Füzuli: il ildən uğurlu gəlir
Region

Füzuli: il ildən uğurlu gəlir

Ölkəmizin sosial, iqtisadi, mədəni həyatında dərin izlər buraxan, bir çox uğurlar qazanılan 2022-ci il başa çatır. Qürurla deyə bilərik ki, Azərbaycanın inkişafı və tərəqqisi davamlı və dayanıqlı xarakter alıb, bu irəliləyiş bölgələrin timsalında özünü daha qabarıq büruzə verir. Qeyd edək ki, regionların sosial-iqtisadi inkişafı dövlət siyasətində mühüm yerlərdən birini tutur. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş inkişaf strategiyası uğurla davam etdirilir, iqtisadiyyatın möhkəmləndirilməsi üçün məqsədyönlü tədbirlər həyata keçirilir, yeni və müasir texnologiyalar tətbiq edilir, əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mühüm addımlar atılır. Məhz buna görə də dövlətimizin başçısı İlham Əliyevin fəaliyyətində əsas diqqət insan amilinə, sosial problemlərin həllinə və vətəndaş cəmiyyətinin formalaşmasına yönəldilib.

Yerli icra orqanları qarşısında qoyulan vəzifənin əsas qayəsi vətəndaşlara diqqət, qayğı, səmimi münasibətdən ibarətdir. Bir kəlmə xoş söz, doğma münasibət hər bir insana mənəvi güc və həyat eşqi bəxş edir. Mənəviyyata güclü təsir göstərən bu yüksək dəyərlər daha çox şəhid ailələri, müharibə əlilləri üçün sözün əsl mənasında, bir məlhəmə çevrilir.

Vətəndaşların müraciətlərinə baxılması, şikayətlərin yaranmasına səbəb olan amillərin araşdırılması, təhlil edilməsi və narahatlıq doğuran səbəblərin müəyyənləşdirilərək aradan qaldırılması üçün cari ilin ötən 11 ayı ərzində əməli tədbirlər həyata keçirilib. Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyevin kənd və qəsəbələrdə keçirdiyi görüşlər, əhalini narahat edən problemlərin yerindəcə həll edilməsi, imkansız ailələrə maddi və mənəvi kömək göstərilməsi, məşğulluğun təmin edilməsi dərin razılıqla qarşılanır. Ötən  on bir ay ərzində rayon icra hakimiyyətinə (rəqəmsal icra hakimiyyəti də daxil olmaqla) 668 ərizə və şikayət formasında müraciət daxil olub. 2021-ci ildə isə bu göstərici 873 idi. Göründüyü kimi, əvvəlki illə müqayisədə müraciətlərin sayı azalıb. Çünki daxil olan hər bir müraciət, yazılı və şifahi şikayət  ətraflı öyrənilir, müraciətlərin yaranma səbəbləri araşdırılır, dövlət hakimiyyəti orqanlarında və onların yerli qurumlarında vətəndaşların müraciətlərinə baxılması, qəbulunun təşkili, bu sahədə qanunvericiliyə əməl olunması məsələləri müntəzəm təhlil edilir.

Ümumilikdə 2022-ci ilin ötən 11 ayı ərzində daxil olmuş müraciətlərdən 169-u mənzil məsələləri, mənzillə təmin olunma, yandırılmış və dağıdılmış evlərin bərpası, fərdi yaşayış evlərinin tikintisi və təmiri, keçmiş məcburi köçkünlər üçün tikilən şəhərciklərdə və qəsəbələrdə mənzillə təmin olunma, 59-u torpaq və kənd təsərrüfatı məsələləri ilə bağlı olub. 106 müraciət isə əmək və əhalinin sosial müdafiəsi məsələləri, işlə təmin olunma, əmək mübahisələri, işdən çıxarılma, birdəfəlik maddi yardım, ünvanlı sosial yardımın təyin edilməsi, özünüməşğulluq proqramında iştirak, əmək pensiyası ilə əlaqədardır. Rəqəmlərdən də göründüyü kimi,vətəndaş müraciətlərinə həssas və ciddi diqqət göstərilməsi yerli icra hakimiyyətinin fəaliyyətində mühüm yerlərdən birini tutur.

2019-2023-cü illəri əhatə edən regionların sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramı Füzuli rayonunda  uğurla həyata keçirilir. Təkcə Horadiz şəhərinə baxmaq kifayətdir ki, müasirliyi, gözəlliyi, inkişafı görəsən. Burada hər bir iş zərgər dəqiqliyi ilə həyata keçirilir, küçələr genişləndirilir, yaraşıqlı məhəllələr salınır, işıqlandırma, yaşıllaşdırma şəhərə özgə bir gözəllik verir. Mübaliğəsiz demək olar ki, Horadiz  Avropa şəhərlərindən heç də geridə qalmır, əksinə, bir neçə parametrdə daha yaraşıqlı görünür. Tək Horadizdə deyil, başqa kəndlər və qəsəbələrdə də həyatın axarı, adamların fəallığı diqqəti daha çox cəlb edir.

Son illər  regionların sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramı çərçivəsində Füzuli rayonunda 3 bağça, 1 məktəb tikilib istifadəyə verilib, bir təhsil ocağı isə əsaslı təmir edilib. 2020-ci ildə  Füzuli Rayon Mərkəzi Xəstəxanası üçün yeni və müasir bina tikilərək istifadəyə verilib. Müasir tələblərə cavab verən belə bir xəstəxananın rayonda tikilməsi həm pandemiya ilə mübarizədə, həm də Vətən müharibəsi zamanı həkimlərin və tibb işçilərinin yüksək ximət göstərmələrinə şərait yaratdı.

Hazırda rayon ərazisində qazlaşdırmanın səviyyəsi 100%-ə çatdırılıb və ərazidə əhalinin mavi yanacaqla, eləcə də elektrik enerjisi ilə fasiləsiz təminatı həyata keçirilir. Dövlət Proqramının uğurlu icrası rayonda içməli su təchizatına da öz mühüm töhfəsini verib. Belə ki, rayon əhalisinin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə kəndlərdə yerləşən subartezian nasos aqreqatları cari təmir edilib, Horadiz şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin layihələndirilməsi və yenidən qurulması ilə bağlı mühüm tədbirlər görülüb.

Füzuli Rayon İcra Hakimiyyətindən  verilən məlumata görə, rayonda fəaliyyət göstərən bir qrup sahibkar və iş adamı təşəbbüslə çıxış edərək şəhid ailələrinin, qazilərin işlə təmin olunmalarına, onların məşğulluğunun artırılmasına öz töhfələrini vermək istəklərini rayon icra hakimiyyətinin başçısı Alı Alıyevə bildiriblər. Müraciətə uyğun olaraq şəhid ailələrinin, qazilərin könüllülük prinsipi əsasında işlə təmin olunmaları üçün rayon icra hakimiyyətində görüş keçirilib, sahibkarlar və iş adamları ilə şəhid ailələri, qazilər arasında müvafiq müqavilələr imzalanılıb. İmzalanan müqavilələr əsasında rayon ərazisində yaşayan 8 şəhid ailəsinin üzvü və 14 Vətən müharibəsi qazisi işlə təmin olunub. Özəl sektorun nümayəndələri sahibkarlıq fəaliyyəti ilə məşğul olmaları üçün onlara yaradılan şəraitə, şəhid ailələri və qazilər isə onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Salman ALIOĞLU,

“Respublika”.