GƏNCƏ: QƏHRƏMAN ÖVLADLARI İLƏ BAYRAM TƏDBİRİ
Region

GƏNCƏ: QƏHRƏMAN ÖVLADLARI İLƏ BAYRAM TƏDBİRİ

Gəncə Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Gəncədə şəhid, qazi övladları, o cümlədən SOS Uşaq Kəndinin və Gəncə Uşaq Evinin kiçik sakinləri üçün 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə "Yeni ilə Qəhrəman övladları ilə" adlı şənlik təşkil olunub. Gəncə Dövlət Filarmoniyasında gerçəkləşən şənlikdə şəhər icra hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki Baş konsulu Zeki Öztürk, ictimaiyyət nümayəndələri, şəhid ailələri və qazilər iştirak ediblər. Azərbaycanın Dövlət Himni səsləndirilib. 44 günlük Vətən müharibəsi zamanı torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən şəhər rəhbəri Niyazi Bayramov körpə balaları 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edib. Niyazi Bayramov 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuzun əldə etdiyi Zəfərin xalqımıza yaşatdığı əvəzsiz sevinc və qürur hissindən, şəhidlərimizin və qazilərimizin qəhrəmanlıqlarından söz açıb, şəhid və qazi ailələrinin hər zaman diqqət mərkəzində saxlanıldığını, onların problemlərinin həlli istiqamətində mühüm addımlar atıldığını bildirib.

Gəncə Dövlət Filarmoniyasının səhnəsində istedadlı uşaqların ifasında "Vətəndən pay olmaz", "Toy olsun", "Gəl ey səhər" və digər maraqlı bəstəkar mahnıları səsləndirilib, "Xəmsə" Ritm Qrupunun çıxışı izlənilib, baletmeystr Sənan Cavadovun rəhbərliyi ilə bir-birindən maraqlı rəqslər nümayiş etdirilib.Tədbirin davamı olaraq Gəncə Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə şəhid və qazi övladları üçün ziyafət təşkil olunub. Ziyafətdə Türkiyənin Gəncədəki Baş konsulluğu tərəfindən uşaqlara üzərində Türkiyə və Azərbaycan bayraqları əks olunan köynəklər hədiyyə olunub. Bundan başqa, Yeni il bayramının ənənəvi personajları olan Şaxta baba və Qar qız şənliyə qatılaraq uşaqları təbrik edib, balacalara Gəncə Şəhər İcra Hakimiyyəti adından bayram hədiyyələri paylayıb və onlarla birgə rəqs edərək tədbirə əlavə rəng qatıb.

Günün ikinci yarısında Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Gəncə bölgəsinin təşkilatçılığı ilə Qərb bölgəsində yaşayan şəhid və qazi övladlarına da 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə hədiyyələr paylanılıb.

 

Zabit XƏLİLOV,

"Respublika".