Gəncə 1 saylı mediasiya təşkilatı Mediasiya Şurasının üzvlüyünə qəbul edilib
Region

Gəncə 1 saylı mediasiya təşkilatı Mediasiya Şurasının üzvlüyünə qəbul edilib

Gəncə 1 saylı mediasiya təşkilatı Mediasiya Şurasının üzvlüyünə qəbul edilib. Bu barədə AZƏRTAC-a Mediasiya Şurasının idarə heyətinin sədri Nadir Adilov məlumat verib.

Gəncə şəhəri üzrə dövlət qeydiyyatına alınmış Gəncə 1 saylı mediasiya təşkilatının "Mediasiya haqqında" qanunla müəyyən edilmiş tələblərə uyğunluğunun müəyyənləşdirilməsi ilə bağlı yaradılmış xüsusi komissiyanın apardığı monitorinqin nəticələri barədə rəy Mediasiya Şurasının idarə heyətinə təqdim olunub. Rəyə mediasiya təşkilatlarının "Mediasiya haqqında" qanunla müəyyən edilməsi ilə bağlı yaradılmış xüsusi komissiyanın sədri Bəylər Məmişovun iştirakı ilə idarə heyətinin iclasında baxılıb.

Komissiyanın sədri məruzə edərək bildirib ki, Gəncədə fəaliyyət göstərmək üçün Mediasiya Şurasına müraciət etmiş Gəncə 1 saylı mediasiya təşkilatının yerləşdiyi ofisdə mediasiya sessiyalarının keçirilməsi üçün yaradılmış şəraitin monitorinqi aparılıb və "Mediasiya haqqında" qanunla müəyyən edilmiş tələblərə uyğunluğu komissiya üzvləri tərəfindən məqsədəmüvafiq hesab olunub.

İdarə heyəti üzvlərinin fikirləri, xüsusi komissiyanın rəyi nəzərə alınıb və üzvlərin yekdil qərarı ilə Gəncə 1 saylı mediasiya təşkilatının Şuranın üzvlüyünə qəbul olunması və onun barəsində məlumatların mediasiya təşkilatlarının reyestrinə daxil edilməsi qərara alınıb.

Mediasiya Şurası Gəncə şəhərinin inzibati rayonlarının (Kəpəz və Nizami rayonları) və Goranboy, Gədəbəy, Göygöl, Naftalan, Şəmkir, Daşkəsən, Samux rayonları üzrə vətəndaşların nəzərinə çatdırır ki, yanvarın 15-dən həmin ərazilər üzrə müraciətlərin qəbulu Mediasiya Şurası tərəfindən aparılmayacaq. Həmin tarixdən etibarən müraciətlər yalnız Gəncə 1 saylı mediasiya təşkilatları tərəfindən aparılacaq.

Gəncə 1 saylı mediasiya təşkilatının əlaqə vasitələri: Ünvan: Gəncə şəhəri, Nizami rayonu, Hüseyn Cavid küçəsi 12. Telefonlar: +994 22 266-14-66, +994 50 634-16-67, +994 50 753-28-01 və +994 55 512-68-19.

AZƏRTAC