Fond Londonda mükafata layiq görülüb
Sosial həyat

Fond Londonda mükafata layiq görülüb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki  Dövlət Sosial Müdafiə Fondu (DSMF) növbəti beynəlxalq mükafatla təltif edilib.

Nazirliyin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən məlumata görə, Fond mənzil-qərargahı London şəhərində (Böyük Britaniya) yerləşən “iESE – The Public Sector Transformation Partner” beynəlxalq qurumunun təşkil etdiyi “Dövlət sektorunda transformasiyaya görə beynəlxalq mükafat” müsabiqəsində “Mükəmməllik Sertifikatı, 2023-cü il Qalibi” mükafatına layiq görülüb.

Qeyd edək ki, ötən il də DSMF “2022-ci ilin Beynəlxalq Dövlət Qurumu” (Böyük Britaniya) ali mükafatı, Beynəlxalq Sosial Təminat Assosiasiyasının mükafatı və 2 Mükəmməllik Sertifikatı, Beynəlxalq Pensiya və Sosial Fondlar Assosiasiyasının mükafatı ilə təltif olunub.

“Respublika”.