Gənc güləşçinin növbəti qələbəsi
Region

Gənc güləşçinin növbəti qələbəsi

Ruzanna Məmmədova 2006-cı ildə Masallı rayonunun Mişkəmi kəndində anadan olub. Suraxanı rayonunun Hövsan qəsəbəsindəki 76 nömrəli tam orta məktəbdə təhsil alır. İdmanın güləş növünə böyük həvəs göstərir. Doqquz il əvvəl Bakı şəhərinin Hövsan Olimpiya İdman Kompleksində sərbəst güləş üzrə məşqlərə başlayıb. 2013-cü ildə ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş yeniyetmələr arasında keçirilən yarışlarda ilk qələbə qazanıb. O, 23 kiloqram çəki dərəcəsində birinci yerə layiq görülüb.

Ruzanna yeniyetmələr arasında keçirilən respublika yarışlarında 15 dəfə birinci, 3 dəfə ikinci, 2 dəfə üçüncü yerə sahib olub. Azərbaycan Güləş Federasiyasının qadınlardan ibarət olan milli yığma komandasının fəal üzvüdür. Komandanın tərkibində məşqlərini davam etdirir.

Ruzanna Məmmədova greppling idman növü üzrə keçirilən Dünya çempionatında 12-13 yaşlılar arasında ikinci yerə çıxıb. Azərbaycan çempionatında 43 kiloqram çəki dərəcəsində respublika çempionu adını qazanıb. 2020-ci ildə yeniyetmələr arasında keçirilən Avropa və Dünya çempionatlarında ölkəmizi ləyaqətlə təmsil edib.

Bu yaxınlarda Macarıstanın paytaxtı Budapeşt şəhərində keçirilən yeniyetmə güləşçilər arasında dünya çempionatında ölkəmizi 3 qız təmsil edib. Həmin yarışlarda Ruzanna Məmmədova təsnifat mərhələsində qazax güləşçisinə tam üstünlüklə (10:0) qalib gəlib. O, rumıniyalı rəqibindən də güclü olduğunu sübut edərək (4:0) yarımfinala yüksəlib. Türkiyə güləşçisini 2:0 hesabı ilə məğlub edən Ruzanna finala vəsiqə qazanıb. Həlledici mərhələdə hindistanlı rəqibi ilə qarşılaşmada 2:7 hesabı ilə fəxri kürsünün ikinci pilləsinə yüksəlib. Ruzanna Məmmədova 46 kiloqram çəki dərəcəsində dünya çempionatının gümüş medalına sahib olub.

Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov qazandığı yüksək qələbə münasibətilə güləşçini təbrik edib və qarşıdakı məsul yarışlarda ona yeni uğurlar arzulayıb.

Əlisəfa HƏSƏNOV,

“Respublika”.