GƏNCƏ: DAHİ ŞAİR NİZAMİ GƏNCƏVİNİN 880 İLLİYİNƏ HƏSR OLUNMUŞ ÜMUMŞƏHƏR TƏDBİRİ
Region

GƏNCƏ: DAHİ ŞAİR NİZAMİ GƏNCƏVİNİN 880 İLLİYİNƏ HƏSR OLUNMUŞ ÜMUMŞƏHƏR TƏDBİRİ

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 5 yanvar 2021-ci il tarixində imzaladığı sərəncama əsasən bu il ölkədə dahi şair, böyük mütəfəkkir Nizami Gəncəvinin 880 illiyi ilə əlaqədar olaraq “Nizami ili” elan olunub. Bu münasibətlə Gəncədə ümumşəhər tədbiri keçirildi. Şeyx Nizami yurdu olan ulu Gəncədə böyük izdiham, xüsusi bir əhvali-ruhiyyə yaşanırdı.

Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi və Gəncə Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Heydər Əliyev meydanında baş tutan tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki Baş Konsulu Zeki Öztürk, Gürcüstanın Gəncədəki Baş Konsulu Nikolos İaşvili, millət vəkilləri, müəssisə, təşkilat rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak edirdilər. İlk öncə, qonaqlar Nizami Gəncəvi yaradıcılığına həsr olunan sərgiyə baxış keçirdilər. Sərgidə Gəncə Dövlət Kukla Teatrının, Gəncə Şəhər Uşaq İncəsənət və Uşaq Rəssamlıq məktəblərinin, o cümlədən Gəncə Dövlət Rəsm Qalereyasının hazırladığı sənət əsərləri nümayiş etdirildi.

Rəsmi açılış hissəsində “Nizami ili” çərçivəsində baş tutan tədbirin torpaqları işğaldan azad olunmuş qalib ölkədə qeyd olunmasının ikiqat sevincə səbəb olduğu xüsusi vurğulandı. Vətən uğrunda canından keçən şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildi. Daha sonra Nizami Gəncəvinin zəngin yaradıcılığına nəzər salındı. Bildirildi ki, Nizami Gəncəvi ömrü boyu dövrün mühüm mədəniyyət mərkəzlərindən olan qədim Gəncədə yaşayıb-yaradıb. O, Yaxın və Orta Şərq fəlsəfi-ictimai, bədii-estetik düşüncə tarixini zənginləşdirən ecazkar söz sənəti incilərini məhz burada ərsəyə gətirmişdir. Dahi şairin geniş şöhrət tapmış “Xəmsə”si dünya poetik-fəlsəfi fikrinin zirvəsində dayanır. Mütəfəkkir şair çox sayda davamçılarından ibarət böyük bir ədəbi məktəbin bünövrəsini qoymuşdur. Nizaminin ən məşhur kitabxana və muzeyləri bəzəyən əsərləri Şərq miniatür sənətinin inkişafına da təkan vermişdir. Dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi bəşəriyyətin bədii fikir salnaməsində yeni səhifə açmış nadir şəxsiyyətlərdəndir. Böyük sənətkarın xalqımızın mənəviyyatının ayrılmaz hissəsinə çevrilmiş parlaq irsi əsrlərdən bəri Şərqin misilsiz mədəni sərvətlər xəzinəsində özünəməxsus layiqli yerini qoruyub saxlamaqdadır.

Nizami dühası hər zaman dünya şərqşünaslığının diqqət mərkəzində olmuşdur. Ölkəmizdə Nizami sənətinin öyrənilməsi və tanıdılması sahəsində xeyli iş görülmüş, əsərlərinin nizamişünaslıqda yüksək qiymətləndirilən elmi-tənqidi mətni hazırlanmış, kitabları nəfis tərtibatda və kütləvi tirajla nəşr edilmişdir. Nizaminin ədəbiyyatda və incəsənətdə yaddaqalan obrazı yaradılmışdır. Mütəfəkkir şairin doğma şəhəri Gəncədə məqbərəsi, Bakıda, Sankt-Peterburqda və Romada heykəlləri ucaldılmışdır. Azərbaycan Milli Elmlər Akademiyasının Ədəbiyyat İnstitutu və Milli Azərbaycan Ədəbiyyatı Muzeyi Nizami Gəncəvinin adını daşıyır. Böyük Britaniyanın Oksford Universitetinin Nizami Gəncəvi Mərkəzi bu gün də uğurla fəaliyyət göstərir. Nizami Gəncəvinin yubileyləri ölkəmizdə hər zaman təntənə ilə keçirilmişdir.

Azərbaycanın klassik ədəbi-mədəni irsinə həmişə milli təəssübkeşlik və vətənpərvərlik mövqeyindən yanaşan Türk dünyasının fenomeni, əbədiyaşar Heydər Əliyev Nizami irsinə xüsusi diqqət yetirmişdir. Məhz ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1979-cu ildə qəbul olunmuş “Azərbaycanın böyük şairi və mütəfəkkiri Nizami Gəncəvinin irsinin öyrənilməsini, nəşrini və təbliğini daha da yaxşılaşdırmaq tədbirləri haqqında” qərar Nizami yaradıcılığının tədqiqi və təbliği üçün yeni perspektivlər açmışdır. Ölməz sənətkarın 1981-ci ildə ulu öndərin bilavasitə təşəbbüsü və iştirakı ilə keçirilən 840 illik yubiley mərasimləri ölkənin mədəni həyatının əlamətdar hadisəsinə çevrilmişdir. 2011-ci ildə Nizami Gəncəvinin 870 illiyi dövlət səviyyəsində silsilə tədbirlərlə geniş qeyd edilmişdir. Rəsmi hissədən sonra Gəncə Dövlət Dram Teatrının təqdimatında “Xəmsə” ədəbi-bədii kompozisiyası nümayiş etdirilib. Sonra Gəncə Dövlət Filarmoniyasının xalq çalğı alətlərinin ifasında konsert proqramı təqdim olunub.

Nizami Gəncəvi irsi hər zaman olduğu kimi, bu gün də tədqiq olunmaqda davam edir. Gəncəmizdə baş tutan ümumşəhər tədbiri Nizami Gəncəvi irsinin öyrənilməsi və təbliği istiqamətində atılan növbəti uğurlu bir addımın davamı kimi dəyərləndirilməlidir. Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin təşəbbüsü və dəstəyi ilə “nizamiganjavi.az” saytının yaxın günlərdə istifadəyə veriləcəyi müjdəsi verilib. Saytda dahi şairin həyatı, yaradıcılığı, Nizami haqqında tədqiqatlar, maraqlı məlumatlar öz əksini tapacaq.

Zabit XƏLİLOV,

“Respublika”.