GƏLƏCƏYƏ İNAMLA
Digər xəbərlər

GƏLƏCƏYƏ İNAMLA

Sağlam və intellektual gənc nəslin yetişdirilməsi Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə aparılan uğurlu dövlət siyasətinin prioritet istiqamətlərindən, biridir. Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan gənclər siyasəti möhtərəm Prezidentimiz tərəfindən yeni uğurla davam etdirilir. Dövlətimizin başçısının Azərbaycan gəncliyi haqqında imzaladığı sərəncamlar, Dövlət proqramları, aparılan uğurlu islahatlar cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaradır, onların yaradıcı potensialının üzə çıxarılmasında misilsiz rol oynayır.

Lənkəranda gənclərin sağlam, vətənpərvər ruhda böyümələri, müasir biliklərə dərindən yiyələnmələri, cəmiyyətin müxtəlif sahələrində fəal iştirakının təmin edilməsi istiqamətində ardıcıl işlər görülür.

Yaradıcı və istedadlı gənclərin aşkar edilməsi, onların yaradıcılıq qabiliyyətlərinin inkişafı, asudə vaxtlarının səmərəli təşkili sahəsində rayonumuzda kompleks tədbirlər həyata keçirilir.

 2 Fevral - Azərbaycan Gəncləri Günü münasibətilə 26 yanvardan başlayaraq Lənkəranda "Gənclər həftəsi" keçirilib. Həftə çərçivəsində Lənkəran şəhərindəki O.Mirzəyev adına qarışıq tipli uşaq evində və oğlanlar üçün 2 nömrəli ailə tipli kiçik qrup evində valideyn himayəsindən məhrum, xüsusi qayğıya ehtiyacı olan uşaq, yeniyetmə və gənclərin təmənnasız tibbi müayinəsi aparılıb.

Eyni zamanda, "Uğurlu gənc" layihəsinə start verilib, "Sağlam gənclik" açıq əyləncəli idman tədbiri həyata keçirilib. Tədbirdə atletika, gimnastika, ağır atletika, voleybol, stolüstü tennis, boks, şahmat və dama idman növləri üzrə yarışlar, master-klass və əyləncəli idman oyunları keçirilib.

Sevindirici haldır ki, fəaliyyətimiz, gördüyümüz işlər Gənclər və İdman Nazirliyi tərəfindən yüksək qiymətləndirilib. Elektron səsvermə nəticəsində Lənkəran şəhəri 2024-cü il üçün respublikamızın Gənclər Paytaxtı elan edilib.

Möhtərəm Prezidentimizin "Mənim gənclərə xüsusi münasibətim var, mənim ürəyim sizinlədir. Siz bütün işlərdə mənə arxalana bilərsiniz. Mən də sizə arxalanıram" müdrik kəlamı lənkəranlı gəncləri hədsiz dərəcədə sevindirir. Gənclər dövlətimizin qayğısını daim öz üzərlərində hiss edir və göstərilən etimadı layiqincə doğrultmağa çalışırlar.

Teymur BABAZADƏ,

 Lənkəran Şəhər Gənclər və İdman

İdarəsinin rəisi.