Füzuli Beynəlxalq Hava Limanı: son tamamlama işləri aparılır
İQTİSADİYYAT

Füzuli Beynəlxalq Hava Limanı: son tamamlama işləri aparılır

İşğaldan azad olunmuş ərazilərdə nəqliyyat infrastrukturu beynəlxalq standartlara uyğun yaradılır

Ölkəmizin tarixi qələbəsindən sonra azad edilmiş torpaqlarda bərpa-quruculuq işlərinə start verilmiş, böyük infrastruktur obyektlərinin təməli qoyulmuş və bu yöndə dövlətimiz tərəfindən mühüm addımlar atılmışdır. Ərazilərimizdə reallaşdırılan layihələr hər bir vətəndaş üçün olduqca qürurvericidir. Odur ki, Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın işğaldan azad edilmiş rayonlara səfərləri həmişə böyük maraq, ruh yüksəkliyi ilə qarşılanır və böyük əhəmiyyət daşıyan əlamətdar hadisələrlə yadda qalır. Səfərlər zamanı müxtəlif təməlqoyma, açılış tədbirləri həyata keçirilir, digər tikintilər kimi, nəqliyyat layihələrinin icrasına da nəzarət edilir, müvafiq göstərişlər verilir.

Ərazilərimizin yenidən qurulması və bərpası, eyni zamanda, orada beynəlxalq standartlara uyğun nəqliyyat infrastrukturunun  yaradılması prioritet məsələlərdəndir. Hazırda işğaldan azad olunmuş ərazilərimizdə üç hava limanı tikilir ki, bunlardan ilk olanı Füzuli Beynəlxalq Hava Limanı artıq istismara hazırdır. Yaşayış sahələrinin inkişafı baxımından mühüm önəm daşıyacaq bu hava limanı xarici turistlərlə yanaşı, Azərbaycan vətəndaşlarının da daha qısa zamanda və sərfəli şəkildə Qarabağı ziyarət etməsinə imkan verəcəkdir. Hava limanının təməli bu il yanvarın 14-də Prezident cənab İlham Əliyev tərəfindən qoyulub.

Füzuli Beynəlxalq Hava Limanı regionda ən qısa zamanda inşa edilən beynəlxalq hava limanlarından biridir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 29-da Füzuli Beynəlxalq Hava Limanında tikinti işlərinin gedişi ilə tanış olmuşlar.

Avtomobildə çəkilən videogörüntüdə Prezident İlham Əliyev demişdir: “Füzuli Beynəlxalq Hava Limanına yaxınlaşırıq. Sol tərəfdə aerovağzal kompleksidir, qarşıda uçuş-enmə zolağı. Cəmi bir neçə ay ərzində hava limanı demək olar ki, artıq açılışa hazırlaşır. Hava limanının inşası bu il başlamışdır. Mən demişdim ki, bu il Füzuli Beynəlxalq Hava Limanı istifadəyə veriləcək. Bəlkə də dünyada bu sürətli templərlə heç bir hava limanı tikilməmişdir. Artıq uçuş-enmə zolağı da hazırdır. Burada son tamamlama işləri aparılır. Bir daha qeyd etmək istəyirəm, bu il mən hava limanının təməlini qoydum, indi isə gəlirik inşaat işləri ilə tanış olmağa. Bu aeroport Qarabağın hava qapısıdır”.

Prezident İlham Əliyevin tapşırığı ilə Füzuli rayonunda qısa müddətdə bu cür ən müasir standartlara cavab verən Beynəlxalq Hava Limanının inşasının həyata keçirilməsi sözün əsl mənasında misli görülməmiş hadisə və mənfur düşməndən azad olunmuş torpaqlarımızda böyük yenidənqurma və tikinti işlərinin aparılmasının bariz nümunəsidir. Qeyd edək ki, Ermənistan Silahlı Qüvvələrinin Füzuli şəhərinin işğalından öncə şəhərdə yerli əhəmiyyətli olsa da, hava limanı mövcud idi.  Bu hava limanı da bütün şəhər kimi son 27 ildə xarabalığa çevrilmişdi.

Köhnə hava limanının yerində tikilən  Füzuli Beynəlxalq Hava Limanında uçuş-enmə zolağının inşası bu sahədə böyük təcrübəsi olan yerli “Azvirt” MMC tərəfindən həyata keçirilmişdir. Tikinti getdiyi ərazinin döyüş bölgəsi olması, düşmən tərəfindən minalanması sürət tempinə öz təsirini göstərmişdir. Belə ki, tikinti ilə yanaşı, minalardan təmizləmə işi paralel olaraq aparılmışdır. Aeroportun tikintisində müasir texnologiyalardan istifadə edilmişdir.

Həmçinin Füzuli Beynəlxalq Hava Limanının istifadəyə verilməsi turistlərin  daha sərfəli və qısa yolla, praktik olaraq birbaşa işğaldan azad olunan ərazilərimizə səfər edə bilmələrinə imkan yaradacaq, doğma torpaqlarımıza gələcək xarici turistlərin sayına müsbət təsir göstərəcəkdir. Qarabağın tacı hesab edilən Şuşaya daha tez çatmaq üçün əvvəlcə Füzuli Beynəlxalq Hava Limanına enmək, oradan isə birinci dərəcəli yolla Şuşaya getmək mümkün olacaqdır. Bu amil Şuşaya, Azərbaycanla bərabər, ölkə xaricindən də gəlişi asanlaşdıracaq, həm daxili, həm də xarici turizmin inkişafında mühüm rol oynayacaqdır. Bölgənin iqtisadi potensialının bir hissəsinin turizmlə bağlı olmasını nəzərə alsaq bu hava limanı turizm üçün əlverişli nəqliyyat növüdür. Bütün hallarda Füzuli Beynəlxalq Hava Limanı nəqliyyat infrastrukturunun şaxələndirilməsinə imkan verməklə təkcə həmin bölgənin deyil, ümumilikdə ölkənin iqtisadi inkişafına öz töhfəsini vermək iqtidarındadır. Hava limanının bu ərazidə olması, turizmdən başqa, bölgənin sənaye və kənd təsərrüfatı sektorunun inkişafına da öz müsbət təsirini göstərəcək. Bu ərazilərdə müasir istehsal sahələrinin qurulması üçün xaricdən avadanlıqların gətirilməsi, istehsal olunacaq malların uzaq xarici bazarlara ixracının təşkili məsələlərini də aktuallaşdırır. Eyni zamanda, hava limanı yükdaşımalar, xüsusən də beynəlxalq yükdaşımalar üçün vacib əhəmiyyət kəsb edir. İşğaldan azad edilmiş ərazilərimizin sənaye potensialını nəzərə alsaq, hava limanı həm də həmin ərazilərdə istehsal olunacaq sənaye məhsullarının dünya bazarına çıxarılması və bütövlükdə regionun ixrac imkanlarının genişləndirilməsi baxımından vacibdir və yeni iş yerlərinin yaradılmasına da xidmət edəcəkdir. Bu, xüsusən, ərazilərimizdə məskunlaşan vətəndaşlarımızın məşğulluğunun təmin olunmasında da mühüm rol oynayacaq. Sevindirici haldır ki, Qarabağda tarixi yaşayış yerlərinə qayıdan əhalini işlə təmin edən ilk təşkilatlardan biri olan “Azərbaycan Hava Yolları” QSC (AZAL) Füzuli Beynəlxalq Hava Limanında Füzuli sakinləri üçün vakant yerlərin açıldığını elan etmişdir.

Həmçinin bu il aprelin 26-da Prezident İlham Əliyev Zəngilan, avqustun 16-da isə Laçın Beynəlxalq Hava limanlarının da təməlini qoyub. İşğaldan azad olunmuş ərazilərdə Zəngilan Beynəlxalq Hava Limanı ikinci, Laçın isə üçüncüdür. Laçın Azərbaycanın dəniz səviyyəsindən ən hündürdə yerləşən hava limanı olacaqdır. Bu hava limanı  təkcə Laçın üçün yox, həm də Kəlbəcər və Şuşa rayonu ərazisinə hava nəqliyyatı ilə gediş-gəlişi asanlaşdıracaq. Xüsusi qeyd olunmalıdır ki, sovet dövründə heç vaxt Kəlbəcər-Laçın rayonlarında hava limanı olmayıbdır.

Bir sözlə, bu gün Qarabağda reallaşan nəqliyyat  layihələri ölkəmizin iqtisadi inkişafına mühüm töhfələr verəcək.

M.MİRZƏ,

“Respublika”.