Gənc ekoloqlar işğaldan azad olunmuş ərazilərin ekoloji qiymətləndirilməsi üçün Qarabağa səfər ediblər
Ekologiya

Gənc ekoloqlar işğaldan azad olunmuş ərazilərin ekoloji qiymətləndirilməsi üçün Qarabağa səfər ediblər

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən "Gənclərin Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin ekoloji qiymətləndirilməsində iştirakı" layihəsi uğurla davam etdirilir.

AZƏRTAC xəbər verir ki, dekabrın 13-də gənc ekoloqlar Şuşa şəhərinə səfər edib, ərazinin radiasiya fonu və hava keyfiyyəti üzrə ölçmə işlərinin aparılması, eləcə də su və torpaq nümunələrinin götürülməsində iştirak ediblər. Bununla yanaşı, səfər zamanı gənclərin iştirakı ilə "Qarabağı qoru" şüarı altında kütləvi ağacəkmə aksiyası keçirilib.

IDEA İctimai Birliyinin əməkdaşı, layihə rəhbəri Gülsarə Qasımova bildirib ki, ərazilərimizin 20 faizinin Ermənistan tərəfindən 30 illik işğalı nəticəsində Azərbaycanın təbiətinə ciddi ziyan vurulub: "Ərazilərin yandırılması, su resurslarının çirkləndirilməsi, meşələrin, təbiət abidələrinin və ümumiyyətlə yeraltı və yerüstü təbii sərvətlərin talan edilməsi nəticəsində regionun ekoloji tarazlığı pozulub. Hazırda işğaldan azad olunmuş ərazilərin, o cümlədən təbii sərvətlərimizin vəziyyətinin qiymətləndirilməsi və bərpa edilməsi istiqamətində dövlət səviyyəsində mühüm addımlar atılır.

Həmin tədbirlərə gənc ekoloqların cəlb edilməsi məqsədilə IDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Azərbaycan Gənclər Fondu tərəfindən ekoloji qiymətləndirmə layihəsinə start verilib. Layihədə iştirak üçün təbiət elmləri sahəsində təhsili olan və bu sahədə fəaliyyət göstərən 300-dən çox gəncdən müraciətlər daxil olmuşdu. Onlardan 60 nəfər müsahibə əsasında seçilib. Araşdırmalar 6 əsas istiqamət, o cümlədən bioloji müxtəliflik, su ehtiyatları, meşələrin qorunması, hidrometeoroloji və monitorinq xidməti, topoqrafiya və xəritəçəkmə və geologiya üzrə aparılır. Gənc ekoloqlara əvvəlcə təlimlər keçirildi, o cümlədən ANAMA əməkdaşları da onları sahədə işləməklə əlaqədar təhlükəsizlik tədbirlərinə riayət etmək barədə məlumatlandırdılar. Layihə çərçivəsində gənclər Cəbrayıl, Füzuli, Qubadlı, Xocavənd, Zəngilan və Ağdam rayonlarına, bu gün isə Şuşa şəhərinə səfər ediblər.

Səfərlər zamanı ərazinin radiasiya fonu və hava keyfiyyəti üzrə ölçmə işləri aparılır, eləcə də su və torpaq nümunələri götürülür. Köndələnçay, Oxçuçay, Xaçınçay, Həkəri, Bərgüşad çayları, bu gün isə Şuşadan su nümunəsi götürülüb. Nəticələr 1989-1993-cü illərin məlumatları ilə müqayisə olunacaq. Qiymətləndirmə nəticəsi tviter kampaniyası vasitəsilə dünya ictimaiyyətinə çatdırılacaq. Tviter kampaniyası "Qarabağı qoru" həştəqi ilə keçiriləcək. Həmçinin dəymiş ziyanın bərpa yolları araşdırılacaq. Bu yaxınlarda layihənin yekun nəticəsinə həsr olunan hesabat tədbirinin də keçirilməsi nəzərdə tutulub. Ümumiyyətlə, layihənin gənc iştirakçıları ekoloji qiymətləndirilmə və monitorinq üzrə bilik və təcrübələrini artırmaq, eyni zamanda, azad olunmuş ərazilərdə bərpa və mühafizə işlərinə töhfə vermək imkanı əldə edəcəklər".

Layihə iştirakçısı Leyla Həsənzadə layihə çərçivəsində əvvəlcə Ağdam rayonuna, bu gün isə Şuşa şəhərinə səfər etdiyini bildirib. Onun sözlərinə görə, həmin ərazilər dağıntılara məruz qalsalar da, öz gözəlliklərini itirməyiblər: "Mən də bir bloger kimi azad edilmiş ərazilərimizi, işğal dövründə vurulan ziyanı paylaşır, məlumatların daha geniş kütləyə çatdırılmasına çalışıram. Səfərlər zamanı "Qarabağı qoru" devizi altında Ağdamda və Şuşada keçirilən ağacəkmə aksiyalarında iştirak etdim. Sevinirəm ki, həmin rayonların ətraf mühitinin bərpasına az da olsa, töhfə vermiş oldum. İnanıram ki, görülən tədbirlər nəticəsində əzəli və əbədi torpaqlarımızın əvvəlki əzəməti geri qayıdacaq".

Layihənin digər iştirakçısı Pərvanə Babayeva işğaldan azad edilmiş ərazilərimizə yeddinci dəfə səfər etdiyini, hər dəfə müxtəlif rayonlarda olduğunu diqqətə çatdırıb: "Doğrudur, qarşılaşdığımız mənzərə, 30 il ərzində törədilən ekosid izləri bizi məyus etdi. Lakin torpaqlarımız düşmən tapdağından xilas edilib və növbə həmin ərazilərin bərpasındadır. Azad edilən ərazilərdə müxtəlif istiqamətlərdə quruculuq işləri aparılır. Ümid edirik ki, görülən işlər nəticəsində torpaqlarımız yenidən cənnətə çevriləcək. Biz gənclərə də həm dəymiş ziyanın qiymətləndirilməsində, həm də bərpa işlərində imkan yaradıldığı üçün təşkilatçılara minnətdarıq".

AZƏRTAC