Fövqəladə hallar naziri İsmayıllı şəhərində vətəndaşları qəbul edib
Sosial həyat

Fövqəladə hallar naziri İsmayıllı şəhərində vətəndaşları qəbul edib

Prezident İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin respublikanın bölgələrində vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, fövqəladə hallar naziri Kəmaləddin Heydərov yanvarın 5-də İsmayıllı şəhərindəki Heydər Əliyev Mərkəzinin binasında İsmayıllı və Ağsu rayonlarının sakinlərinin qəbulunu keçirib.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, əvvəlcə nazir K.Heydərov Mərkəzin həyətində ucaldılmış xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub, əziz xatirəsini dərin ehtiramla anıb.

Sonra fövqəladə hallar naziri tərəfindən qəbul edilən İsmayıllı və Ağsu rayonlarının sakinlərinin müraciətlərinin əksəriyyəti yerində həllini tapıb, bir sıra məsələlərlə bağlı qanunvericiliyə uyğun dərhal zəruri tədbirlərin görülməsi barədə nazirliyin aidiyyəti strukturlarının rəhbərlərinə tapşırıqlar verilib.

Fövqəladə hallar naziri ilə yanaşı, nazir müavinləri, nazirliyin müvafiq baş idarə və qurum rəhbərləri də vətəndaşları qəbul edib.

Qəbula gələn vətəndaşlar onların müraciətlərinə yerində və operativ yanaşılması üçün yaradılan şəraitə görə Azərbaycan Prezidentinə minnətdarlıq ediblər.