Gəncə: AQRAR SAHƏNİN İNKİŞAFINA YENİ BAXIŞLAR VƏ YANAŞMALAR
Region

Gəncə: AQRAR SAHƏNİN İNKİŞAFINA YENİ BAXIŞLAR VƏ YANAŞMALAR

Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan “Tətbiqi elmlər və aqrar sahənin inkişafına yeni baxışlar və yanaşmalar” mövzusunda respublika elmi-praktik konfransı keçirilib. Konfrans iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin ADAU-da yerləşən büstü önünə tər çiçəklər düzərək, böyük ehtiramla yad ediblər. Tədbir ulu öndər Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsinin yad olunması ilə başlayıb. Universitetin rektor vəzifəsini icra edən Zəfər Qurbanov ulu öndər Heydər Əliyevin xalqın  təkidli tələbi ilə 1993-cü ilin iyununda hakimiyyətə gəlişindən sonra bir çox sahələr kimi, kənd təsərrüfatında da 90-cı illərin əvvəllərindən özünü kəskin büruzə verən tənəzzül meyillərinin aradan qaldırıldığını,  səmərəli islahatların əsasının qoyulduğunu vurğulayıb. Bildirib ki, ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində bu gün ölkəmizdə  aqrar sahə  sürətlə inkişaf etməkdədir. 

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov 1969-1982-ci illərdə Heydər Əliyevin yüksək idarəçilik qabiliyyəti nəticəsində Azərbaycanda kənd təsərrüfatının bütün sahələrində əsaslı dönüş yarandığını qeyd edib. Sonra “Seleksiya-toxumçuluq işlərinə ənənəvi və müasir yanaşmalar”, “İnnovativ becərilmə texnologiyası, mühafizəsi və aqroekologiyası”, “Seleksiyası, fiziologiyası və toxumçuluğu” və “Bağçılıqda kadr hazırlığı” mövzularında çıxışları dinlənilib.

Konfrans işini panel müzakirələrlə davam etdirib.

Zabit XƏLİLOV,

“Respublika”.