Fransa Senatının qətnaməsi böhtan və təxribatdır
Siyasət

Fransa Senatının qətnaməsi böhtan və təxribatdır

Vətən müharibəsi, onun yaratdığı reallıqlar kimin kim olduğunu ortaya qoydu. Tarix boyu buyruq qulu olan Ermənistanın iç üzü daha açıq göründü. Məğlubiyyətini etiraf edib, üçtərəfli Bəyanatda üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək əvəzinə, özünə yeni havadarlar axtarışına çıxdı. Azərbaycanın qazandığı tarixi qələbə fonunda eyibləri bütünlüklə üzə çıxan bu işğalçı ölkə çox çapalasa da, caynağına yeni qurbanlar keçirə bilmədi. Əlac yenə də köhnə dostlara qaldı... Əslində, onun əsas havadarları dünyada terroru dəstəkləyən dövlətlər kimi tanınır. Fransa da bu cür dövlətlərlə əməkdaşlıq edir. Fransanın Orta Şərqdə terror aktları həyata keçirən və Ermənistan-Azərbaycan münaqişəsinin sonunu istəməyən İranla da bu məsələdə mövqeyi üst-üstə düşür.

Bu ilin noyabrında Fransa Senatı Azərbaycana qarşı sanksiyalar nəzərdə tutan bədnam bir qətnamə qəbul edib. Senat Azərbaycana qarşı sanksiya tətbiq edilməsinə dair qanun layihəsini müzakirəyə çıxardı. Layihə müəllifləri "Azərbaycan və onun tərəfdaşlarının Ermənistanın suverenliyi və ərazi bütövlüyünə hörmət etməsini, həmçinin bütün erməni hərbi əsirlərin qaytarılmasını", "Azərbaycanın Ermənistan ərazisindən və Laçın dəhlizindən çəkilməsini" tələb edirlər. Ermənistan-Azərbaycan sərhədində beynəlxalq statuslu sülhməramlı qüvvələrin yerləşdirilməsi də tələblər sırasındadır...

İclasda iştirak edən 296 nəfərdən 295-i layihənin lehinə, 1 nəfər əleyhinə səs verib: "Fransa Senatında Azərbaycana qarşı qəbul olunan qətnamənin heç bir qüvvəsi yoxdur". Bu fikirləri Fransa Senatının üzvü Natali Qule bildirib: "Mən bu sənədin əleyhinə səs verdim. Çünki hər zaman olduğu kimi, Azərbaycanın haqq yolunda olduğuna əminəm. Bu qətnamə həmişə olduğu kimi, Fransadakı güclü erməni lobbisinin təsiri altında qəbul edilib", - deyə qətnamənin əleyhinə səs vermiş yeganə senat üzvü vurğulayıb.

Azərbaycanın Xarici İşlər Nazirliyi yaydığı bəyanatda Fransa Senatında Azərbaycanla bağlı qəbul edilən qətnaməni "iftira" və "açıq təxribat" adlandırıb və orada qeyd olunan müddəaları "qətiyyətlə rədd etdiklərini" bildirib. Qeyd edilib ki, noyabrın 15-də Fransa Senatında qəbul edilmiş "Azərbaycana qarşı sanksiyalar tətbiqi və onun Ermənistan ərazisindən dərhal geri çəkilməsi, 10 noyabr 2020-ci il tarixli atəşkəs razılaşmasına riayət etməsi tələbi və iki ölkə arasında dayanıqlı sülhün bərqərar olmasına yönəlmiş bütün təşəbbüslərin təşviq edilməsi" adlı qətnamə tamamilə həqiqətdən uzaqdır, yalan, iftira dolu müddəaları əks etdirir və açıq təxribat xarakteri daşımaqla Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması prosesinə xələl gətirilməsinə xidmət edir. Xarici İşlər Nazirliyinin şərhində, həmçinin deyilir ki, Fransa parlamentinin yuxarı palatasının qətnaməsində növbəti dəfə Azərbaycanın ərazilərinin 30 ilə yaxın bir müddətdə Ermənistan tərəfindən işğalı, mülki əhaliyə qarşı törədilmiş qırğınlar, şəhər və kəndlərin talan edilməsi, yüzminlərlə məcburi köçkünlərin hüquqlarının tapdanması, Ermənistanın Azərbaycanın tarixi torpaqlarında etnik təmizləmə siyasəti həyata keçirməsi, habelə 2020-ci il Vətən müharibəsindən sonra Azərbaycanın sülh quruculuğu, bərpa və yenidənqurma işləri ilə bağlı faktlar göz ardına alınır.

Qətnamədə yer alan "Dağlıq Qarabağ" adlandırılan qondarma qurumla bağlı cəfəng fikirlərlə əlaqədar senatorlara bir daha xatırladırıq ki, beynəlxalq səviyyədə tanınan ərazimiz olan Qarabağ bölgəsi Azərbaycanın ayrılmaz tərkib hissəsidir, bu bölgədə yaşayan erməni əsilli əhalinin hüquqları və təhlükəsizliyi Azərbaycanın daxili məsələsidir və bunlar Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq təmin ediləcək.

Senatın bu qətnaməsi Ermənistandakı revanşist qüvvələri həvəsləndirməklə, bölgədə sülh, sabitlik və tərəqqiyə xidmət etmir və qətnamənin adında qeyd olunan dayanıqlı sülhün təşviq edilməsindən çox uzaqdır. Fransa Senatı tərəfindən qəbul edilmiş bu növbəti qətnaməni qətiyyətlə rədd edirik.

Dekabrın 1-də Fransanın müvəqqəti işlər vəkili Azərbaycanın Xarici İşlər Nazirliyinə çağırılıb. Müvəqqəti işlər vəkili Jülyen Lö Lan Fransanın beynəlxalq hüquqazidd, qərəzli və birtərəfli mövqeyini ifadə edən bu qətnamədə əks olunmuş iddialara münasibət bildirərkən Senatda və Milli Assambleyada qəbul olunmuş qətnamənin Fransa hökumətinin rəsmi mövqeyini əks etdirmədiyini, hökumətin Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması üzrə danışıqları dəstəklədiyini deyib.

Azərbaycan Respublikası Milli Məclisi də Fransa Milli Assambleyasının qətnaməsinə münasibət bildirib. Fransa Milli Assambleyasının noyabrın 30-da qəbul etdiyi Ermənistana dəstək ifadə edən, Azərbaycana qarşı sanksiyalara çağıran qətnaməsini tənqid edən Milli Məclisin deputatları hesab edirlər ki, Azərbaycan torpaqlarının 30 ilə yaxın işğalı dövründə münaqişənin dinc yolla nizama salınması üçün göstərilən səylərin nəticə verməməsinin əsas səbəbi təcavüzkar dövlətin öz adı ilə çağırılmamasıdır: "Vasitəçilik vəzifəsini öhdəsinə götürən dövlətlər, xüsusən Fransa tərəfindən ikili standartlara yol verilməsi, işğalçı dövlətlə işğala məruz qalan dövlətin bir tutulması, ...bir sıra hallarda isə onun açıq-aşkar şirnikləndirilməsi olmuşdur".

Milli Məclisin Azərbaycana qarşı qəbul edilmiş qətnamə ilə bağlı bəyanatında bu sənədin Azərbaycan və Fransa arasında münasibətləri, o cümlədən 1993-cü ildə iki ölkə arasında imzalanmış müqavilənin bəndlərini pozduğu vurğulanır. Milli Məclis Azərbaycan hökumətinə aşağıdakı tədbirlərin görülməsi ilə bağlı çağırış edib: Fransa rəsmilərinin Azərbaycanda hər hansı aktivləri aşkar edildiyi təqdirdə, onların dondurulması; Fransa şirkətlərinin Azərbaycan dövlətinin sifarişləri həyata keçirilən hər hansı layihədə iştirakına yol verilməməsi; Fransa şirkətlərinin enerji sektorunda Azərbaycan-Fransa arasında mövcud olan siyasi, iqtisadi münasibətlərə yenidən baxılması; Qoşulmama Hərəkatının sədri kimi Fransanın müstəmləkəçilik siyasəti və hərbi cinayətlərinin beynəlxalq təşkilat çərçivəsində qaldırılması, İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində Fransanın islamafobiya, Türk Dövlətləri Təşkilatı çərçivəsində türkofobiya siyasətinin gündəliyə çıxarılması.

Bəli, Fransa anlamalıdır ki, Azərbaycan qalib ölkədir və regionda söz sahibidir, onun daxili işinə heç kəs qarışa bilməz!..

Zümrüd QURBANQIZI,

"Respublika".