Fransa portalı Azərbaycan multikulturalizmindən yazıb
Digər xəbərlər

Fransa portalı Azərbaycan multikulturalizmindən yazıb

Multikultural, çoxmillətli və çoxkonfessiyalı ölkə olan Azərbaycan Respublikasının 2011-ci ildə tarixi saziş imzalamaqla Müqəddəs Taxt-Tacla qardaşlıq münasibətləri qurmaqdan çəkinməməsi təəccüblü deyil.

"Azərbaycan Respublikası və Müqəddəs Taxt-Tac arasında Katolik kilsəsinin Azərbaycan Respublikasında hüquqi statusu haqqında Saziş"in 1-ci maddəsində deyilir: "Azərbaycan Respublikası öz Konstitusiyasına əsasən dini etiqad azadlığını tanıyaraq Katolik dininə aşkar etiqad etmək və ayinləri yerinə yetirmək azadlığına təminat verir.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Praktiki Ali Tədqiqatlar Məktəbinin doktoru, Fransa Milli Elmi Tədqiqatlar Mərkəzinin tədqiqatçısı, islamşünas alim Kərim İfrakın Fransanın "Musulmansenfrance" portalında dərc edilmiş "Müsəlman və xristian dünyası: 15 əsrlik dialoq" sərlövhəli məqaləsində yer alıb.

Məqalədə vurğulanıb ki, Azərbaycandakı Katolik kilsəsi Katolik kilsəsinin qanunlarına uyğun olaraq özünü təşkil etmək və Azərbaycan qanunvericiliyini, habelə bu Sazişin müddəalarını nəzərə alaraq öz dini səlahiyyəti daxilində missiyasını yerinə yetirmək hüququna malikdir.

K.İfrak məqalədə Vatikanın Qafqazın qədim ölkəsi olan Azərbaycanla mədəniyyət sahəsində sıx əməkdaşlığını xüsusi vurğulayıb. Heydər Əliyev Fondu ilə Müqəddəs Taxt-Tacın Arxeologiya Şurası arasında imzalanmış ikitərəfli sazişlər çərçivəsində xristian dini məkanların və abidələrinin bərpası istiqamətində həyata keçirilmiş layihələrdən bəhs olunub. Müqəddəs Marçellinio və Pietro katakombalarının, Müqəddəs Sebastian Bazilikasında yeni muzey və sarkofaqların restavrasiyasından, Müqəddəs Komodilya katakombalarının bərpasından söz açılıb. Həmçinin dinlərarası dialoqun vacibliyinə toxunulub, sülhün qurulmasının, möhkəmlənməsinin və davamlılığının təmin olunmasının əhəmiyyətinə toxunulub.

AZƏRTAC