Füzuli Rayon Mərkəzi Xəstəxanasının baş həkimi barəsində cinayət işi məhkəməyə göndərilib
Digər xəbərlər

Füzuli Rayon Mərkəzi Xəstəxanasının baş həkimi barəsində cinayət işi məhkəməyə göndərilib

Füzuli Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Natiq Şükürovun və digərlərinin qanunsuz əməlləri ilə əlaqədar aparılmış araşdırma nəticəsində Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət işinin istintaqı tamamlanıb.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, istintaqla Natiq Şükürovun həmin vəzifədə işləməklə Həkim-Məsləhət Komissiyasının sədri səlahiyyətlərini həyata keçirərkən 2018-2019-cu illərdə əlillik dərəcəsinin təyin olunması üçün müraciət etmiş 15 nəfəri sözügedən Komissiyada müayinədən keçirməməsinə, bununla belə onların təqaüd ala bilmələri üçün əsas olan xəstəlik barədə qəsdən təhrif edilmiş məlumatları özündə əks etdirən elektron göndərişləri qanunsuz olaraq özündə saxladığı elektron imzalar vasitəsilə təsdiqləyib aidiyyəti qurumlara göndərərək həmin şəxslərə əlillik dərəcələrinin təyin olunmasına və bununla da cəmi 23 min 400 manat məbləğində pul vəsaitinin həmin şəxslərin bank kartı hesablarına köçürülməsinə nail olmasına əsaslı şübhələr müəyyən olunub.

Bundan başqa, istintaq zamanı Natiq Şükürovun törətdiyi cinayət əməllərinin ifşa olunmasından yayınmaq üçün rəhbərlik etdiyi xəstəxananın poliklinika şöbəsinin müdiri, eyni zamanda həkim-məsləhət komissiyasının üzvü olan Şəfa Şükürov ilə cinayətkar əlaqəyə girərək, müvafiq göndərişlərlə bağlı aparılan sənədləşdirmənin guya qanuni olması görüntüsü yaratmaq məqsədilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə həmin sənədləri xəstəxananın möhürü ilə qanunsuz olaraq təsdiq edib təkrarən vəzifə saxtakarlığı törətməsinə əsaslı şübhələr müəyyənləşdirilib.

İş üzrə toplanmış kifayət qədər sübutlar əsasında Natiq Şükürova Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 313-cü (vəzifə saxtakarlığı), Şəfa Şükürova isə həmin Məcəllənin 32.5, 313-cü (vəzifə saxtakarlığına köməklik etmə) maddələri ilə ittiham elan edilib. Cinayət işi baxılması üçün aidiyyəti məhkəməyə göndərilib.

Dəymiş ziyan istintaq zamanı tam ödətdirilib.

AZƏRTAC