Gələcəyin birgə meqalayihəsi
Siyasət

Gələcəyin birgə meqalayihəsi

Ölkəmizin də dəstəklədiyi "Bir kəmər, bir yol" tarixi İpək Yolunun yeni xəritəsidir

"Bir kəmər, bir yol" təşəbbüsü həmişə Azərbaycan tərəfindən dəstəklənib". Bunu Azərbaycan Prezidenti İlham Əliyev Şuşada keçirilən "Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə" mövzusunda konfransda çıxışında deyib. Azərbaycanın xüsusilə indi bu layihənin mühüm hissəsi hesab olunduğunu söyləyən dövlətimizin başçısı daha sonra bildirib: "Biz çox nikbin fikirdəyik. Nikbinliyi artıran, ilk növbədə odur ki, biz öz üzərimizə düşən işi çox yaxşı yerinə yetirmişik. Nəqliyyat infrastrukturunu müasirləşdirmək və daha çox imkanlar yaratmaq üçün onu tamamilə müasirləşdirmişik və hələ də son tamamlama işlərini görürük. Eyni zamanda, Mərkəzi Asiya tərəfindən bizim infrastrukturumuzu istifadə etməyə böyük maraq var".

Dünyanın nəqliyyat xəritəsini dəyişdirəcək nəhəng əməkdaşlıq platforması olan "Bir kəmər, bir yol"  həm də geosiyasi balansa təsir etmək gücünə malikdir və Azərbaycanın bu qlobal layihədə açar dəhlizlərdən biri olması ölkəmizin iqtisadi və siyasi gələcəyi baxımından əhəmiyyətlidir. Çinin əsas təşəbbüskarı olduğu layihə qədim İpək Yolunun canlandırılması və Uzaq Şərqlə Avropanı birləşdirmək məqsədi daşıyır. Beynəlxalq ekspertlər Avrasiyada 3 milyard əhalini əhatə edən bu layihənin dünyanın gələcək 50 illik iqtisadiyyatını müəyyənləşdirəcəyini hesab edirlər. Layihədə Azərbaycan da daxil olmaqla 65-dən çox ölkə iştirak edir. Çin "Bir kəmər, bir yol" strategiyasını 2013-cü ildə irəli sürüb. Strategiya tarixi İpək Yolunun yeni variantda bərpası ilə Çinin Avropa və digər dünya ölkələri ilə iqtisadi əməkdaşlığının genişləndirilməsini nəzərdə tutur.

Qeyd edək ki, ötən əsrin sonuncu onilliyində dünyanın siyasi-iqtisadi quruluşunda baş verən kəskin dəyişiklik, daha konkret desək, SSRİ-nin dağıdılması tarixi əhəmiyyəti  unudulmuş  İpək Yolunu yenidən gündəmə gətirdi və  yeni dünyanın ictimai-siyasi-iqtisadi quruluşunda ciddi mahiyyət daşımağa başladı. Avropa İttifaqının yeni müstəqil dövlətlər üçün 1991-ci ildə tərtib etdiyi TACIS proqramı çərçivəsində TRASEKA (Avropa-Qafqaz-Asiya Nəqliyyat Dəhlizi) layihəsi İpək Yolu anlayışının yenidən sürətlə formalaşdırılmasına və bu yol üzərində yerləşən ölkələr arasında hərtərəfli əlaqələrin inkişafına gətirib çıxardı. Avropa Şurası TRASEKA layihəsini 1993-cü ildə Brüssel konfransında, yenicə müstəqillik qazanmış Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələrinin razılığı ilə qəbul edib. Həmin dövrdən də "Yeni İpək Yolu", bu layihənin əhatə etdiyi dövlətlər arasında iqtisadi, ticari, mədəni əlaqələrin inkişafında müstəsna rol oynamağa başlayıb. Təbii ki, bu layihədə nəzərdə tutulan iqtisadi dəhliz Azərbaycanın ərazisindən keçdiyinə görə, Cənubi Qafqaz respublikaları arasında daha çox onun dünyaya inteqrasiyası üçün xüsusi çəkiyə malikdir. Bu gün də Şərq və Qərb arasında xüsusi əhəmiyyətə malik olan Azərbaycan inkişaf etmiş böyük dövlətlərin diqqət mərkəzindədir. Həm iki qitə arasında ticarət əlaqələrinin genişlənməsində tranzit kimi, həm də iri enerji layihələrinin icrasında tərəf olaraq Azərbaycan xüsusi rol oynayır. Böyük İpək Yolu ilə Azərbaycan üzərindən Şərqə Avropa məhsulları, Qərbə isə Şərq ölkələrinin istehsalı olan mallar daşınır.

Qeyd etmək lazımdır ki, Avrasiyanın mərkəzində, Şərq ilə Qərbin qovuşuğunda yerləşən Azərbaycan tarixi İpək Yolunun vacib ölkələrindən biri olub. Müasir dövrdə Azərbaycan öz tarixi ənənələrinə söykənərək, beynəlxalq ticarət dəhlizlərinin yaradılmasında fəal iştirak edir. Ulu öndər Heydər Əliyev Azərbaycanın coğrafi və iqtisadi imkanlarını düzgün qiymətləndirərək, ölkəmizin beynəlxalq ticarət daşımalarında fəal iştirakı ilə bağlı əməli işlər görmüşdü. Bu istiqamətdə onun təşəbbüsü ilə 1998-ci ilin sentyabrında Bakıda 13 beynəlxalq təşkilat və 32 dövlət nümayəndə heyətlərinin iştirakı ilə "TRACECA - Tarixi İpək Yolunun Bərpası" Beynəlxalq Konfransı keçirilib. Məhz bu önəmli toplantıda Avropa-Qafqaz-Asiya dəhlizinin inkişafı üzrə beynəlxalq tranzit daşımalarının daha səmərəli təşkilinin hüquqi əsasları qoyulub. Asiyanı Avropa ilə birləşdirmək üçün logistik dəstəkdən və Çinin "Bir kəmər, bir yol" təşəbbüsündən danışarkən Azərbaycan Prezidenti İlham Əliyev bildirib ki, bunlar da beynəlxalq gündəliyin mühüm hissəsidir: "Azərbaycan öz ərazisində bütün zəruri nəqliyyat layihələrini tamamlayıb və "Bir kəmər, bir yol" təşəbbüsü çərçivəsində bizim Asiya və Avropadakı tərəfdaşlarla mühüm bağlantımız var. Bu önəmli layihənin bir hissəsi olmaq üçün biz öz infrastrukturumuzu, o cümlədən dəniz limanını, Xəzər hövzəsində ən böyük gəmi parkını və dəmir yolu imkanlarını təmin edirik". Beləliklə, bu layihəyə maliyyə və siyasi cəhətdən investisiya yatırılıb.  Enerji  və nəqliyyat təhlükəsizliyi Azərbaycanın gələcək iqtisadi inkişafı üçün önəmli rol oynayacaq,  çünki bu, əlavə gəlirlərin yaranmasına səbəb olmaqla həm də regional sabitliyə ciddi şəkildə töhfə verəcək.

"Bir kəmər, bir yol" təşəbbüsü çox sayda ölkələr arasında nəqliyyat bağlılığına geniş imkanlar açır. Uzaq Şərqdən başlayaraq Avropaya qədər geniş bir məkanda yerləşən dövlətlər bir-biri ilə nəqliyyat marşrutları üzrə əlaqə qura bilirlər. Azərbaycan da bu mənzərədə xüsusi yer tutur. Çünki Çindən başlayan bütün yollar "Bir kəmər, bir yol" layihəsi çərçivəsində Azərbaycandan keçir və strateji əhəmiyyət daşıyır. Məsələ ondan ibarətdir ki, vurğulanan layihə özlüyündə müxtəlif marşrutları birləşdirir. Çindən Rusiya, Qazaxıstan, İran, Hindistan, Fars körfəzi, Cənubi Qafqaz istiqamətlərində başlanğıc götürən marşrutlar  sırasında Azərbaycan ona görə xüsusi yerə və statusa malikdir ki, məhz Bakı etibarlı tərəfdaş imici ilə yanaşı, konkret beynəlxalq layihələrin təşəbbüskarı və aktiv iştirakçısı kimi də özünü təsdiq edib. Bundan başqa, Azərbaycan davamlı olaraq nəqliyyat və logistika infrastrukturunu inkişaf etdirir. Ölkədə qısa zamanda yükdaşımaları üçün əlverişli infrastruktur yarada bilib. Uzaq Şərqdən gətirilən yüklərin dəniz və dəmir yolları ilə Avropaya çatdırılmasında artıq Azərbaycan ciddi rol oynayır.

Azərbaycanda hazırda dəmir yolu infrastrukturuna geniş investisiya yatırılıb. Bakıdan qərb istiqamətində infrastrukturu genişləndirmək üçün ölkəmiz əlavə sərmayə yatırır, yeni dəmir yolu xətləri çəkilir. Həyata keçirilən işlərin nəticəsidir ki, açıq dənizə çıxışı olmayan Azərbaycan beynəlxalq, logistik və nəqliyyat mərkəzinə çevrilib. Avtomagistrallar və hava limanları kimi layihələr də həyata keçirilir. Şimal-Qərb marşrutu üzərində yerləşən bütün ölkələr artıq bunun faydasını görürlər. Tranzit nəqliyyat layihələrinin inkişafı iqtisadiyyatın şaxələnməsi və neft-qaz gəlirlərindən asılılığın azalması deməkdir. Ötən il Azərbaycan ərazisindən tranzit daşımalar 75 faiz artıb. Bu, təkcə infrastruktura görə yox, lazımi idarəetməyə görə mümkün olmuşdur. Görülmüş tədbirlər bizə yükdaşımanı sürətləndirməyə, bürokratik əngəlləri aradan qaldırmağa və bunu fiziki olaraq cəlbedici etməyə imkan verir. Həmçinin tarif siyasəti də mühüm məsələdir.

Prezident cənab İlham Əliyev müsahibəsində vurğulayıb ki,  Azərbaycan Çinlə əməkdaşlıq portfelinə yaşıl enerji sahəsində əməkdaşlığı əlavə etmək niyyətindədir. Azərbaycanda böyük potensial var və Çində böyük texnoloji nailiyyətlər mövcuddur. Hazırda Azərbaycanda enerji təhlükəsizliyinə gedən yolun başlanğıcında yaxşı sərmayə mühiti yaradılıb və hətta ixrac marşrutlarına malik olmadan neft-qaz sahəsinə çoxmilyardlı investisiyalar cəlb etməyə nail olunub. Azərbaycan istehsalçı olaraq tranzit dövlətlər və istehlakçılar arasında balansı qoruyacaq. 2 il bundan əvvəl Bakıdan Cənubi Avropaya gedən 3500 kilometr uzunluğunda Cənub Qaz Dəhlizinin tikintisi tamamlanıb. Onun bir hissəsi dənizin altından, bir hissəsi yüksək dağlıq ərazidən keçir. Bu, 7 ölkəni, 10-dan çox şirkəti, aparıcı maliyyə institutlarını - Dünya Bankını, Avropa Yenidənqurma və İnkişaf Bankını, Asiya İnfrastruktur və İnvestisiya Bankını, Avropa İnvestisiya Bankını və Asiya İnkişaf Bankını əhatə edən texniki cəhətdən çox mürəkkəb və çox bahalı layihədir. Ölkəmiz yeni-yeni belə layihələrin həyata keçirilməsində maraqlıdır və bu işlər gələcəkdə də davam etdiriləcək.

Mustafa KAMAL,

"Respublika".