“Gastech 2021” sərgisi keçirilib
İQTİSADİYYAT

“Gastech 2021” sərgisi keçirilib

21-23 sentyabr tarixlərində keçirilən sərgidə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti də təmsil olunub.

Energetika naziri Pərviz Şahbazov Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) energetika və infrastruktur naziri Süheyl Məhəmməd əl-Məzruinin dəvəti ilə cari ilin 21-23 sentyabr tarixlərində Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən və 300-dən çox yüksəkvəzifəli şəxsin, o cümlədən siyasətçilər, iş adamları və ekspertlərin iştirak etdiyi “Gastech 2021” sərgi və konfransında iştirak edib.

“Hidrogen təchizatı zəncirinin sürətlə genişlənməsinə dəstək siyasəti” mövzusu üzrə nazirlər panelində çıxış edən  P.Şahbazov  iqlim dəyişikliyinin dünyanın enerji keçidini təşviq edən reallıq olduğunu vurğulayıb, enerji təhlükəsizliyi ilə ekoloji təhlükəsizlik arasında balansa nail olmaq məqsədilə “yaşıl enerji”dən istifadənin təxirəsalınmadan genişləndirilməsinin vacibliyini qeyd edib.

Nazir enerji keçidi prosesi ilə əlaqəli ölkəmizdə həyata keçirilən tədbirlər, bərpa olunan enerji sahəsində reallaşdırılan layihələr və perspektivlərdən də bəhs edib.

Azərbaycanda son dövrdə külək və günəş enerjisi üzrə aparıcı beynəlxalq şirkətlərlə investisiya və icra müqavilələrinin imzalandığı, eyni zamanda yaxın gələcəkdə bərpa olunan enerji hərraclarının keçirilməsinin planlaşdırıldığı da diqqətə çatdırılıb.

Tədbir çərçivəsində energetika naziri Pərviz Şahbazov Trans-Adriatik Qaz Boru Kəmərinin (TAP) “İlin təbii qaz, LNG və hidrogen layihəsi" nominasiyasında qalib olduğu “Gastech Awards 2021” mükafatlandırma mərasiminə də qatılıb.

Səfər zamanı bir sıra görüşlər də keçirilib. Azərbaycanın energetika naziri ilə BƏƏ-nin energetika və infrastruktur naziri Süheyl Məhəmməd əl-Məzrui arasında baş tutan görüşdə enerji sahəsində ikitərəfli və çoxtərəfli səmərəli tərəfdaşlıq münasibətləri müzakirə edilib.

"ACWA Power" şirkətinin idarə heyətinin sədri Məhəmməd Abunayyan və "Masdar"ın baş direktoru Mohamed Jameel Al Ramahi ilə keçirilən ikitərəfli görüşlərdə isə günəş və külək elektrik stansiyaları layihələrinin icrası ilə bağlı müzakirələr aparılıb.

 Nazir həmçinin Beynəlxalq Enerji Forumunun baş katibi Joseph McMonigle və Şri-Lankanın energetika naziri Udaya Gammanpila ilə də görüşüb və CNN kanalına müsahibə verib.  Neft və qaz sənayesinin gələcəyi, növbəti onillikdə enerji sektorunu formalaşdıran tendensiyalar, Azərbaycanda enerji keçidi təşəbbüsləri və digər mövzularla bağlı suallar cavablandırılıb.

                                                                       ***

Xınalıq “Ən yaxşı turistik kənd” adına namizəddir

Ümumdünya Turizm Təşkilatının (United Nations World Tourism Organization – UNWTO) elan etdiyi “Ən yaxşı turistik kənd” müsabiqəsinə Azərbaycandan Xınalıq kəndinin namizədliyi irəli sürülüb.
Layihənin əsas məqsədi kənd ərazilərində turizmin inkişafı üzrə ən yaxşı nümunələri üzə çıxarmaq, həm də uzun illər boyunca öz unikallığını, mədəni-tarixi irsini qoruyan, bununla yanaşı, həm də müasir turizmin tələblərinə cavab verən kəndləri aşkarlamaqdır.

2020-ci ildə “Xınalıq, orta əsr dağ kəndi” adı ilə YUNESKO-nun Ümumdünya İrsinin İlkin Siyahısına daxil edilib. Hazırda YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi üçün nominasiya faylının yazılması prosesi davam etdirilir. Dövlət Turizm Agentliyinin mütəxəssislərinin hazırladığı və İlkin Siyahıya daxil edilmiş sənəddə kəndin qədim dili, köçəri yaşayış tərzi, Qafqaz dağlarındakı qədim memarlıq ənənələri və Xınalıq icmasının təbiətlə harmoniyalı şəkildə yaşayış tərzi onun müstəsna ümumbəşəri dəyərləri kimi qeyd olunur.

Qeyd edək ki, UNWTO-nun keçirdiyi müsabiqənin nəticələri bu ilin sonunadək Mərakeşdə keçiriləcək 24-cü illik sessiyada elan olunacaq. UNWTO-nun “Ən yaxşı turistik kənd” nişanını qazanan kəndlər modernləşmə proqramına daxil ediləcək.

                                                           ***

Arıların məhsuldarlığını artıracaq qurğunun sınaqları uğurlu olub

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən keçirilmiş ilk qrant müsabiqəsinin qalib layihələrindən olan bal arılarının gənələrdən təmizlənməsi üçün qurğu artıq hazırdır. Arı ailələrinin məhsuldarlığını artırmaq üçün onları gənələrdən təmizləyən “ANTİVARROA” qurğusu bu ilin avqust – sentyabr aylarında Göygöl rayonunun Üçtəpə kəndində yerləşən arıçılıq təsərrüfatında sınaqdan keçirilib və nəticələr uğurlu olub. Belə ki, sınaqlar zamanı iki arı ailəsində olan arılar gənələrdən təmizlənib.

Elektronika mühəndisləri və arıçılıq üzrə mütəxəssislər tərəfindən hazırlanmış qurğunun üstünlüklərindən biri onun çöl şəraitində və yaşayış məntəqələrindən uzaq yerlərdə elektrik enerjisi olmadan işləməsidir.

Hazırda “Əmir texniki xidmətlər” MMC tərəfindən qurğunun günəş batareyalarından qidalanan variantının üzərində iş aparılır, həmçinin qurğu istehsala hazırlanır. Qurğu Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi tərəfindən artıq patentləşdirilib.

“Bal arılarını gənələrdən təmizləmək üçün milli brend qurğunun hazırlanması” layihəsi üzrə “Əmir texniki xidmətlər” MMC-yə 17 300 manat maliyyə vəsaiti ayrılıb. Bununla yanaşı, sözügedən layihə üzrə “Əmir texniki xidmətlət” MMC-yə KOBİA tərəfindən müvafiq layihəni 3 il müddətinə gəlirlər üzrə mənfəət vergisindən azad edən “Startap” şəhadətnaməsi də verilib.

Bəybala BƏYBALAYEV,

“Respublika”.