaliyyətinə təsiri ilə bağlı təqdimatla çıxış edib, eyni zamanda, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində mədəni irsimizə dəyən zərərlə bağlı bir sıra məqamlara toxunub.

Festival çərçivəsində cari il noyabrın 25-28-də Florensiyanın intibah binalarından hesab edilən Palazzo Medici Riccardi sarayında İtaliya və Azərbaycan da daxil olmaqla, 10-dan çox ölkədə müxtəlif şəhər və məkanlarla bağlı fotosərgi nümayiş etdirilib. İştirakçılar öz smartfonları vasitəsilə NFC texnologiyasından istifadə etməklə sərgidə nümayiş olunan müxtəlif şəhərlər, o cümlədən Şuşa və Şəki şəhərləri və oradakı mədəni irs nümunələri və turizm obyektləri ilə bağlı "Life Beyond Tourism - Travel to Dialogue" təşkilatının saytındakı müxtəlif məlumatlarla tanış olmaq imkanı əldə ediblər.

Tədbirdə iştirak edən Azərbaycanın İtaliyadakı səfirliyinin birinci katibi Nemət Əliyev təşkilatçılara təşəkkür edərək ölkəmizin mühüm şəhərlərinin dünya intibahının beşiyi sayılan Florensiyada təşviq etmək imkanının yüksək qiymətləndirildiyini qeyd edib. Eyni zamanda, festivalda Şuşa şəhərinin Azərbaycan mədəniyyətinin intibahında oynadığı rol vurğulanıb, işğal dövründə şəhərin və buradakı mədəni irs nümunələrinin əksəriyyətinin dağıdıldığı və vandalizmə məruz qaldığı qeyd edilib. Şuşanın Azərbaycan mədəniyyətinin beşiyi olması və şəhərin işğaldan azad edildikdən dərhal sonra Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi ilə bağlı məlumat verilib, Şuşa ilə bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması üçün İtaliyada görülən işlərə toxunulub və bu xüsusda cari il noyabrın 8-də Azərbaycanın İtaliyadakı səfirliyinin təşkil etdiyi Zəfər Günü ilə bağlı tədbirdə italyan dilində nəşr olunan "Şuşa" kitabının təqdimatının keçirildiyi bildirilib.

Qeyd edək ki, festival müxtəlif məkanların tipik mədəni özünüifadələrini, yerli icmaların mədəni maarifləndirilməsini təşviq etmək, rəqəmsal platformalarla onların beynəlxalq cəlbediciliyini artırmaq, turizmdən inklüzivlik, həmrəylik və mədəniyyətlərarası dialoq naminə yararlanmaq məqsədi daşıyır.

AZƏRTAC