Füsunkar Vəndamın “Yeddi gözəl”i də var
Region

Füsunkar Vəndamın “Yeddi gözəl”i də var

O “Yeddi gözəl” ki hər gün yüzlərlə, hətta bir qədər də çox gəlib-gedəni, müxtəlif növ xidmətlərindən bəhrələnənləri, diş göynədən sərin suyundan içənləri, həzin şırıltıları ilə dağın yeddinci mərtəbəsindən axıb düzlərə gedən şəlaləsinə heyranlıqla baxanları, qoynunda şəkillər çəkdirib dostlarına, əzizlərinə hətta dünyanın uzaq ünvanlarına paylaşanları var. Magistral yoldan 4-5 kilometr aralıda, dağların sinəsində ünvanlanır bu istirahət məkanı. Adı özünə, özü də adına yaraşır "Yeddi gözəl"in. Bir neçə il bundan öncə olmuşdum burada. İndiki mənzərəsini o vaxtın sadə tablosuyla müqayisə edəndə burada xeyli abadlıq, quruculuq işləri aparıldığını, "Yeddi gözəl"ə uyğun yaraşığa salındığını gördüm.

- Sizə elə gəlməsin ki, belə füsunkarlıq, insana xüsusi ləzzət verən təkcə "Yeddi gözəl"dir, - deyə, həmsöhbətim, rayon icra hakimiyyəti başçısının Vəndam qəsəbəsi inzibati ərazi dairəsinin nümayəndəsi İlham Bağırov xoş təəssüratlarımıza yeni yaşıl işıq yandırdı. Dedi ki, qəsəbənin ərazisi sanki başdan-başa turizm məkanıdır. Buradakı "Duyma", "Xəzər", "Semerano", "Cirvə", "Qabalove" kimi istirahət mərkəzləri heç də "Yeddi gözəl"dən geri qalmır, əksinə, öz gözəllikləri ilə hamını heyran qoyur. Sürücü Pərvin Hüseynovla birlikdə füsunkar Vəndamın adlarını çəkdiyimiz istirahət məkanları ilə yanaşı, digər ünvanlarına da baş çəkdik. Vəndam çayının sahili boyu uzanan yolla gedib "Semerano"ya baş çəkdikdən sonra çayın üstündən salınan yeni körpüdən keçib Vəndamın Yovurd adlanan yerinə gəldik. Çay boyunca uzanan, o qədər də uzaqda olmayan bu böyük ərazi sanki indinin orta səviyyəli tikinti meydanını xatırladırdı. Bir-birindən yaraşıqlı, müasir arxitektura ilə tikilən evlərə, istirahət ocaqlarına tamaşa edəndə gələcəyin daha çox gəzməli, görməli, dincəlməli ünvanı gözlərin qarşısında canlanır. Ərazidə rastlaşdığımız qəsəbə bələdiyyəsinin sədri Asif Həşimov söhbət əsnasında bildirdi ki, bu ərazidəki torpaqlar hələ sovetlər birliyi vaxtında Vəndamdakı kolxozlar tərəfindən adamlara verilmişdir, amma dəlisov Vəndam çayı onlara burada məskən salmağa, təsərrüfatçılıqla məşğul olmağa imkan verməmişdir. Üstündən keçib gəldiyimiz yeni körpü istifadəyə veriləndən sonra gördüyümüz bu canlanma başlanıb.

Doğrudan da, deyildiyi kimi, burada hamı tikir, təsərrüfat yaradır, doğma Vəndamı daha da böyüdür, zənginləşdirir.

Bəli, haqqında söhbət açdığımız Qəbələ rayonunun Vəndam qəsəbəsi, həm sosial abadlıq, tikinti-quruculuq baxımından, həm iqtisadiyyatının möhkəmlənməsi sarıdan nə qədər zənginləşibsə, onun bu istiqamətlərdəki inkişafına daha çox dəstək verən bir mənəvi amil də var. O da bu gün Azərbaycanın Milli Qəhrəmanı, general-mayor Polad Həşimovun vəndamlı olmasıdır. Yaşından, kimliyindən, həyatda tutduğu mövqeyindən asılı olmayaraq hamının qəlbində Polad Həşimovun heç vaxt unudulmayan yolu, döyüş yolu əbədiləşib. Onun böyük məhəbbət və sevgi ilə xatırlanıb, ucalardan uca tutulan ömür yolu nəinki vəndamlıların, qəbələlilərin bütün azərbaycanlıların daim öyrənilməli, nəsildən-nəslə ərməğan edilməli şərəfli yoldur. Vəndamın bugünkü füsunkarlığı da, iqtisadiyyatı da Polad Həşimovun qəhrəmanlığından mənəvi güc alır, zənginləşir. Qəsəbənin lap mərkəzində Milli Qəhrəmanın şərəfinə salınan Şəhidlər Xiyabanındakı əzəmətli portretinə baxanda düşünürsən ki, sanki o, torpaqlarımızın işğaldan azad olunması yolunda canını fəda edib, şəhidlik zirvəsinə ucalan igidlərimizlə söhbətləşir, Vətənimizin daha da çiçəklənməsi üçün onların timsalında bütün gənclərimizi daha ayıq-sayıq olmağa çağırış edir. Milli Qəhrəmanın milli qüruru, onun döyüşkənliyini, cəsurluğunu nümayiş etdirir.

Qəsəbənin gənc sakinlərindən olan Xəyal Rəsulzadənin dediklərindən: -- Qəsəbəmizin 677 nəfər birinci və ikinci Qarabağ müharibəsi veteranı var. Qırx dörd günlük Vətən müharibəsində 17 vəndamlı balası şəhid olub. Biz gənclər şərəfli döyüş yolu keçən igidlərimizin, şəhidlik zirvəsində əbədi məskən salan oğullarımızın mənalı həyat yollarıyla fəxr edir, bütün fəaliyyətimizi o yolun işığı ilə tənzimləyirik. Onların başında həmyerlimiz, general-mayor, Azərbaycanın Milli Qəhrəmanı Polad Həşimov durur.

Vəndamlılar dövlətə, dövlətçiliyə sədaqətləri ilə də həmişə seçilirlər. Ulu öndər Heydər Əliyev sağlığında Qəbələyə növbəti səfərlərinin birində Vəndamdan keçərkən burada dayanıb, sakinlərlə həmsöhbət olanda da, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Vəndamdakı görüşlərində də vəndamlılar bunu öz əməlləri, söhbətləri ilə bir daha təsdiqləmişlər.

Vəndamın sosialyönümlü xidmət obyektləri təhsilə, səhiyyəyə, mədəniyyətə qayğıları ilə də diqqəti cəlb edir. Burada uşaq bağçaları, üç orta məktəb, rabitə obyektləri var. Vəndamlılar iki məsciddən istifadə edirlər. Qəsəbə rəsmiləri bildirdilər ki, artıq burada içməli su problemi öz həllini tapıb, qəsəbə ərazisində 3 kilometrə yaxın daxili yollar asfaltlanıb. Vəndam çoxlu ziyalılar ordusu olan bir ünvandır. Onlardan ölkəmizin müxtəlif strukturlarında rəhbər vəzifələrdə çalışanlar da, ayrı-ayrı ali məktəblərdə fəaliyyət göstərənlər də çoxdur. Söhbət açdığımız qəsəbənin iqtisadi həyatı da ürəkaçandır. Taxılçılıq, baramaçılıq, heyvandarlıq, qəsəbənin aqrar həyatında önəmli yer tutur. Əkin sahələri qəsəbədən bir neçə kilometr aralıda olan Əmirvan kəndi ərazisindədir. Ora gedib-gəlmək son illərə kimi yol sarıdan çox çətinlik yaradırdı. Artıq bu məsələ də öz müsbət həllini tapıb. Qəsəbədən əkin sahələrinə kimi olan yol asfaltlanıb. Həmin yolun açılışına da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xeyir- duası olub.

Bu yazımızda 10 min nəfərdən çox əhalisi, 3 minə yaxın təsərrüfatı olan Vəndam qəsəbəsinin sosial-iqtisadi, mənəvi həyatından qısa söhbət açdıq. Amma hələ yazılmalı, hamıya tanıdılmalı ürəkaçan faktlar çoxdur.

Qəsəbə ilə tanışlıqda mənə bələdçilik edən sürücü Pərvin sonda bu sözləri dedi:

- İnsan gərək öz şan-şöhrəti, öz şəxsi dünyası barədə düşünməsin. Yaşadığın ünvanda, işlədiyin kollektivdə əməlinlə, yaxşılıqlarınla iz qoymaqla həmişə xatırlanmalıdır. Gərək körpü salasan ki, üstündən keçənlər olsun, çıraq yandırasan ki işığına yığışsınlar. Bax, bunların hamısı qəsəbəmizdə tarixən olub, indi də var.

Əlbəttə, Milli Qəhrəman, general-mayor Polad Həşimovun dünyaya göz açdığı ünvanın gəncləri də, ağsaqqal və ağbirçəkləri də bu arzu, istəklərlə yaşayır və çalışırlar.

    Rasim AMANOV,

     “Respublika”.