GƏDƏBƏYDƏ  VAKSİNASİYA  DAVAM ETDİRİLİR
Region

GƏDƏBƏYDƏ  VAKSİNASİYA  DAVAM ETDİRİLİR

2 ilə yaxındır ki, bütün dünya COVID-19 virusu ilə mübarizə aparır. Bu müddət ərzində yaşından asılı olmayaraq çoxlu sayda insan bu qorxunc bəladan dünyasını dəyişib. Tədbirlər görülsə də, yenə də ölüm halları baş verməkdədir.

Mütəxəssislər bu bəladan qurtarmaq, əvvəlki normal həyata qayıtmaq üçün insanlara vaksin vurulmasını təklif edirlər. Çünki vaksin olunmuş şəxslər bu xəstəliyə tutulmur və ya xəstəliyi çox yüngül keçirir. Prezident İlham Əliyevin tapşırığı ilə ölkəmizdə insanların virusa yoluxmaması üçün bütün lazımi profilaktik tədbirlər həyata keçirilmiş və bu gün də davam etdirilir. Respublikanın hər yerində olduğu kimi, Gədəbəy rayonunda da bu vacib məsələyə çox ciddi yanaşılır. Vaksinasiya mütəşəkkil qaydada həyata keçirilir.

Gədəbəy Rayon Mərkəzi Xəstəxanasının konsultativ poliklinikasının şöbə müdiri Əmirxan Aslanov bildirdi ki, «Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün vaksinasiya strategiyası»na uyğun olaraq vaksinasiya işləri həyata keçirilir. Rayonda aparılan maarifləndirici tədbirlərin nəticəsidir ki, insanlar peyvənd olunmaq üçün könüllü olaraq tibb məntəqələrinə üz tuturlar. 

Rayonun Daryurd kəndinin ən qocaman sakini 107 yaşlı Əsgərova Kübra Rza qızı xəstəxanaya gələrək birinci və ikinci doza vaksin vurdurmuşdur. Onun səhhətində heç bir mənfi hal baş verməmişdir.

Bundan başqa, rayonun Novosaratovka kənd sakini 104 yaşlı Əsgərova Telli Qasım qızı hər iki doza vaksin olunmuş, özünü gümrah hiss edir.

Qeyd etmək lazımdır ki, rayonun ictimai yerlərində, əhalinin kütləvi toplaşdığı məkanlarda, ictimai nəqliyyatda, şadlıq evlərində, təhsil müəssisələrində və başqa yerlərdə karantin qaydalarına əməl olunması üçün bütün tədbirlər həyata keçirilir.

Vaksinasiya əsasən Gədəbəy MRX-nın poliklinika şöbəsində və kənd tibb məntəqələrində aparılır. Eyni zamanda, rayonda 5 səyyar briqada təşkil olunub. Briqadanın tərkibində həkim və tibb işçisi fəaliyyət göstərir. Briqada ilkin tibbi yardım vasitələri, avtomobil və termoçantalarla təmin olunmuşdur. Soyuq zəncir sisteminə riayət olunur. Hazırda rayonda 25.10.2021-ci il tarixə birinci doza vaksin olanların sayı 46678, ikinci doza 41090, üçüncü doza vurduranların sayı 2356 nəfər təşkil edir.

Vaksinasiya uğurla davam etdirilir.

Vəli VƏLİYEV,

«Respublika».