Füzuli: şəhər sakinləri yeni evlərə köçürüləcək
Region

Füzuli: şəhər sakinləri yeni evlərə köçürüləcək

Bəşər övladının ən böyük arzularından biri ev tikmək, yuva qurmaq, ocaq yandırmaq, ailə sahibi olmaq, firavan həyat yaşamaq olub.  Təəssüf ki,  ermənilər bu bəşəri hisslərdən məhrumdurlar,  onların kirli niyyəti yalnız ev yıxmaq,  adam öldürmək, yandırmaq, dağıtmaq, terror törətmək, azərbaycanlılara qarşı deportasiya,  etnik təmizləmə və vəhşilik olub. Ermənilərin son iki yüz il ərzində azərbaycanlılara qarşı törətdikləri vəhşiliyə və barbarlığa indi son qoyulub. 44 günlük Vətən müharibəsində Azərbaycanın qazandığı böyük Zəfərdən sonra Prezident İlham Əliyevin göstərişi və sərəncamları ilə işğaldan azad edilmiş ərazilərimizdə dərhal quruculuq və abadlıq işləri başlayıb.  Doğma torpaqlarımızda quruculuq  işləri sürətlə aparılır, böyük infrastruktur yaradılır, ermənilər tərəfindən xarabalığa çevrilən yurd yerlərində tikinti-quruculuq layihələri həyata keçirilir.  Keçmiş məcburi köçkünlərin səbirsizliklə gözlədikləri Böyük Qayıdış başlayıb. İlk qayıdış Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə oldu, sonra Zəngilan rayonunun Ağalı kəndinə köçürülmə  davam etdirilir. Hazırda Füzuli rayonunun Dövlətyarlı kəndi ərazisində “ağıllı kənd” tikilir.  

Qeyd edək ki, quruculuq işləri işğaldan azad edilmiş rayonlarımızın hamısında demək olar ki,  paralel şəkildə aparılır.  Hazırda Füzuli rayonunda da yeni yaşayış məntəqələrinin inşası sürətlə həyata keçirilir. Ermənistanın və onun havadarlarının viran qoyduğu Füzulinin xarabalıqları yerində yeni və müasir bir şəhər qurulur. Şəhərdə  ilk yaşayış məhəlləsi bu ilin sonunda istifadəyə verilməsi nəzərdə tutulub.  Ötən ildən başlanan ilk çoxmənzilli yaşayış məhəlləsinin inşası hazırda sürətlə davam etdirilir.

Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) tərəfindən inşa edilən yaşayış məhəlləsi 8, 9 hektar ərazini əhatə edir.  Ərazidə 846 mənzildən ibarət 38 bina inşa ediləcək və binalar 4,  5,  6 və 7 mərtəbəli olacaq. İstifadəyə veriləcək  mənzillərin 318-i ikiotaqlı,  430-u üçotaqlı, 98-i isə dördotaqlıdır.  Bütün binalar yeraltı dayanacaq və liftlə təmin olunacaq.  Yaşayış məhəlləsində hər biri 950 kubmetr olan 2 su anbarının,  qazanxananın,  elektrik yarımstansiyasının da tikintisi nəzərdə tutulub.  Binalar mərkəzləşmiş istilik sistemi ilə təchiz ediləcək.  

Yeni məhəllədə istirahət,  ticarət, ictimai iaşə, mədəniyyət,  məişət və kommunal xidmətlər üçün tikililər də inşa ediləcək, yaşıllıqlar salınacaq və fəvvarələr quraşdırılacaq. Velosiped yollarının çəkiləcəyi də nəzərdə tutulub.  Binaların 1-ci mərtəbələri qeyri-yaşayış obyektləri üçün istifadə ediləcək. Hazırda 24 binada tikinti işləri aparılır və bu ilin sonunadək istifadəyə veriləcək.  Onu da əlavə edək ki, növbəti mərhələdə burada fərdi yaşayış evləri də tikiləcək və yeni infrastrukturun qurulması davam etdiriləcək. Sevindirici haldır ki,  rayonda yeni yaşayış məntəqələrinin inşasında Füzulidən olan sakinlər də iştirak edirlər.

                                                 Salman ALIOĞLU,

                                                    “Respublika”.