Gələcəyə hədəflənən strateji tərəfdaşlıq
Siyasət

Gələcəyə hədəflənən strateji tərəfdaşlıq

Ölkəmizlə Ukrayna arasında diplomatik münasibətlərin qurulmasından 30 il keçir

Coğrafi baxımdan o qədər də yaxın olmasalar da, Azərbaycanla Ukrayna arasında tərəfdaşlıq münasibətləri möhkəmlənir və genişlənir. Ölkələr arasında diplomatik münasibətlər 1992-ci il yanvar ayının 31-də qurulub. Diplomatik nümayəndəliklərin açılmasından sonra bu münasibətlər sürətlə inkişaf etməyə başlayıb. Xatırladaq ki, müstəqilliyin ilk illərində Azərbaycanda son dərəcə mürəkkəb vəziyyət yaranmışdı.

Ulu öndərin hakimiyyətə qayıtması, 1995-ci il martın əvvəllərində dövlət çevrilişinə cəhd, ulu öndərin bu gərginliyin aradan qaldırılması istiqamətindəki fəaliyyəti hər birimizin yadındadır. Həmin çətin zamanlarda, 1995-ci il martın 17-də Ukraynanın o vaxtkı Prezidenti Leonid Kuçma azərbaycanlı həmkarına, Heydər Əliyevə zəng vuraraq ona öz dəstəyini ifadə etmişdi. Bundan bir neçə gün sonra 1995-ci il martın 23-də Heydər Əliyevlə Ukraynanın keçmiş Baş nazirinin müavini Valeri Şumarovun görüşündə Azərbaycanla Ukrayna arasındakı münasibətlər, əməkdaşlığın gələcək perspektivləri müzakirə olunmuşdu.

1995-ci il iyulun 26-da Ukrayna Respublikasının Prezidenti Leonid Kuçma Azərbaycana rəsmi səfərə gəlmiş, Heydər Əliyevin cavab xarakterli rəsmi səfəri isə 1997-ci il martın 24-25-də baş tutmuşdu. Görüş çərçivəsində Ukrayna-Azərbaycan münasibətlərinin tənzimlənməsi məsələsi də müzakirə olunmuş, Ukrayna Prezidenti Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində Azərbaycanın ərazi bütövlüyünü bir daha dəstəklədiklərini bəyan etmişdi. Rəsmi səfər zamanı ölkələr arasında tərəfdaşlıq münasibətlərinin dərinləşməsi haqqında bəyannamə, hərbi-texniki əməkdaşlıq haqqında saziş, neft-qaz sahəsində əməkdaşlığa dair memorandum imzalanmışdı.

2000-ci il martın 16-da Ukraynanın dövlət başçısı Leonid Kuçmanın Azərbaycana növbəti rəsmi səfəri zamanı ali qonağa "İstiqlal" ordeni təqdim olunub və bundan sonra dövlət rəsmilərinin növbəti illərdə qarşılıqlı səfərləri davam edib. Azərbaycan Prezidenti Heydər Əliyev 2002-ci ilin iyulunda Ukraynaya işgüzar səfər edib, 2003-cü ilin yanvarında isə Müstəqil Dövlətlər Birliyinin üzvü olan ölkələrin dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə iştirak etmək üçün Kiyevdə səfərdə olub.

Dövlət başçılarının qarşılıqlı, davamlı səfərləri ölkələrimiz arasında münasibətlərin intensiv dinamikasını real şəkildə əks etdirir. Bu münasibətlər İlham Əliyev prezident seçildikdən sonra yüksələn xətt üzrə inkişaf etdirilib.

2004-cü ildə Prezident İlham Əliyev Ukraynaya səfəri çərçivəsində Ukrayna Prezidenti Leonid Kuçma, Baş nazir Viktor Yanukoviç, Ukrayna Ali Radasının sədri Vladimir Litvinlə görüşüb. Bu görüşlərdə ticarət-iqtisadi əməkdaşlıq, o cümlədən neft və enerji daşıyıcılarının Avropaya nəqli sahəsində işbirliyi məsələləri ətraflı müzakirə edilib, beynəlxalq problemlər, GUAM çərçivəsində əməkdaşlıq məsələləri, Avropa Birliyi və NATO ilə qarşılıqlı əlaqələr, hər iki ölkədə siyasi, sosial-iqtisadi vəziyyət barədə fikir mübadiləsi aparılıb. Dövlət başçıları Ermənistan-Azərbaycan, Dağlıq-Qarabağ münaqişəsinin həlli məsələsinə də toxunublar.

2009-cu il aprelin 4-də Ukrayna Prezidenti Viktor Yuşşenkonun Azərbaycana səfəri çərçivəsində isə "2009-2010-cu illər üçün Azərbaycan-Ukrayna əməkdaşlığına dair tədbirlər planı" imzalanıb.

İki ölkə arasında iqtisadi əlaqələr əsasən, Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilatı (GUAM), Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində inkişaf etdirilir. "Böyük İpək Yolu" layihəsi çərçivəsində iki dövlət arasındakı münasibətlərin səviyyəsi bir qədər də yüksəlib. Azərbaycanla Ukrayna BMT, AŞ, QDİƏT, GUAM, MDB və digər beynəlxalq, regional təşkilatlar çərçivəsində məsləhətləşmələr aparır və ənənəvi olaraq bir-birinə qarşılıqlı dəstək verir. Eyni zamanda, iki ölkə terrorizm, mütəşəkkil cinayətkarlıq, narkotiklərin yayılması və digər təhlükəli növ cinayətlərlə mübarizə sahəsində fəal əməkdaşlıq edir.

Ölkələrimiz arasında mədəni əlaqələr də genişlənir. Bu əlaqələrin inkişafında dövlət başçılarının qarşılıqlı səfərlərinin böyük rolu var. 1997-ci il martın 24-də Prezident Heydər Əliyevə Ukraynanın ali mükafatı - "Yaroslav Mudrı" ordeni təqdim edilib. Həmin tarixdə Kiyevdə Azərbaycanın Mədəniyyət Nazirliyi və Ukrayna Mədəniyyət və İncəsənət Nazirliyi arasında mədəniyyət və incəsənət sahəsində əməkdaşlığa dair saziş imzalanıb. 1998-ci ildən etibarən Bakı Slavyan Universitetində Ukrayna dili tədris olunur. 2001-ci ildə BSU-da Ukrayna tədris-mədəniyyət mərkəzi açılıb. Açılışda Ukrayna Xarici İşlər naziri A.Zlenkonun rəhbərliyi ilə Ukrayna nümayəndə heyəti iştirak edib.

2006-cı il sentyabrın 7-də Ukrayna ilə Azərbaycan arasında dostluq əlaqələrinin möhkəmlənməsində, ölkələrimiz arasında elm, təhsil və mədəniyyət sahələrində xidmətlərinə görə Ukrayna Prezidenti Viktor Yuşşenkoya Bakı Slavyan Universitetinin fəxri doktoru adı verilib. Azərbaycanla təhsil əlaqələrinin həyata keçirilməsi sahəsində Ukrayna üçüncü yeri tutur. 2000-ci ildə Ukraynanın paytaxtı Kiyev şəhərində Heydər Əliyev adına Siyasi və Sosial Elmlər İnstitutu açılıb. Ukraynada xalqımızın dahi şairi Səməd Vurğunun anadan olmasının 100 illiyinə həsr edilmiş tədbir keçirilib, 1987-ci ildə Kiyevdə şairin adı verilmiş kitabxana yüksək səviyyədə təmir edilərək oxucuların ixtiyarına verilib.

2008-ci il iyun ayının 30-da Ukrayna Prezidenti Viktor Yuşşenko Azərbaycanda səfərdə olarkən görkəmli Ukrayna şairi Taraş Şevçenkonun abidəsinin açılış mərasimində iştirak edib.

Məhz bütün bu sahələr üzrə inkişaf edən qarşılıqlı münasibətlər nəticəsində Ukrayna Azərbaycanın strateji tərəfdaşına çevrilib. İki ölkə arasında strateji müttəfiqlik münasibətləri geniş spektri əhatə edir. Bu il yanvarın 14-də Azərbaycan Prezidenti İlham Əliyevin Kiyevə işgüzar səfəri Azərbaycan-Ukrayna strateji tərəfdaşlığında yeni bir səhifə açdı.

Azərbaycan Prezidenti İlham Əliyev mətbuat üçün açıqlamasında bildirib ki, qlobal pandemiyaya baxmayaraq, iki ölkənin ticarət dövriyyəsi keçən il 20 faizdən çox artıb və yaxın gələcəkdə bunun 1 milyard dollar səviyyəsinə çatması gözlənilir. Eyni zamanda, ərzaq təhlükəsizliyi ilə bağlı əldə edilmiş razılaşmalar Azərbaycana imkan verəcək ki, öz ərzaq təhlükəsizliyini daha geniş həcmdə təmin etsin.

Ukrayna Prezidenti isə bildirib ki, 2021-ci ilə qədər ticarət dövriyyəsinin artırılması ilə bağlı dəqiq planlar var. Ukrayna, həmçinin bir sıra birgə genişmiqyaslı layihələr əsasında sərmayələrin qoyulması, Azərbaycanda bərpa işlərinin aparılmasında iştirak etmək fikrindədir. Yəni, Ukrayna şirkətləri Azərbaycanda həyata keçirilən layihələrdə fəal iştirak etmək niyyətindədir.

İki ölkə liderinin Kiyev görüşlərində səsləndirdikləri fikirlər, imzalanan sənədlər onu deməyə əsas verir ki, Ukrayna Azərbaycanla münasibətlərin inkişafında maraqlıdır və ölkəmizlə ticari-iqtisadi sahədə sistemli və uzunmüddətli əməkdaşlıq etmək əzmindədir.

Azərbaycan Prezidentinin Kiyevə səfəri bir çox məqamlara görə olduqca əhəmiyyətlidir. Hər şeydən öncə, ona görə ki, bu il iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30 ili tamam olur və bu səfər də həmin ərəfəyə təsadüf edir. Ötən 30 ildə münasibətlərin inkişafı istiqamətində mühüm addımlar atılıb, tərəflər istər regional, istərsə də qlobal platformalarda bir-birini dəstəkləyib. Layiqli tərəfdaş kimi ölkələrimizin mövcud ənənəni bundan sonra da davam etdirəcəklərinə isə inam böyükdür.

Zümrüd QURBANQIZI,

"Respublika".