Fövqəladə Hallar Nazirliyinin kollektivi ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib
Sosial həyat

Fövqəladə Hallar Nazirliyinin kollektivi ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

Dekabrın 16-da Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin (FHN) yaradılmasının 16-cı ildönümü və nazirlik işçilərinin peşə bayramı münasibətilə fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun rəhbərliyi ilə nazirliyin kollektivi Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin əziz xatirəsi ehtiramla yad edilib, məzarı önünə əklil və gül dəstələri qoyulub.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üstünə tər çiçəklər düzülüb.

Daha sonra Şəhidlər xiyabanına gələn nazirliyin kollektivi Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş Vətən övladlarının xatirəsini ehtiramla anıb, məzarları üzərinə gül dəstələri qoyub.

Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov jurnalistlərə müsahibəsində bildirib: "Bu gün FHN-in yaradılmasından 16 il ötür. Bu illər ərzində nazirlik ölkəmizdə uğurla fəaliyyət göstərib. Azərbaycan üçün ən xarakterik hadisə yanğınlardır. Elə ölkələr var ki, orada daha çox daşqınlar və digər təbii hadisələr baş verir. Meşə yanğınlarını yerdən söndürmək çox çətindir. Bunun üçün aviasiya dəstələrimiz, helikopterlərimiz və digər avadanlığımız var. Çalışırıq ki, peşəkarlığımızı daha da artıraq. Bu, qarşımızda duran ən mühüm məsələlərdən biridir".

Bu gün Azərbaycan Ordusunun dünyanın ən güclü ordularından biri olduğunu vurğulayan nazir bildirib ki, Azərbaycan işğal altındakı ərazilərini azad edən qalib dövlətdir. Azərbaycan Vətən müharibəsində tarixi Qələbə qazandı və otuz ilə yaxın davam edən işğala cəmi 44 gündə son qoydu. Ermənilərin otuzillik işğal dövründə törətdikləri vəhşiliklərin üstü indi açılır.

İşğaldan azad edilmiş ərazilərdə hazırda genişmiqyaslı quruculuq işlərinin görüldüyünü bildirən nazir bu baxımdan minatəmizləmə əməliyyatlarının sürətlə həyata keçirilməsinin vacibliyini qeyd edərək deyib: "Ermənistanın ölkəmizə verdiyi mina xəritələri tam dəqiq deyil. Minatəmizləmə əməliyyatlarının daha sürətlə aparılması üçün Prezident İlham Əliyevin tapşırığına əsasən, Fövqəladə Hallar Nazirliyində minatəmizləmə alayı yaradılıb. Bundan başqa, ən müasir avadanlıq alınıb, xüsusi itlər hazırlanır".

Fövqəladə hallar naziri müsahibəsində sahibkarlara və mülk sahiblərinə müraciət edərək deyib: "Mülk sahibləri, sahibkarlar mülkiyyətlərində olan əmlakları sığortalamalıdırlar. Ölkəmizdə bir neçə sığorta şirkəti var. Onların sığorta ilə bağlı məbləği o qədər də yüksək deyil. Hər bir vətəndaş buna əməl etsə, heç bir problemimiz olmayacaq".

AZƏRTAC