Forum iştirakçıları olan yüksəkixtisaslı həkimlər cərrahiyyə əməliyyatları, müalicə və müayinələr aparıblar
Səhiyyə

Forum iştirakçıları olan yüksəkixtisaslı həkimlər cərrahiyyə əməliyyatları, müalicə və müayinələr aparıblar

Naxçıvan Muxtar Respublikasında ilk dəfə keçirilən I Beynəlxalq Tibbi Forumda iştirak edən yüksəkixtisaslı həkimlər Naxçıvanın bir neçə səhiyyə müəssisəsində cərrahiyyə əməliyyatları, müalicə və müayinələr aparıblar.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, Naxçıvan Muxtar Respublika Xəstəxanasında İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının rektoru Əziz Əliyev və onun rəhbərlik etdiyi yüksəkixtisaslı həkim briqadası qalxanabənzər vəzidən əziyyət çəkən 3 nəfərdə cərrahiyyə əməliyyatı aparıb, 15 ambulator xəstənin müalicə və müayinəsi həyata keçirilib, onlara müvafiq tibbi məsləhət və tövsiyələr verilib.

Naxçıvan Muxtar Respublikası Doğum Mərkəzində Azərbaycan Tibb Universitetinin həkim-mütəxəssisləri, mama-ginekoloqları, Diaqnostika Müalicə Mərkəzində isə Qaradəniz Texniki Universitetinin və Bakı şəhərində yerləşən "West Hospital"ın həkimləri tərəfindən pasiyentlərlə maarifləndirici söhbətlər aparılıb, xəstələr tibbi müayinələrə cəlb edilib, onlara müalicələr təyin olunub.

Muxtar respublikanın mühüm sağlamlıq turizmi obyektlərindən olan Duzdağ Fizioterapiya Mərkəzinə gələn forum iştirakçılarına məlumat verilib ki, mərkəz 1979-cu ildən Naxçıvan duz mədəni bazasında xəstəxana kimi fəaliyyətə başlayıb. Müstəqilliyimizin bərpasından sonra burada kompleks quruculuq işləri aparılıb, yeraltı şöbə genişləndirilib, müasir avadanlıqlarla və ləvazimatlarla təmin edilib. Dağın altına doğru 300 metr uzanan mərkəzdə yüksək səviyyəli xidmət şəraiti yaradılıb. Hazırda ölkəmizin müxtəlif regionlarından, habelə dünyanın bir çox yerlərindən bronxial-astma xəstələri buraya gələrək müalicə alırlar.

AZƏRTAC