Gələcək naminə dünyamızı qoruyaq
Ekologiya

Gələcək naminə dünyamızı qoruyaq

22 Aprel Ümumdünya Yer Günüdür

Əsası Con Sterlinq Morton tərəfindən qoyulan Ümumdünya Yer Gününün bayram edilməsi XIX əsrin 40-cı illərinə təsadüf edir. 1872-ci ildə Amerika Birləşmiş Ştatlarının Nebraska ştatının sakini C.S.Morton il ərzində bir günün ətraf ərazinin yaşıllaşmasına həsr edilməsi təklifi ilə çıxış edir və birinci ağacəkmə günü milyona yaxın ağac əkilir. 1882-ci il 22 aprel tarixindən başlayaraq "Ağac günü" Nebraska hökuməti tərəfindən ştatın rəsmi bayramı kimi qeyd edilir. 1970-ci ildən isə ətraf mühitin əhəmiyyətinin təbliğatı, onun ilkin formada qorunub saxlanılması, planetin təbii ehtiyatlarının tükənməsi və s. sahələri əhatə etməsi ilə əlaqədar bayram "Yer Günü" adlandırılır.

Ümumdünya Yer Günü  22 aprel 2009-cu ildə BMT-nin Baş Assambleyasının 63-cü sessiyasında təsis edilmiş və 2010-cu ildən başlayaraq hər il şimal yarımkürədə yazda, cənubda isə payızda keçirilir. Bu ümumdünya aksiyasının əsas məqsədi cəmiyyətin və hər bir insanın diqqətini Yerin və ətraf mühitin problemlərinə cəlb etməkdir. Hər il dünya ölkələrinin alimləri bu gündə dəyirmi masa arxasında qlobal ekoloji problemləri müzakirə etmək üçün toplaşırlar. Müxtəlif ölkələrdə fərqli-fərqli aksiya və tədbirlər keçirilir. Bunlar konfranslar, sərgilər, şəhərin ən işlək küçələrində avtomobil hərəkətinin dayandırılması, ərazilərin təmizlənməsi və ağacların əkilməsidir.

Yer Günü ərəfəsində insanlar müxtəlif ekoloji tədbirlərdə iştirak etməklə ağaclar əkir, yaşıllıqlara qulluq edir, yaşadıqları əraziləri müxtəlif tullantılardan təmizləyir.

1990-cı ildən başlayaraq Yer Gününün əsas mövzusu təbii mühiti ilkin formada qoruyan milli parklara həsr edilib. Tədricən bu bayram beynəlxalq xarakter alıb, hazırkı dövrdə 190-dan çox ölkədə, o cümlədən Azərbaycanda da qeyd olunur.         

XXI əsrin əvvəllərində ölkəmizdə milli parkların şəbəkəsi genişləndirilib. 2003-cü ildə Azərbaycan Prezidentinin Sərəncamı ilə Bakı şəhərinin Qaradağ rayonunu, Salyan və Neftçala rayonlarını əhatə edən Şirvan Milli Parkı, Ağcabədi və Beyləqan rayonlarını əhatə edən Ağgöl Milli Parkı yaradılıb.

22 aprel  Ümumdünya Yer Günü ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən hər il müxtəlif tədbirlər həyata keçirilir, ətraf mühitin mühafizəsi sahəsində ictimaiyyət arasında təbliğat işləri aparılır. Ötən il aprelin 23-də Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə "Ümumrespublika Yaşıllaşdırma Marafonu" ("Yaşıl Marafon") çərçivəsində ölkə üzrə növbəti ağacəkmə aksiyası Abşeron rayonunun Müşfiqabad qəsəbəsində keçirilib. Yer Günü ilə əlaqədar keçirilən aksiya zamanı 2 hektar ərazidə Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun 1000-dən çox Eldar şamı və zeytun ağacı əkilib. Həmçinin ötən ilin aprelində YAP-ın və ETSN-in birgə təşkilatçılığı ilə Yer Günü münasibətilə ağacəkmə aksiyası keçirilməsində əsas məqsəd Abşeron yarımadasının daha da  yaşıllaşdırılması olmuşdur. Aksiya çərçivəsində Müşfiqabad qəsəbəsi ərazisində 3 hektar sahədə 2000-dən çox müxtəlif növ ağac, əsasən zeytun və Eldar şamı əkilmişdir.

Ekoloqlar  həmin gün çərçivəsində ətraf mühitin sağlamlaşdırılmasına yönələn kütləvi aksiyalar keçirməklə bu sahədə daha fəal olmağa çağırırlar.

"Respublika".