Füzuli: Dirçəlişdən yüksəlişə doğru
Region

Füzuli: Dirçəlişdən yüksəlişə doğru

Uzun illər ərzində Ermənistanın işğalı altında qalan Füzulinin 2020-ci il oktyabrın 17-də qəhrəman Azərbaycan Ordusu tərəfindən azad edilməsi həm hərbi, həm də tarixi baxımdan böyük əhəmiyyət kəsb edir. Əvvəlcə rayonun tarixinə qısa bir nəzər salaq. Rayonun ilk adı Qarabulaq olub, 1930-cu ildə isə Karyagin adlandırılıb. 1959-cu ilin aprel ayında dahi Azərbaycan şairi Məhəmməd Füzulinin anadan olmasının 400 illiyi şərəfinə rayona Füzuli adı verilib.

Füzuli Qarabağ dağ silsiləsinin cənub-şərq ətəklərində Araz çayına qədər maili düzənlikdə yerləşir. Cəbrayıl, Xocavənd, Ağcabədi, Beyləqan rayonları və Araz çayı boyunca İranla həmsərhəddir. Rayonun ərazisi 1386 kvadratkilometr, əhalisi isə təxminən 144 min nəfərdir. Füzulinin ərazisindən Quruçay, Köndələnçay, Qozluçay və Çərəkən çayları keçir. Burada zəngin tarixi abidələr mövcuddur. Mədəniyyət və memarlıq abidələri - mağara və kurqanlar, çoxlu sayda türbə, qəbirüstü abidələr, at, qoç fiqurları, körpülərlə də zəngindir. Təəssüf ki, bu nadir abidələrin bir çoxu, eləcə də Azıx mağarası erməni vandalizminin qurbanına çevrilib. Həmin abidələrin qalıqları durur. Füzuli torpağı görkəmli şəxsiyyətlər yetişdirib, adlı-sanlı əmək qəhrəmanları, yazıçıları, muğam ustaları ilə tanınıb.

Qeyd edək ki, silahlı qüvvələrimizin ilk uğurlu hərbi əməliyyatları məhz Füzuli rayonundan başlayıb. Müharibənin ilk günündə - sentyabrın 27-də Füzulinin Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Əbdürrəhmanlı kəndləri və Cəbrayılın Böyük Mərcanlı və Nüzgar kəndləri azad edilib. İşğalçı Ermənistan ərazinin necə böyük əhəmiyyət daşıdığını dərk edərək burada çox güclü istehkamlar qurmuş, mərhələli müdafiə xətti yaratmışdı. Eyni zamanda, otuz ilə yaxın müddətdə burada möhkəmlənmişdi. Buna baxmayaraq, bu istehkamları, müdafiə xətlərini yarıb keçmək ordumuzun qəhrəmanlığı və fədakarlığı sayəsində mümkün oldu. Bu istehkamları canı-qanı bahasına dağıdaraq irəliləyən qəhrəman əsgər-zabitlərimiz düşmənə Azərbaycan xalqının böyüklüyünü bir daha göstərdi. Təbii ki, döyüşçülərimizin fədakarlığını görən düşmənin gözü qorxdu və onlar vahiməyə düşdülər. Gördülər ki, bizim əsgər-zabitlərimiz doğma torpaqları azad etmək üçün ölümə belə hazırdırlar.

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev oktyabrın 17-də Füzuli rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə bildirib ki, həm işğal dövründə, həm müharibə dövründə bütün təzyiqlərə, bəyanatlara baxmayaraq, bizim qarşımızda heç bir qüvvə dayana bilmədi. Biz Ermənistan ordusunu darmadağın etdik, erməni mifologiyasına son qoyduq, "yenilməz Ermənistan ordusu"nun nəyə qadir olduğunu, xalqımızın isə böyüklüyünü nümayiş etdirdik. Bu şanlı Qələbə çoxəsrlik Azərbaycan tarixində əbədi yaşayacaqdır.

İstefada olan türk general-mayoru Yücel Karauz Füzuli uğrunda gedən döyüşlər haqqında deyib ki, ermənilər 28 il boyunca işğal etdikləri torpaqlarda təmas xəttindən etibarən əngəllər yaradıb, silahlar, hərbi təchizat, minalar, elektronik vasitələr və digər üsullarla qorumağa çalışırdı. Onlar Majino xətti (1929-1932-ci illərdə Fransanın hərbi naziri olmuş A.Majinonun təklifi ilə Almaniya, Lüksemburq və qismən Belçika sərhədində tikilən fransız uzunmüddətli fortifikasiya qurğuları sistemi) kimi mərhələli şəkildə xətlər təşkil etmişdilər.

 Bunların keçilməsi çox çətin idi. Bu əngəllərin keçilməsi üçün xüsusi texnikalardan istifadə edilməli, taktikalar tətbiq olunmalı idi. Ermənilər deyirdilər ki, Azərbaycan Ordusu sərhəddən etibarən üç mərhələli olan xətləri keçə bilməz və Ermənistan ordusu yenilməzdir. Füzulinin azad olunması ermənilərin bu mifini darmadağın etdi. Yenilməz, keçilməz deyilən xətlərin darmadağın edilməsi, erməni ordusunun məhv olunması, silah-sursatının ələ keçirilməsi, əsgərlərinin döyüşü tərk edib qaçması, ordusunun diz çökməsi, tarazlığının pozulması, eyni zamanda ermənilərin onsuzda zəif olan döyüş əzmini və qərarlılığını yox etdi. Erməni xalqının, dövlətinin mənəvi və faktiki olaraq çökməsinə, sonun başlanğıcına səbəb oldu. Qarabağı 28 il boyunca analarının laylalarında Vətən, millət, bayraq kəlmələrini dinləyərək böyüyən nəsil, döyüşçü ruhlu, rəşadətli ordu azad etdi.

Birinci Qarabağ müharibəsində torpaqlarımızın müdafiə edilməsi zamanı Füzulinin 1100-dən çox şəhidi olub, 181 nəfər itkin düşüb, 1341 nəfər sağlamlığını itirib. 6 nəfər Milli Qəhrəman adına layiq görülüb. Vətən müharibəsində Füzulidən 74 nəfər şəhid olub, onlarla insan qazidir. Burada tarixi bir məqama nəzər salaq. Belə ki, 1993-cü il dekabr ayının əvvəllərində xalqımızın ümummilli lideri Heydər Əliyevin Füzuli bölgəsinə səfəri, döyüşçülərlə və əhali ilə görüşləri heç də təsadüfi xarakter daşımırdı. Bu səfərdən heç bir ay keçməmiş, 1994-cü ilin yanvar ayında milli ordu hissələri əks-hücuma keçərək düşmənə ağır və sarsıdıcı zərbələr vurdu, Horadiz qəsəbəsi də daxil olmaqla, 22 yaşayış məntəqəsi işğaldan azad edildi. Vaxtilə ermənilər tərəfindən dağıdılan və yandırılan Horadiz indi Avropanın inkişaf edən şəhərlərindən fərqlənmir, bu torpaqlar əsl gülüstanı xatırladır.

2016-cı ilin aprel ayında Azərbaycan ordusunun uğurlu əks-hücum əməliyyatı zamanı min hektarlarla torpaq işğalçılardan azad edildi və çox böyük strateji əhəmiyyət daşıyan Lələtəpə yüksəkliyinə üçrəngli bayrağımız sancıldı. Xalqımız uzun illərdən sonra az da olsa qələbə sevincini yaşadı, hər birimizdə torpaqlarımızın işğalçılardan tam azad edilməsinə güclü inam yarandı. Ötən il oktyabrın 17-də Füzuli şəhərinin azad edilməsi düşmən üzərində ən şanlı qələbə sayılır. Füzulililərin sevincinin həddi-hüdudu yoxdur. Son bir il onların həyatında qələbə və zəfər ili kimi yaddaşlara yazılıb.

Həmsöhbətim rayon sakini, ağsaqqal Bayandur Şirinov da sevincini dilə gətirir, dövlətimizin rəhbəri ilə qürur duyduğunu deyir:

- Yaşımın elə vədəsidir ki, oturub-durub fikir edirdim ki, Füzulinin işğaldan azad edilməsi gününü görəcəyəmmi? Allaha min şükür, möhtərəm Prezidentimiz İlham Əliyevin sərkərdəliyi ilə ordumuz işğalçıları torpaqlarımızdan qovdu. Müharibənin ilk günlərində Füzulinin azad edilməsi hamı kimi mənə də sonsuz sevinc bəxş elədi. Bax bu sevinci bizə yaşadan Ali Baş Komandanımıza həmyerlilərim adından dərin minnətdarlığımı bildirirəm. Uca Allahdan şəhidlərimizə rəhmət diləyir, qazilərimizə cansağlığı arzulayıram.

Düşmən Füzuli şəhərini xarabalığa çevirib, bu yerlərdəki həyat işartılarını belə məhv edib, faşist ermənilər torpağa, ağaclara qəsd ediblər. Vətən müharibəsində Ermənistan ordusunun artilleriya atəşi nəticəsində Füzuli rayonunun əlimizdə olan hissəsində 372 binaya ziyan dəyib. Həmçinin dağıntıya məruz qalan 330 tikilinin təmiri başa çatıb, digər tikililərdə işlər davam etdirilir.

Rayonda nəşr olunan "Qayıdış" qəzetinin baş redaktoru Bayram Niftəliyev Prezidentin Füzulinin işğaldan azad edilməsinin ildönümündə rayona gəlməsini, ictimaiyyət nümayəndələri ilə görüşünü bu qədim diyarın tarixinin ən şərəfli səhifəsi olduğunu bildirir və deyir:

- İşğal dövründə möhtərəm Prezidentimiz İlham Əliyev Füzuli rayonunun əlimizdə olan hissəsinə 12 dəfə səfər edib, füzulililərə səmimi və doğma münasibət göstərib. Həmin səfərlərdən sonra rayonun inkişafı ilə bağlı çox böyük işlər görüldü. Horadiz qəsəbəsinə şəhər statusu verildi. Böyük sosial infrastruktur layihələri icra edildi - 24 məktəb, 2 xəstəxana, Olimpiya İdman Kompleksi, Gənclər Mərkəzi, Tarix-Diyarşünaslıq Muzeyi, Muğam Mərkəzi tikildi. Ermənilər tərəfindən dağıdılan və yandırılan fərdi evlərin bərpası işləri görülmüşdür. Qürur hissi ilə demək olar ki, Füzuli rayonunun inkişafı ilə bağlı çox genişmiqyaslı işlər aparıldı. Əlbəttə, dövlət başçısının diqqət və qayğısı bizi ruhlandırırdı, torpaqlarımızın işğaldan azad ediləcəyinə güclü inam yaradırdı. Füzulinin işğaldan azad edilməsi hamımıza sonsuz sevinc bəxş edib. Kimi dindirirsən, kiminlə həmsöhbət olursan, hamı ürəkdən gələn bir söz deyir: Müzəffər ordumuza, Qalib Ali Baş Komandan İlham Əliyevə minnətdarıq!

Yuxarıda qeyd etdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva oktyabrın 17-də Füzuli rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb, Memorial Kompleksin və şəhərin bərpasının təməl daşını qoyublar. Bundan başqa Füzuli şəhərinin baş planı təsdiq olunub. Baş plana əsasən Füzuli şəhəri ən müasir və analoqu olmayan bir yaşayış məskəninə çevriləcək. Yeni Füzuli şəhəri işğaldan əvvəlki şəhər ilə müqayisədə daha geniş əraziyə malik olacaq.

Vətən müharibəsində qazanılan tarixi Qələbənin ildönümü ərəfəsində işğaldan azad edilən Füzulidə ən iri infrastruktur layihə həyata keçirilib. Bölgədə və dünyada analoqu olmayan Füzuli Hava Limanı səkkiz aya ən müasir səviyyədə inşa edilərək istifadəyə verilib. Hava limanı ilk təyyarələri qəbul edib. Qarabağın hava qapısı adlandırılan Füzuli Beynəlxalq Hava Limanının istənilən tip hava gəmisini qəbul etmək imkanları var.

Oktyabrın 26-da Füzuli Beynəlxalq Hava Limanının açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan iştirak ediblər. Haqlı olaraq qeyd olunur ki, Füzuli rayonu öz tarixinin yeni bir mərhələsinə qədəm qoyub.

Növbəti 20 ildə əhali sayı 1993-cü il ilə müqayisədə 2,5 dəfə artacaq Füzuli şəhəri hava limanı da daxil olmaqla, 1936 hektar əraziyə malik olacaq. 46 kilometr avtomobil yolları olan şəhərdə piyada, velosiped yolları 85 kilometr olacaq. Əsasən yaşıllıqdan ibarət olan Füzuli şəhərinin mərkəzində 5 hektar Memorial Kompleksi salınacaq. Orada İşğal muzeyi, Memorial Kompleks və ona bitişik Zəfər parkı olacaq. Şəhəri əhatə edən yüksəklikdə Bayraq meydanı yaradılacaq. Füzuli şəhərində 21 hektarlıq böyük meşə parkı salınacaq. Ərazidə 5000-dən çox Eldar şamı, həmişəyaşıl sərv, zeytun, Şərq çinarı, ağcaqayın və digər növ ağaclar əkiləcək. Artıq Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva tərəfindən Füzuli şəhərində ilk yaşayış məhəlləsinin əsası qoyulub. 17,8 hektar ərazini əhatə edəcək yaşayış məhəlləsi mərhələli şəkildə tikilib istifadəyə veriləcək. İlk mərhələdə 1, 2, 3 və 4 otaqlı mənzillərdən ibarət 65 mənzilli 4-5 mərtəbəli yaşayış binaları inşa ediləcək. Məhəllədə çoxfunksiyalı binalar da olacaq. Ümumilikdə məhəllədə 2860 nəfərin yaşaması nəzərdə tutulur.

Ən iri infrastruktur layihələr Füzulidə həyata keçirilir, tarixi Zəfər yolu buradan keçir. Füzuli Hava Limanı isə ən qısa müddətdə tikilərək istifadəyə verilib. Bundan başqa, işğaldan azad edilən kəndlər də yenidən qurulacaq, hər ailəyə 12 sot həyətyanı sahə ayrılacaq. Yeni iş yerləri yaradılacaq, əhalinin məşğulluğu yüksək səviyyədə təmin olunacaq. Füzuli həm də aqrar rayon kimi inkişaf edəcək. Düşmən tərəfindən yandırılmış, susuzluqdan qovrulmuş torpaqlar cana gələcək, füzulililər əzəli və doğma torpaqlarını əsl cənnətə döndərəcək. Onlar bu amalla və istəklə gələcəyi qurmağa başlayıblar.

Salman ALIOĞLU,

"Respublika".