Fransanın yalan və iftiraları dünya ictimaiyyətini çaşdırmaq cəhdidir
Digər xəbərlər

Fransanın yalan və iftiraları dünya ictimaiyyətini çaşdırmaq cəhdidir

Oktyabrın 6-da Praqada Fransa prezidenti Emmanuel Makron, Azərbaycan Prezidenti İlham Əliyev, Aİ Şurasının Prezidenti Şarl Mişel və  Ermənistan baş naziri Nikol Paşinyan arasında  dördtərəfli görüş keçirilib. Görüşün yekununda qəbul edilmiş bəyanatda təsbit olunan müddəalar  ölkəmizin milli maraqlarını tam təmin edir. Ən əsası Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyıb. Ərazi bütövlüyü və suverenliyin tanınması zamanı BMT Nizamnaməsi əsas sənəd kimi götürülüb. Bu isə o deməkdir ki, Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğu bir daha təsdiqlənib.

Suverenliyimizi tanımaqla Ermənistan Qarabağ üzərində Azərbaycanın hakimiyyətini qəbul etdi.  Aİ və Fransa Azərbaycan ərazilərini də əhatə edəcək birgə sərhəd monitorinq missiyası yaradaraq bundan regiona daxil olmaq niyyətində idilər. Amma öz suverenliyinə dəyər verən Azərbaycan qətiyyətli və prinsipial mövqeyi ilə buna etiraz etdikdən  sonra belə razılaşdırıldı ki, missiya yalnız Ermənistan ərazisində olacaq. Azərbaycan isə öz maraqlarına uyğun şəkildə missiya ilə əməkdaşlıq edəcək. Sərhəd missiyası etimad quruculuğu və sərhədlərin delimitasiyasına töhfə və dəstək verəcək. Bu, rəsmi Bakının növbəti diplomatik qələbəsi kimi dəyərləndirildi. Müharibə bitib, Azərbaycan bütün cəbhələrdə qələbə qazanıb, regionda geosiyasi vəziyyət köklü şəkildə dəyişib, amma rəsmi Parisin Azərbaycana qarşı qərəzli mövqeyi dəyişməyib.

Fransa öz acizliyini ört-basdır etmək məcburiyyətindədir. Çünki 44 günlük savaş müddətində Fransanı saya salan, mövqeyinə əhəmiyyət verən olmadı. Və çox sevdiyi Ermənistanı qoruya bilmədi. Ancaq Fransa öz mövqeyindən yenə əl çəkmək istəmir. Görünür Azərbaycanın bu uğurunu, ermənilərin davamlı məğlubiyyətini həzm edə bilməyən Fransa prezidenti tərəfsizliyini saxlaya bilmədi. Erməni təəssübkeşliyi onun məkrli niyyətini üzə çıxardı. Emmanuel Makronun yerli televiziya kanalına verdiyi müsahibəsi rəsmi Parisin bu məsələdəki niyyətini açıq-aşkar ortaya qoymaqla, Bakının sülh sazişi ilə bağlı gözləntilərinin əbəs olduğunu nümayiş etdirdi.  Praqadakı görüşündən  bir həftə sonra "France 2" telekanalına müsahibəsində Emmanuel Makron deyib ki, son aylar "Moskva gərginliyi Azərbaycanın xeyrinə qızışdırmaqla" məşğuldur. Fransa prezidenti Emmanuel Makron çıxışında Rusiyanı Qafqaz regionunda və onun hüdudlarından kənarda sabitliyi pozmaqda, Ermənistan və Azərbaycan arasında baş verən son toqquşmalarda "məqsədli təxribatda" ittiham edib. "Son iki ildə sərhəddə nə baş verir... 5000 Rusiya əsgəri guya sərhəddə təhlükəsizlik təmin etmək üçün orada yerləşir, lakin ruslar bu, bir neçə yüzillik münaqişədən istifadə edib, Türkiyənin də iştirakı ilə Azərbaycanla oyuna qatılıb və nə vaxtsa yaxın olduqları bir ölkə olan Ermənistanı zəiflətmək üçün geri dönüb".

Artıq Fransa prezidenti Emmanuel Makronun ermənipərəstliyi sağalmaz xəstəlik şəklini alıb. Dövlətlərarası və beynəlxalq hüquq normalarını ayaqlar altına atan Makron ölkəsinin balanslı, ədalətli, vasitəçilik tələblərinə uyğun davranmaq niyyətindən birdəfəlik vaz keçdiyini bütün çılpaqlığı ilə sərgiləməkdə davam edir. Makron hazırda ölkəsinin bütün maraqlarını erməni lobbisinin, ermənipərəst dairələrin istəklərinə uyğunlaşdırmaqdadır. Onun diplomatik və vasitəçilik missiyasına uyğun olmayan mövqeyi həm də Fransada gələcək seçkilərlə və ermənilərin səsinin əldə olunması ilə əlaqədardır. Aydın görünür ki, o, Qarabağda sülhün və sabitliyin təmin olunması üçün yox, Fransanın erməni mənşəli seçicilərinin səsi uğrunda mübarizə aparır.

Fransa prezidentinin verdiyi bəyanata Bakının reaksiyası gecikmədi və gözləndiyi kimi çox sərt oldu. "Fransanın Azərbaycan və Ermənistan arasında münasibətlərə heç bir aidiyyəti yoxdur. ATƏT-in Minsk qrupunun həmsədri kimi Fransanın vasitəçilik missiyası var idi, lakin Qarabağ münaqişəsi nizamlandığına görə Minsk qrupunun xidmətinə heç bir ehtiyac yoxdur". Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev Astanada MDB Dövlət Başçıları Şurasının iclasındakı çıxışında bildirdi. Ölkə başçısı qeyd etdi ki, Azərbaycan xoş məram göstərərək, Fransa prezidentinə bu görüşdə iştirak etməyə icazə verdi. Lakin Azərbaycanın nümayiş etdirdiyi xoş mərama baxmayaraq, Makron yalan və təxribat xarakterli bəyanatlarla çıxış etdi. Azərbaycan Prezidenti  İlham Əliyev bildirib ki, həmin bəyanat "Fransa və dünya ictimaiyyətini çaşdırmağa" cəhddir.  Azərbaycanın ünvanına səsləndirilən bu ittihamlar Azərbaycanla bağlı faktların manipulyasiyasıdır. Ölkə başçısı  Emmanuel Makronun sözlərini "təhqiramiz, qəbulolunmaz, yalan və təxribat xarakterli" adlandırıb.

Ermənipərəst davranışları ilə  seçilən Fransa prezidenti Azərbaycan dövlət başçısının da kəskin münasibət bildirdiyi son bəyanatı ilə  bütün qırmızı xətt cizgini keçmişdir. Çox güman ki, Azərbaycan Prezidentinin məntiqli və tutarlı cavablarından  sonra  Makron bir daha ölkəmizlə bağlı belə çıxışlara cürət etməyəcək. İlham Əliyev qeyd edib ki, Fransanın Ermənistanı atmayacağı kimi fikirlər iki dövlət arasındakı münasibətləridir. Həmçinin, Rusiya Federasiyasının ünvanına "Rusiya Azərbaycan oyununu oynadı" kimi qərəzli bəyanatlar səsləndirildiyini bildirən Azərbaycan Prezidenti deyib: "Böyük ölkənin Prezidentinə küçə leksikonundan istifadə etməyin nə dərəcədə siyasi nəzakətə uyğun olmasını, qoy, Fransa ictimaiyyəti müəyyən etsin. Biz isə öz tərəfimizdən belə bəyanatları qəti surətdə pisləyirik, rədd edirik və bundan sonra Fransa hökumətinin belə münasibəti çərçivəsində Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması işində Fransanın hər hansı rol oynamasının heç bir mümkünlüyünü görmürük".

Fransanın tərəfkeşliyi Qarabağ probleminin həllində onu kənarda saxlayıb, Makron prosesin tərəfsiz iştirakçılarından birinə çevrilə bilmədi. Rusiya və Türkiyənin aktivliyi Fransanın birtərəfli mövqeyindən daha effektli vasitə kimi problemin həllinə təsir edə bildi. Makronun müsahibəsində səslənənlərə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da sərt münasibət bildirib: "Azərbaycan Prezidenti İlham Əliyev öz davranışı ilə Fransa prezidenti Emmanuel Makronun planlarını alt-üst etdi". Türkiyə dövlət başçısı qeyd edib ki, Makron bəlkə də bununla Azərbaycan-Fransa əlaqələrini bitirəcək. Bu, isə siyasi naşılıqdır. Qeyd edək ki, Azərbaycanın bölgədə sülh, sabitlik və inkişafı təmin etmək, beynəlxalq hüquq prinsiplərinə hörmət əsasında münasibətləri normallaşdırmaq cəhdləri qarşılığında Fransanın birtərəfli mövqeyi və əsassız ittihamları bu ölkənin vasitəçilik səylərinin bir daha nəzərdən keçirilməsini labüd edir.

Mustafa KAMAL,

"Respublika".