Füzuli ƏSƏDOV: Türkiyədə yanğınların söndürülməsində FHN-in 500-ə yaxın əməkdaşı iştirak edir
Digər xəbərlər

Füzuli ƏSƏDOV: Türkiyədə yanğınların söndürülməsində FHN-in 500-ə yaxın əməkdaşı iştirak edir

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Fövqəladə Hallar Nazirliyinin yanğın-xilasetmə qüvvələrinin əməkdaşlarından və yanğınsöndürmə texnikasından ibarət iki qrup artıq neçə gündür Türkiyədə mürəkkəb şəraitdə baş verən yanğınların söndürülməsinə cəlb edilib. Dövlətimizin başçısının tapşırığının icrası çərçivəsində bu gün əlavə 40 yanğın texnikası və 160 nəfər şəxsi heyətdən ibarət üçüncü qrup qardaş ölkəyə yola düşür.

AZƏRTAC xəbər verir ki, bunu Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi general-mayor Füzuli Əsədov avqustun 5-də jurnalistlərə açıqlamasında deyib.

Türkiyədə yanğınların söndürülməsi üçün Azərbaycandan ümumilikdə 500-ə yaxın şəxsi heyətin göndərildiyini vurğulayan F.Əsədov bildirib: “Bundan başqa, FHN-in bir helikopteri də yanğınların söndürülməsində iştirak edir. Həmçinin 100 yanğınsöndürmə texnikası Türkiyədə yanğınların söndürülməsi işlərinə cəlb olunub. Əməkdaşlarımızın meşə yanğınlarının söndürülməsi sahəsində kifayət qədər zəngin təcrübəsi var. Yanğınsöndürənlərimiz qardaş ölkədə yanğınların söndürülməsi işində ruh yüksəkliyi ilə iştirak edirlər”.

Xidmət rəisi bu günədək Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarından heç birinin ciddi xəsarət almadığını bildirib.

Xatırladaq ki, avqustun 5-də saat 06 radələrində FHN-in “BE-200ÇS” tipli amfibiya təyyarəsi Türkiyəyə yola düşüb.

FHN-in yanğınsöndürmə qüvvələrinin 100 əməkdaşından ibarət birinci qrup iyulun 30-da, 1 helikopter, 53 yanğınsöndürmə və xüsusi təyinatlı xilasetmə texnikası, 1 tibbi yardım avtomobili, 220 yanğınsöndürən və xilasedicidən ibarət ikinci qrup isə iyulun 31-də Türkiyəyə yola salınıb. Yanğınsöndürmə qüvvələrinin koordinasiyalı idarəetməsinin təşkili məqsədilə fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev hazırda Türkiyədədir. Azərbaycan yanğınsöndürənləri alovların söndürülməsi və qarşısının alınmasında fədakarlıqla çalışırlar. 

AZƏRTAC