GƏNCƏ: MƏTBUAT İŞÇİLƏRİ TƏLTİF OLUNUBLAR
Region

GƏNCƏ: MƏTBUAT İŞÇİLƏRİ TƏLTİF OLUNUBLAR

Milli Mətbuatın 146-cı ildönümü münasibətilə Gəncədə bir qrup media nümayəndələri ilə görüş keçirilib. Görüşdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, dövlət rəsmiləri, şəhərdə fəaliyyət göstərən mətbuat nümayəndələri iştirak ediblər.

Mərasimdə Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçən oğul və qızlarımızın, həmçinin şəhid jurnalistlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Azərbaycan milli mətbuatının yaranmasından, şərəfli və zəngin tarixindən danışaraq, mətbuat işçilərinə gələcək fəaliyyətlərində uğurlar və peşələrində yüksəliş arzulayıb. 2020-ci ilin yaddaşlarda Zəfər ili olaraq qalacağını qeyd edən şəhər rəhbəri, bu qələbədə medianın xüsusi rolunun olduğunu vurğulayıb.

Mətbuat işçiləri çıxışlarında bildiriblər ki, mətbuatın inkişafına, KİV nümayəndələrinin sosial müdafiəsinin gücləndirilməsinə yönəlmiş siyasət bu gün ölkə Prezidenti İlham Əliyev tərəfindən ardıcıl surətdə və daha geniş miqyasda davam etdirilir.

Mətbuatımızın müstəqillik dövründə fəaliyyəti xüsusilə zəngindir və ölkəmizin ictimai-siyasi, mədəni həyatında, milli həmrəyliyin möhkəmləndirilməsində, mənəvi dəyərlərin qorunması və təbliğində kütləvi informasiya vasitələri mühüm rol oynayır. Sonda, bir qrup mətbuat işçisi Gəncə şəhərinin ictimai-siyasi həyatının, 44 günlük Vətən Müharibəsi dövründə Ermənistan silahlı qüvvələrinin Gəncə şəhərində törətdikləri terror hadisələrinin və COVİD-19 pandemiyasına qarşı maarifləndirmə tədbirlərinin geniş işıqlandırılmasında göstərdikləri səmərəli fəaliyyətə görə, Azərbaycan Milli Mətbuatının 146-cı ildönümü ilə əlaqədar şəhər icra hakimiyyəti tərəfindən təltif olunublar.

Zabit XƏLİLOV,

“Respublika”.