Gənc hüquqşünaslar Baş Prokurorluqda olublar
Digər xəbərlər

Gənc hüquqşünaslar Baş Prokurorluqda olublar

Gənc hüquqşünasların hüquq-mühafizə, o cümlədən prokurorluq orqanlarının fəaliyyətinə olan marağını nəzərə alaraq Baş Prokurorluqda "Açıq qapı günü" keçirilib.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, mayın 20-də Baş Prokurorluğun paytaxtın Binəqədi rayonunun Dərnəgül yaşayış sahəsində yerləşən inzibati bina kompleksində keçirilmiş tədbirdə məqsəd prokurorluq əməkdaşları üçün yaradılmış iş şəraiti, istifadədə olan kriminalistik texnika, habelə prokurorluğun tarixi keçmişi ilə gənc hüquqşünasları tanış etmək olub.

Tədbirdə Bakı Dövlət və "ADA" universitetlərinin, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik, Milli Aviasiya, Dövlət Gömrük Komitəsi akademiyalarının Hüquq fakültələrində təhsil alan tələbələri iştirak ediblər.

Qonaqları salamlayan Baş Prokurorluğun Mətbuat xidmətinin böyük prokuroru Kənan Zeynalov əməkdaşların səmərəli fəaliyyəti üçün bütün imkanların yaradıldığı inzibati bina kompleksi ilə bağlı ətraflı məlumat verib.

Gənc hüquqşünaslar kitabxana, kriminalistika otaq və texnikaları ilə tanış olub, habelə onlara bina kompleksində yerləşən bir neçə struktur qurumunun təcrübəli əməkdaşları tərəfindən müvafiq idarələrin fəaliyyəti barədə ətraflı məlumat verilib.

Müasir dövrün tələblərinə cavab verən peşəkar dövlət təsisatı kimi yenidən formalaşdırılması məqsədilə prokurorluq orqanlarında həyata keçirilən əsaslı islahatlar barədə söz açan Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Günay Səlimzadə qurum tərəfindən beynəlxalq əlaqələrin qurulması məqsədilə həyata keçirilən tədbirlərdən danışıb.

Gənc hüquqşünaslarla fikir mübadiləsi aparılıb, prokurorluq orqanlarının fəaliyyəti ilə bağlı onları maraqlandıran suallar cavablandırılıb.

AZƏRTAC