Fransa müstəmləkəçilik siyasətini davam etdirir
Siyasət

Fransa müstəmləkəçilik siyasətini davam etdirir

Əlcəzairin azadlığı 1,5 milyon insanın ölümü hesabına başa gəlib

"Mən bu gün şəhidlərin xatirəsini yad etdim, Şəhidlər memorialını, eləcə də Mücahidlər Muzeyini ziyarət etdim və gördüklərim mənə çox təsir etdi. Fransanın Əlcəzair xalqına qarşı törətdiyi zorakılığı, kütləvi qəddarlığı dünya heç zaman unutmamalıdır. Fransa yüz ildən çox bir müddət ərzində Əlcəzair xalqına qarşı çox dəhşətli müharibə aparmışdır. Bu müharibə 1,5 milyon əlcəzairlinin ölümü ilə nəticələnmişdir. Bu gün biz bu faciəni anaraq gələcəkdə belə faciələrin qarşısının alınması üçün əlimizdən gələni etməliyik". Azərbaycan Prezidenti İlham Əliyev bu fikirləri ötən il noyabrın 1-də Əlcəzair Xalq Demokratik Respublikasının paytaxtı Əlcəzair şəhərində keçirilən Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə toplantısında səsləndirib.

Dövlət başçısı Zirvə toplantısında çıxış edərək Fransanın Əlcəzair xalqına qarşı törətdiyi zorakılığı, kütləvi qəddarlığı dünyanı heç zaman unutmamağa çağırıb, Azərbaycanın da Əlcəzair kimi işğaldan əziyyət çəkdiyini və torpaqlarımızın otuz il Ermənistanın işğalı altında qaldığını toplantı iştirakçılarının diqqətinə çatdırıb.

Ümumiyyətlə, Fransa uzun əsrlərdir ki, yoxsul Afrika ölkələrini soyub talayır. Fransanın Afrika qitəsində neokolonializm siyasəti iki amilə söykənir, əvvəla, həmin ölkələrin rəsmi və tədris dilinin fransızca olması, ikincisi, məcburi təhsilin tətbiqi. Qitədə fransız dilində danışanlar seçilir və onlar "frankofon" adlanır. Beynəlxalq Frankofoniya Təşkilatı da bu ölkələrə təsir və təzyiq vasitəsidir. Təkcə rəsmi dili fransızca olan ölkələr deyil, eyni zamanda Misir, Mərakeş, Əlcəzair, BƏƏ və Mavritaniyada da öz nüfuz dairəsini genişləndirməyə səy göstərən rəsmi Paris çalışır ki, müsəlman ölkələrində daha çox tərəfdarı olsun.

Onu qeyd edək ki, İslam aləminin ən qüdrətli ölkələrindən biri olan Səudiyyə Ərəbistanı 2018-ci ildə sözügedən təşkilatda müşahidəçi qismində iştirak etmək üçün müraciət ünvanlayıb, lakin bir il sonra Ər-Riyad bundan imtina edib. Bunun səbəbi isə guya dünyada demokratiya carçısı olan Fransanın Səudiyyə Ərəbistanında insan hüquq və azadlıqlarının pozulmasına dair bəyanatları olub. İstehza doğuran odur ki, təşkilatın bir sıra üzvlərinə, o cümlədən Əlcəzair, Ruanda və Çada qarşı qırğınlar törədən fransızlar başqalarını "hüquqpozmalarda" ittiham edirlər.

İndi reallıq başqadır, belə ki, artıq Fransa Şimali Afrikada öz nüfuzunu itirib və heç bir ölkə rəsmi Parislə hesablaşmaq istəmir. "Ərəb baharı" adlanan rəngli inqilabların Qərbdən idxalı prosesindən əziyyət çəkmiş Misir, Tunis, Əlcəzair, hətta Liviya siyasətçiləri də yaxşı başa düşürlər ki, fransızların əsas məqsədi münaqişələr hesabına bu regionda təsirini qoruyub saxlamaqdır.

Ötən il noyabrın 18-də Tunisin Cəbrə şəhərində keçirilən Beynəlxalq Frankofoniya Təşkilatının 50 illik yubiley sammitində Fransanın hələ 1945-ci ildən bəri Afrikada Fransız Müstəmləkələri Frankı (CFA) adlı pul vahidinin taleyi və Ukraynada gedən müharibə ilə əlaqədar getdikcə dərinləşən sosial-iqtisadi böhran da müzakirə olunub. Məlum olduğu kimi, Afrikanın sahil regionu ölkələri, habelə Fildişi sahili və Malidə baş verən münaqişələrin əsas səbəbi CFA-ya alternativ valyuta seçmək cəhdləri olub. Məhz bu pul vahidinin sayəsində Fransa Afrika ölkələrini istismar edir, onların sərvətlərini mənimsəyir. Qitədə aclıq və səfalətin, kütləvi emiqrasiyanın səbəbi də CFA-dır. Lakin ondan vaz keçmək Afrika ölkələri üçün heç də asan deyil. Ötən ilin iyulunda Qərbi Afrika İqtisadi Birliyinə (ECOWAS) üzv olan 15 ölkə bu pul vahidindən imtina edəcəyini açıqlayıb, lakin Fransa buna qarşı yeni münaqişə ocaqları yaratmaq siyasətini davam etdirir. Təsadüfi deyil ki, indiyədək qitə ölkələrində baş vermiş hərbi çevrilişlərin 70 faizi fransızların təsiri altında olan dövlətlərin payına düşür.

Həmin sammitdə iştirak edən Seneqal Prezidenti Maki Sall bu ölkənin sabiq xarici işlər naziri Dodu Tiamin bəyanatını xatırladaraq deyib: "Daha bəsdir! Biz fransızların nəzarəti altında yox, real müstəqillik istəyirik". Bu etirazdan sonra Emmanuel Makron ötən ilin dekabrında NATO-nun Zirvə görüşündə Afrika liderlərini hədələmişdi. Həmin vaxt Seneqal, Mali, Niger və Fildişi sahili prezidentləri ona kəskin etirazlarını bildirmişdilər.

1994-cü ildə fransızlar Ruandada bu ölkədə "təhlükəsiz zona yaratmaq" adı altında hərbi əməliyyat həyata keçiriblər. Bundan cəsarətlənən digər yerli münaqişə tərəfinin də iştirakı ilə tutsi qəbiləsinin 800 mindən çox üzvü qətlə yetirilib. 2014-cü ildə Ruanda Prezidenti Pol Kaqamenin (Frankofoniya təşkilatının baş katibi) soyqırımı aktında Fransanın rolunu dəqiq müəyyən etdiyi barədə bəyanatı isə rəsmi Parislə siyasi böhrana səbəb olmuşdu.

Fransa qoşunlarının Çadda keçirdikləri "Epervier", Fildişi sahilindəki "Licorne" hərbi əməliyyatları da çoxlu sayda insan tələfatı ilə nəticələnib. 2011-ci ildə isə mülki insanları qorumaq bəhanəsilə Liviyada keçirilən "Harmattan" və iki il sonra Malidəki "Serval" hərbi əməliyyatları da böyük dağıntılar və qətllərə səbəb olub.

Təəssüflər olsun ki, adıçəkilən Afri

ka dövlətləri bu cür ziddiyyətli məqamlara - qırğınlar, talanlar və riyakarlıqlara baxmayaraq, hələ də Fransa ilə müzakirələr aparırlar.

Bəli, Fransa əsrlərdir ki, Afrikada cinayətlər törədir. Bu isə qitə ölkələrinin Parisə qarşı nifrətini son həddə çatdırıb. Malidə, Əlcəzairdə, Nigerdə və müstəmləkəçilərdən dəhşətli zülmlər görmüş digər dövlətlərdə fransızların qeyri-insani hərəkətlərinə qarşı etiraz aksiyaları başlayır. Bunu Burkina Fasonun timsalında görmək olar. İtaliyanın Baş naziri Corca Melonin Fransanın Afrikadakı müstəmləkəçilik siyasətini kəskin tənqid edib.

Özünü demokratik dəyərlərin daşıyıcısı hesab edən bir ölkənin XXI əsrdə müstəmləkəçilik siyasətini davam etdirməsi beynəlxalq hüququn, demokratik dəyərlərin, insan hüquq və azadlıqlarının tapdalanması deməkdir. Fransa bu siyasətlə özünü nüfuzdan salıb.

Zümrüd QURBANQIZI,

"Respublika".