Gəncədə bir qrup aztəminatlı ailələrin övladlarına dərs ləvazimatları hədiyyə edilib
Region

Gəncədə bir qrup aztəminatlı ailələrin övladlarına dərs ləvazimatları hədiyyə edilib

Gəncə Şəhər İcra Hakimiyyətinin, Gəncə Şəhər Təhsil İdarəsinin təşkilatçılığı  və Gəncə İş Adamları İctimai Birliyinin dəstəyi  ilə 15 sentyabr-Bilik Günü münasibətilə 18 nömrəli tam orta məktəbdə bir qrup aztəminatlı ailələrlə görüş keçirilib. Görüşdə Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Səməd Tomuyev, Gəncə İş Adamları İctimai Birliyinin sədri Zəfər Məmmədov, Gəncə Şəhər Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev, müəllimlər, şagirdlər və valideynlər iştirak ediblər. İcra başçısının müavini Səməd Tomuyev bildirib ki, ölkə Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təhsilə olan diqqət və qayğısı nəticəsində bu gün təhsilimiz keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyub və yüksək nəticələrin əldə olunması üçün şərait yaradılıb. O, yeni tədris ili münasibətilə tədbirdə iştirak edən müəllim və  şagird kollektivini  təbrik edərək onlara müvəffəqiyyətlər arzulayıb.     

Gəncə İş Adamları İctimai Birliyinin sədri Zəfər Məmmədov və Gəncə Şəhər Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev də çıxış edərək bu gün təhsilimizdə olan nailiyyətlərdən bəhs ediblər. Onlar şagirdlərə 15 sentyabr-Bilik Günü münasibətilə uğurlar diləyiblər.            

Görüşdə iştirak edən müəllim və valideynlər təhsilimizə göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident  Mehriban xanım Əliyevaya və şəhər rəhbərliyinə öz dərin təşəkkürlərini bildiriblər.

Sonda bir qrup aztəminatlı ailələrin məktəbli övladlarına dərs ləvazimatları hədiyyə olunub.

Zabit XƏLİLOV,

“Respublika”.