Gədəbəy rayonunda səyyar tibbi xidmət  
Region

Gədəbəy rayonunda səyyar tibbi xidmət  

Akademik Z.Ə.Əliyeva adına Milli Oftalmologiya Mərkəzi və   Heydər Əliyev Fondu arasında sıx əlaqələr yaradılıb. Mərkəzin əməkdaşları Fondun humanitar fəaliyyətini dəstəkləyərək  bu işdə ona öz köməkliyini əsirgəmirlər. Respublika əhalisinə humanitar yardımın göstərilməsi çərçivəsində Mərkəzin Səyyar klinikası da fəaliyyət göstərir.

Mərkəzin Səyyar klinikası  iriqabaritli avtobus və ölkəmizdə ilk Dəmir yolu Səyyar Klinikasından ibarətdir. Səyyar klinika müasir diaqnostik  və cərrahi oftalmoloji avadanlıqla,  tam avtonom elektrik, su, havalandırma və kondisioner sistemləri ilə təchiz olunaraq, hər bir şəraitdə işləyə bilir. Burada xəstənin müayinəsi və lazım gəldikdə cərrahi əməliyyatın aparılması üçün bütün imkanlar yaradılıb. Bu klinika ölkəmizin ən ucqar rayon və kəndlərinə müntəzəm şəkildə gedərək, müasir texnologiyalı cərrahi və terapevtik oftalmoloji yardım göstərir. Bununla yanaşı, Bakı şəhərinin müxtəlif ali tədris və digər müəssisələrində, məktəblərdə və uşaq bağçalarında dispanserizasiya işi aparılır.

Onu da qeyd edək ki, bu yaxınlarda  Milli Oftalmologiya Mərkəzinin Avtomobil Səyyar Klinikası tərəfindən Gədəbəy rayonunda şəhid və qazi ailələri üçün tibbi xidmət göstərilmişdir. Müasir diaqnostik avadanlıqlarla təchiz olunan səyyar avtomobillərdə klinikanın həkimləri  iki gün ərzində 134 nəfərin müayinəsini aparmış, müalicələr təyin etmiş,  məsləhətlər vermişlər.

Kamil İSMAYILOV,

“ Respublika”.