Gələcək əlaqələr müzakirə edilib
Digər xəbərlər

Gələcək əlaqələr müzakirə edilib

Azərbaycan və Rumıniya Hökumətləri arasında ticarət-iqtisadi əlaqələr və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın Azərbaycan tərəfindən həmsədri, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevlə Komissiyanın Rumıniya tərəfindən həmsədri, Rumıniyanın energetika naziri Vircil-Daniel Popeskunun görüşü olub.

Bu barədə nazirliyin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən məlumata görə, Azərbaycanın DOST konsepsiyası və sosial sahədə xidmətlərin elektronlaşdırılması təcrübəsinin Rumıniyada pilot layihə olaraq tətbiqinə dair fikir mübadiləsi aparılıb. 5 saylı Bakı DOST Mərkəzində keçirilən görüşdə ötən dövrdə Azərbaycanla Rumıniya arasında 60-dan çox əməkdaşlıq sənədi imzalandığı, iki ölkənin strateji tərəfdaşlıq əsasında əlaqələrinin ildən-ilə genişləndiyi bildirilib.

Keçən il ticarət dövriyyəsində 2,4 dəfə artım qeydə alındığı diqqətə çatdırılıb.  Cənub Qaz Dəhlizinin, Qara dəniz sualtı elektrik və rəqəmsal qoşulma layihəsinin əhəmiyyətindən, bərpaolunan enerji və enerji səmərəliliyi sahələrində əməkdaşlıq imkanlarından bəhs olunub. Enerji, nəqliyyat, kənd təsərrüfatı, təhsil, sosial, mədəniyyət və s. sahələrdə ikitərəfli əlaqələrin genişləndirilməsi məsələləri müzakirə edilib. 

Azərbaycan və Rumıniya Hökumətləri arasında ticarət-iqtisadi əlaqələr və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın fəaliyyəti, Komissiyanın növbəti iclasına hazırlıq məsələləri nəzərdən keçirilib. V.D.Popesku 5 saylı Bakı DOST Mərkəzində əhaliyə göstərilən xidmətlərlə tanış olub.

Mustafa KAMAL,

"Respublika".