Son illər Türkiyə böyük inkişaf yolu keçərək beynəlxalq aləmdə güc mərkəzinə çevrilib. Dünya ölkələrinin əksəriyyətində kəskin böhran yaşandığı, ölkələrin idarəolunmaz hala gəldiyi bir vaxtda qardaş ölkə qarşıdakı illərə yüksək inkişaf tendensiyası ilə inamla irəliləyir, nəhəng layihələr həyata keçirir. Rəcəb Tayyib Ərdoğanın sayəsində bu gün Türkiyə dünyada güc mərkəzi, bölgədə söz sahibidir.
Xarici işlər naziri Mövlud Çavuşoğlu Türkiyənin diplomatiya sahəsindəki uğurlarından danışaraq deyib: "... Dünyanın ən xeyriyyəçi xalqı və ən çox inkişafa yardım edən üç ölkədən biri olaraq biz, misli görünməmiş beynəlxalq dəstək və məhəbbət qazanmışıq. Bu həmrəylik diplomatiyası bizim təşəbbüskar, humanist, xeyirxah və səmərəli xarici siyasətimizin nəticəsidir. Əslində, diplomatiyamız qədim tarixi dövlət ənənələrini dövrün ruhu ilə yoğuran uzaqgörən münasibətdir. Min illər boyu 16 böyük imperiya quran türk milləti zəngin diplomatik təcrübəyə sahibdir. Türk olan yerdə dövlət var, dövlət olan yerdə isə diplomatiya var. Çünki türk dili tarix deməkdir".
2014-cü ildən etibarən ölkəyə rəhbərlik edən Rəcəb Tayyib Ərdoğan böyük, güclü Türkiyə üçün var gücü ilə çalışaraq ölkəni bugünkü inkişaf səviyyəsinə yüksəltmişdir. Belə ki, Ərdoğanın hakimiyyəti illərində ölkə iqtisadiyyatı dinamik sürətlə inkişaf etmiş, adambaşına düşən milli gəlir 3 min 600 dollardan 10 min 650 dollara qalxmışdır. Dövlətin illik ixrac həcmi 36 milyard dollardan 255 milyard dollara çatmış, kənd təsərrüfatının ümumi daxili məhsulu 407 milyard lirəni keçmişdir. Eyni zamanda, Mərkəzi Bankın ehtiyatları ümumilikdə 115 milyard dollar olmuş, məşğulluq səviyyəsi 32 milyon həddinə çatmışdır. Bütün dünyanın diqqət mərkəzində olan Türkiyə hər il 51,5 milyon turisti qəbul edir. Bütün bunların təzahürüdür ki, Türkiyə tarixinin ən böyük nəqliyyat, müdafiə, texnologiya, enerji, səhiyyə, mənzil və ekoloji layihələrinə imza atır.
Son 20 ildə Türkiyə ikitərəfli münasibətlərini və beynəlxalq təşkilatlarda mövqeyini gücləndirərək regionun mühüm geosiyasi oyunçularından birinə çevrilməyi bacarıb. 90-cı illərdə, hətta 2000-ci illərin əvvəllərində Türkiyə ilə türk dövlətləri arasında məhdudlaşdırılmış mədəni əlaqələr bu gün Türk Birliyi, Türk Dövlətləri Təşkilatı çərçivəsində davam etdirilir. 2009-cu ildə Türkiyə regionda daha təhlükəsiz və təsiredici gücə malik institusional baza yaratmağa nail oldu. Həmin il türkdilli dövlət başçılarının Naxçıvanda keçirilən illik sammitinin formatı dəyişdirilərək Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına çevrildi. Türk Şurasının yaranması ilə Türkiyə regionda institusional güc mərkəzi kimi rolunu daha da artırdı.
Bu müddət ərzində beynəlxalq nizamda mühüm siyasi və hərbi gücə çevrilməsi Türkiyə ilə türk dünyası arasındakı münasibətlərdə strateji baxımdan mühüm faktor oldu. Din, dil, soykök baxımından ortaq olan Türkiyə ilə əlaqələrin qurulması daha vacib amil olaraq özünü göstərdi. Beləliklə, Türkiyə ilə türk dövlətləri arasında münasibətlər AK Partiyanın hakimiyyətə gəldiyi 2002-ci ildən etibarən davamlı xarakter aldı və bu gün xüsusilə Türk Dövlətləri Təşkilatı çərçivəsində münasibətlər iqtisadi, siyasi və hərbi aspektlərdən özünün inkişaf dövrünü yaşayır. Rəcəb Tayyib Ərdoğanın səyi nəticəsində Türkiyə qısa müddətdə Orta Asiya və Qafqazda bu ölkələr ilə diplomatik əlaqələrdə dörd əsas xətt - dövlətlərarası münasibətlərin inkişaf etdirilməsi, özəl sektorun ticarət potensialının genişləndirilməsi, akademik əməkdaşlığın gücləndirilməsi və cəmiyyətlər arasında qarşılıqlı əlaqələrin yaxşılaşdırılması prioritet olaraq müəyyənləşdirilib.
Bu gün Azərbaycan-Türkiyə münasibətləri müttəfiqlik səviyyəsinə yüksəlib. İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan arasındakı şəxsi dostluq və qardaşlıq münasibətləri iki dövlət arasında əlaqələrin bu səviyyəyə çatmasında ən mühüm amillərdən biridir. Azərbaycan neftinin və təbii qazının Qərb bazarlarına nəqli istiqamətində göstərilən səylər nəticəsində Bakı-Tbilisi-Ceyhan boru kəməri və TANAP layihəsi reallaşıb, iki ölkə arasında iqtisadi əlaqələr və qarşılıqlı investisiyaların həcmi artıb. İkinci Qarabağ müharibəsində Türkiyənin Azərbaycana hərbi və siyasi dəstəyi, 44 günlük müharibədən sonra işğaldan azad edilən tarixi Şuşa şəhərində imzalanan bəyannamə Türkiyə ilə Azərbaycan birliyinin təcəssümüdür.
Qazaxıstanın müstəqilliyini ilk olaraq tanıyan Türkiyə bu gün bir çox beynəlxalq təşkilatlar çərçivəsində Qazaxıstanla birgə fəaliyyət göstərir. Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi dövründə iki ölkə arasında əlaqələr maksimum səviyyəyə yüksəlmiş, qarşılıqlı hərbi və iqtisadi investisiyalar artırılmışdır. Xüsusilə, 2009-cu ildə iki ölkə arasında imzalanan Strateji Tərəfdaşlıq Sazişi və 2012-ci ildə yaradılmış Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurası diplomatik münasibətlərdə yeni mərhələ olmuşdur. Türkdilli Ölkələrin Parlament Assambleyası (TÜRKPA), Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY), Türk Dövlətləri Təşkilatı, Türk İş Şurası, Türk Akademiyası, Türk Mədəniyyəti və Miras Vəqfi türk dünyası ilə mədəni və iqtisadi əlaqələrin inkişaf etdirilməsində böyük əhəmiyyət kəsb edir.
Böyük iqtisadi potensiala sahib olan Özbəkistan ilə Türkiyə arasında əlaqələr yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Prezident Şavkat Mirziyoyev Türkiyə ilə ikitərəfli münasibətlərin inkişafına ciddi səy göstərmiş, türk birliyi ideyası ilə Türkiyə ilə fərqli bir münasibət modeli yaratmışdır. Prezident Ərdoğanın 2016-cı ildə Özbəkistana səfəri ilə başlayan yüksəksəviyyəli görüş, Şavkat Mirziyoyevin 2017-ci ildə Türkiyəyə səfəri ilə davam etmiş və bu səfərlər qarşılıqlı xarakter almışdır.
Qırğızıstanla Türkiyə arasında münasibətlər əsasən 1991-ci ildən formalaşmağa başlamış, 2011-ci ildə iki ölkə arasında viza rejiminin ləğvi, yüksək səviyyəli strateji əməkdaşlıq əlaqələrinin yaradılması, təhsil, mədəniyyət, ticarət, hərbi və iqtisadi sahələrdə əməkdaşlığın inkişafı istiqamətində mühüm addımlar atılmışdır.
Türkiyənin logistik üstünlükləri, zəngin xammal potensialı ölkənin təhsil, səhiyyə, nəqliyyat, enerji, sənaye, kənd təsərrüfatı, idman sahələrində inkişafını təmin edir. Bu gün bir tərəfdən zəlzələnin dağıntıları aradan qaldırılır, müvəqqəti sığınacaqlar yaradılır, digər tərəfdən daimi yaşayış yerlərinin tikintisi aparılır. Zəlzələ baş verən bölgədə problemin həlli üçün ölkənin bütün sərmayəsi, məşğulluğu və istehsalı ilə səfərbər edilərək dağılan şəhərlər yenidən dirçəldilir, hədəflərə yaxınlaşdıracaq layihələr reallaşdırılır. Belə ki, on illərin xəyalı olan Türkiyə avtomobilinin - "Togg"un istehsalı, alıcı sifarişlərinin çox qısa müddətdə rekord tələb səviyyəsinə çatması qardaş ölkənin güclü iqtisadiyyatının, potensialının göstəricisidir.
Son 20 ildə ölkənin su ehtiyatları potensialından düzgün istifadə edilmiş, günəş və külək enerjisi istehsalı üçün dünyanın diqqəti Türkiyəyə yönəlmişdir. Bərpaolunan enerji qaynaqlarını sürətlə inkişaf etdirərək bu sahədə dünyanın ilk 10 ölkəsindən biri olmaq qarşıya qoyulmuşdur.
Bu gün Türkiyə dünyanın ən qabaqcıl müdafiə sənayesi tədarükçülərindən birinə çevrilib. 20 il əvvəl müdafiə sənayesində yerli və milli potensial yüzdə iyirmi olduğu halda, indi bu rəqəm yüzdə səksən təşkil edir. Prezident Rəcəb Tayyib Ərdoğan yaxın zamanlarda bir çox yerli sistemlərin işə salınacağı ilə ölkənin bu sahədəki mövqeyinin daha da möhkəmləndirilməsinə nail olunacağını bildirib. Müdafiə Sənayesi naziri İsmayıl Dəmir bu ilin hədəflərini açıqlayarkən deyib: "Aviasiya və kosmosda milli döyüş təyyarəmizi anqardan çıxarıb bütün dünyaya nümayiş etdirəcəyik. Reaktiv təlim və yüngül hücum təyyarəsi "HÜRJET" ilk uçuşunu edəcək. Bayraktar "KIZILELMA"nın müxtəlif uçuş manevr testləri və sursat inteqrasiyaları həyata keçiriləcək. ÖZGÜR layihəmiz çərçivəsində avionik modernləşdirmə tamamlanacaq, ilk "F-16"ları təslim edəcəyik. Orijinal vertolyotumuz "GÖKBEY"in jandarma bölməsinə ilk tədarüklərini edəcəyik. "ANADOLU" gəmisinə yerləşdirəcəyimiz "Bayraktar TB3" SİHA ilk uçuşunu edəcək. 6-cı və son P-72 Dəniz Patrul Təyyarəsinin təhvil verilməsi ilə "Meltem-3" layihəsi tamamlanacaq və "KILIÇSAT" yerli istehsal olan LNA modulunun kosmosda tarix qazanmasını və gəmilərin mövqe və marşrut məlumatlarını əldə etməsini təmin edəcək Cube Satellite kosmosa buraxılacaq". Nazir, həmçinin dəniz layihələrində, ən böyük hərbi gəmi olacaq çoxməqsədli amfibiya hücum gəmisi - "ANADOLU"nun suya salınacağını, Dəniz Təchizatı Mübarizə Dəstək Gəmisini (DIMDEG) - "DERYA"nın təhvil veriləcəyini, yeni tipli sualtı qayıqların ilki olan "PİRİ RƏİS"in istifadəyə veriləcəyini bildirib. Quru nəqliyyatı layihələrində isə "ZAHA" zirehli amfibiya hücum vasitəsinin və "Amazon" zirehli maşınlarının ilk tədarüklərinin ediləcəyi, xarici ixrac lisenziyasına əsasən bəzi alt sistemlər lokallaşdırıldıqdan sonra ilk "ALTAY" tankının istehsalının başa çatdırılacağını vurğulayıb.
Xalqa sevgi ilə xidmət edən Rəcəb Tayyib Ərdoğanın düşünülmüş siyasəti sayəsində son 20 ildə bütün sahələrdə olduğu kimi, müdafiə sənayesində də mühüm irəliləyişlər əldə olunmuş, hazırda pilotsuz uçuş aparatlarının istifadəsi, tətbiqi və taktikaları baxımından Türkiyənin imkanları digər ölkələrlə müqayisə olunmayacaq dərəcədə inkişaf etmişdir.
Gündən-günə qüdrətlənən Türkiyə dünya ölkələri arasında böyük nüfuza sahibdir. Beynəlxalq aləmdə gedən proseslərdə mövqeyi nəzərə alınan, irimiqyaslı layihələrin reallaşmasında söz sahibi olan qardaş ölkədə mayın 14-də keçirilən prezident seçkilərində 2014-cü ildən Türkiyəyə rəhbərlik edən, onu bugünkü inkişaf səviyyəsinə çatdıran Rəcəb Tayyib Ərdoğanın 49,51 faiz səs toplaması xalqının öz liderinə olan etimadının, inamının nümayişidir. Bu, həm də xalqın öz yoluna Prezident Rəcəb Tayyib Ərdoğanla əzmlə davam etmək istəyinin göstəricisidir. Belə ki, Türkiyə xalqı ölkə başçısının uğurlu siyasəti nəticəsində güclü iqtisadiyyat, möhkəm infrastruktur, yüksək hədəflər, özünəinamla gələcəyə doğru qətiyyətlə irəliləmək, 20 ildir davam edən bu uğur zəncirinə yeni halqalar əlavə etmək niyyətindədir. Xalqı son illərdə əldə etdiyi gücün, qüdrətin davamını yaşamaq və bu davamlılığı təkcə Türkiyənin deyil, bütün türk dünyasının da varlığında görmək istəyir.
Mehparə ƏLİYEVA,
"Respublika".